Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

«Hər yerindən duran müəllim bir dərslik yazır» - Müzakirə


soldan sağa: Rəşad Müseyibzadə və Əfran Əsgəroğlu

soldan sağa: Rəşad Müseyibzadə və Əfran Əsgəroğlu

-

"Bu günədək, ən azı əlli kitabı belə üzünü çıxararaq oxumuşam. Məlum məsələdir ki, kitab orijinal olmadığı üçün gözlərimizə zərər vurur".

"“Xarici ölkələrin jurnalistika tarixi” kitabı 27-30 manatadır ki, bu da tələbələr üçün böyük rəqəmdir".

Tələbələr onlara lazım olan kitabları tapa bilirlərmi?

Bu və digər suallara «Pen Klub»da Tibb Universitetinin tələbəsi Rəşad Müseyibzadə, Xarici Dillər Universitetinin tələbəsi Əfran Əsgəroğlu, kitab satıcısı Xan Rəsuloğlu və dərsliklər üzrə ekspert Nadir İsrafilov cavab arayırlar.

Səadət Akifqızı

- Rəşad bəy, tibb sahəsində təhsil alırsınız. Sovet dönəmində bu sahənin dərslikləri daha çox rusca olub, bəs indi necədir?

Rəşad Müseyibzadə

- Əvvəllər dərsliklərimiz rusca idi, zamanla yeni dərsliklərə keçdik. Son illərdə hər kafedra özünə uyğun kitab dərc etməyə başladı. Tibdə təkcə öz ədəbiyyatından istifadə etmək bəs etmir, məcbursan türkcəyə tərcümə edilmiş xarici dərslikləri də oxuyasan. Hələlik azərbaycanca yeni tibb dərslikləri yazılmır. Tibb sahəsində əlavə dərsliklər tapmaq üçün mütləq gərək İnternet portallarına girəsən, kitabxanaya gedəsən. Tibb ədəbiyyatı adətən baha olur, pulu olanlar kitabı alır, olmayanlar isə kimdənsə götürüb surətini çıxarır. Təxminən min beş yüz səhifəlik tibbi kitablar 40 manat olur. Xarici ədəbiyyat isə Azərbaycana daha baha qiymətə gəlib çıxır. Tibb sahəsində adətən türkcə və ingiliscə dərsliklər daha çox oxunur. Türkcə dərsliklərin qiyməti 60-70 manat olur.

Səadət A.

- Əfran bəy, bildiyim qədəriylə Xarici Dillər Universitetində təhsil alırsınız. Sizdə vəziyyət necədir?

Əfran Əsgəroğlu

- Mənim ixtisasım jurnalistikadır. Demək olar ki, birinci kursda bütün dərsliklərin surətini çıxararaq oxudum. Bizim ixtisasımızla bağlı ktiabxanamızda demək olar ki, heç bir kitab yoxdur. Bizim kitablarımız Slavyan Universitetinin, BDU-nin tələbələrinin kitablarıdır.

Səadət A.

- Mağazalarda necə, istədiyiniz dərslikləri tapa bilirsinizmi?

Əfran Ə.

- Var, amma mağazalarda “Xarici ölkələrin jurnalistika tarixi” kitabı 27-30 manatadır ki, bu da tələbələr üçün böyük rəqəmdir.

Səadət A.

- Bəs bədii kitabla bağlı vəziyyət necədir? Bədii kitab əlçatandırmı?

Əfran Ə.

- Bədii kitab tapmaq olur, amma ümumilikdə gənclərin və yaşlıların bədii kitaba marağı azdır. Mən özüm bədii ədəbiyyatla çox maraqlanıram, daim metroda gedəndə kitab oxumağı sevirəm. Amma kitablar çox bahalı və keyfiyyətsizdir. Tələbə cibinə uyğun deyil. Məsəlçün Viktor Hüqonun “Səfillər” kitabını almaq istərdim, kitabın qiyməti 14 manat idi və mənim heç imkanım çatmır ki, onu alım.

Rəşad M.

- Mənim oxuduğum qrupda 10 nəfərdən 4-5 nəfəri bədii ədəbiyyata maraq göstərir. Hərəmiz bir kitab alıb, oxuyandan sonra sistemli şəkildə öz aramızda dəyişdiririk. Əlbəttə, bu yüksək göstərici deyil.

Əfran bəyin dediyi “Səfillər” kitabını azərbaycanca çap ediblər, çox qalın olduğu və nazik üz qabığında çap edildiyi üçün keyfiyyətsiz alınıb. Ondansa həmin kitabı iki cilddə çap etmək olardı. Məncə, kitab evin bir küncündə qalmamalı, paylaşılmalıdır. Tələbələr arasında, kimin kiminlə tanışlığı varsa öz oxuduğu kitabı ona verir. Doğrudur, ölkədə bədii ədəbiyyat artıb, amma bizim buna imkanımız çatırmı? Düşünürəm ki, kitab bizim üçün çox bahadır.

Səadət A.

- İndi telefon xəttimizdə dərslik üzrə ekspert Nadir İsrafilovdur. Nadir bəy, müşahidələriniz nə deyir, müxtəlif elm sahələrində yetərincə dərslik varmı Azərbaycanda?

Nadir İsrafilov

- Dərsliklərlə bağlı Azərbaycanda xeyli fikirlər səsləndirilir, istəsək də, istəməsək də dərsliklərə əvvəlki maraq qalmayıb. Belə hesab edirlər ki, elektron vəsaitlər, internet kitaba olan marağı azaldıb. Halbuki kitabın yerini heç bir informasiya vasitəsi verə bilməz. Sovet dönəmində Moskvada dərslik yazan institutlar vardı, indi bizim dərslik yazmaq təcrübəmiz yoxdur. O təcrübə olmadığından dərsliklərin yazılmasında müəyyən problemlər yaranıb. Ali məktəb dərsliklərinə gələrkən, orda yerindən duran müəllim bir dərslik yazır, eyni dərsliyi həm bakalavrda, həm magistraturada istifadə edirlər, həmçinin başqa dillərdən tərcümə olunan dərsliklərdə ciddi tərcümə xətalarına rast gəlinir.

Səadət A.

- İndi telefon xəttində başqa bir tələbə Rəhman Məmmədlidir. Rəhman bəy, hansı universitetdə oxuyursunuz, dərsliklərlə bağlı problemləriniz varmı?

Rəhman Məmmədli

- Mən İqtisad Universitetində Türk Dünyası İşlətmə fakültəsində oxuyuram, dərsliklərimiz əsasən türkcədir. Hər il bizə keçdiyimiz fənn üzrə Türkiyədən bir kitab gətirilir, biz onun surətini çoxaldıb istifadə edirik, indi dördüncü kursda oxuyuram. Bu günədək, ən azı əlli kitabı belə üzünü çıxararaq oxumuşam. Məlum məsələdir ki, kitab orijinal olmadığı üçün gözlərimizə zərər vurur, imkanı olan tələbələr kitabın orijinalını alıb oxuyur, bizsə ancaq sürətini çıxararaq oxuya bilirik. Bildiyim qədəriylə universitet rəhbərliyi bu hala çox da diqqət ayırmır. Bəzən olub ki, kitabxanada tapa bildiyimiz bir nüsxə kitabı 10-15 adam birdən oxumuşuq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG