Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Penitensiar Xidmət: «Leyla Yunusun iddiaları əsassızdır»


Hüquq müdafiəçisi Leyla Yunus

Hüquq müdafiəçisi Leyla Yunus

Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraiti ilə bağlı yayılan məlumatları əsassız sayır.

Bu haqda AzadlıqRadiosuna xidmətin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov məlumat verib. Onun sözlərinə görə, həbs yerlərində saxlanan bütün şəxslər kimi Leyla Yunusun da hüquq və azadlıqları təmin olunub:

«Leyla Yunus bir müddət əvvəl də təcridxanada məişət şəraiti ilə bağlı çatışmazlıqlar barədə əsassız iddia irəli sürmüşdü. Guya ona qarşı təxribat hazırlanması barədə növbəti uydurma iddiası da yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür. Penitensiar Xidmət bir daha bəyan edir ki, müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi qanunvericiliklə qorunur. Təqsirləndirilən şəxslər və ya məhkumların digərlərinə qarşı qeyri-insani rəftarı yolverilməzdir. Penitensiar Xidmət buna tam təminat verir».

Yaşar İsakov Leyla Yunusun səhhəti ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

«Leyla Yunusun səhhəti ilə bağlı iddialarına gəlincə, bildiririk ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri onun tibbi müayinədən keçirilməsi və zəruri müalicəsini təmin edib».

Sentyabrın 4-də Leyla Yunusla görüşən vəkil Əlayıf Həsənov təcridxanada ona qarşı təxribat hazırlandığı haqda məlumat yaymışdı. Həmin məlumatda hüquq müdafiəçisinin səhhətində də problemlər olduğu bildirilirdi.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. Leyla Yunus Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 6 maddəsi ilə olunur. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbsini fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG