Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:29

Mirzəməmməddə suyun qarşısını kəsən «əjdahalar»...


Azerbaijan -- Guba, aridity, 4 September 2014.
Azerbaijan -- Guba, aridity, 4 September 2014.

-

Qubann mərkəzindən vur-tut 5-cə kilometr aralıda yerləşən Mirzəməmməd kəndinin sakinlərinin danışdıqları zülm susuzluqdur. «Kənddə problem xirtdəkdən yuxarıdır. Ancaq ən vacibi susuzluqdur», - deyirlər.

Vaxtilə bu kəndə, eləcə də qonşuluqdakı daha altı kəndə içməli su Qubanın Qəçrəş meşələrinin yaxınlığındakı təbii «Qızbənövşə» bulağından gəlirdi. Ərazilər satılıb və kənardan gələnlər burada villalar tikiblər. Villaların «hegemonluğ»u nəticəsində ətraf kəndlər neçə ildir ki, susuz qalıb.

SUSUZ SAKİNLƏRƏ ATLAR YARDIMÇI OLUR

Təzəxanım Babaxanova
Təzəxanım Babaxanova

Sakinlər:

- Arx suyumuz yoxdur, sahələr yanır, zülm çəkirik...

- Suçuya nə vaxt zəng vururam deyir qoşuram suyu. Ancaq qoşmur...

- 10 manat veririk, gətirib çənimizə su tökürlər. Kəndli üçün 10 manat böyük puldur...

- Suyu başqa kəndlərdən atla gətiririk...

Sakinlər iddia edirlər ki, kənardan gələnlər kəndin yuxarı tərəflərində villalar tikir, hektarlarla sahələr alır, içməli və arx suları nasoslarla sovurub özləri üçün istifadə edirlər. Kəndin aşağısındakı yerlilər isə bir ovuc suya həsrətdir:

«Elə bil xüsusiləşdiriblər, özlərinindir, kefləri nə istəyir onu da edirlər. İki dəfə məktub yazmışıq, kənd camaatına qol çəkdirmişik. Gəliblər, yoxlayıblar, camaatı yığıb söz veriblər ki, düzələcək, yaxşı olacaq. Hələ də düzələn bir iş yoxdur. Sahələr yanır, ağaclar quruyur, əkdiyimiz tərəvəzlər də məhv oldu».

«QUYU QAZDILAR, O DA YARIMÇIQ...»

Mail Hüseynov
Mail Hüseynov

Sakinlərin deməsinə görə, villa sahibləri su pulu da vermirlər. Onlar fərqli münasibətdən narazıdılar:

«Su pulu da vermirlər, ancaq kasıb verməyəndə dərisini boğazından çıxarırlar».

Bir neçə il əvvəl kəndin bir tərəfində quyu qazılıb ki, sakinlərin içməli su problemi həll olunsun. O da yarımçıq:

«Kəndin başında bir quyu qazdılar. Onu da yarımçıq qoydular, baxımsız qaldı, zir-zibillə doldu.

Müstəqil olandan sonra əlimizi yumağa kanal tapmırıq, qabımız-qacağımız, pal-paltarımız, xalça palazımız... Biz də şərait istəyirik».

GÜNAHKAR TƏBİƏT İMİŞ?

Quba Su-Kanal İdarəsindən bildiriblər ki, kənddə su quyusu var. Bir müddət əvvəl mühərriki sıradan çıxıbmış, idarənin vəsaiti olmadığına görə təmir edə bilməyib.

Kənd bələdiyyəsindən isə bildiriblər ki, başıbəlalı mühərrik tez-tez sıradan çıxır və hər dəfə də bələdiyyənin hesabına təmir edilir. Bu yaxınlarda mühərrik yenə düzəldilərək işlək vəziyyətə gətirilib. Ancaq bələdiyyənin hər dəfə bu məsələyə vəsait ayırmaq imkanı yoxdur.

Sakinlərin iddialarına gəlincə, bələdiyyədən bildiriblər ki, hər il yay fəsli özü ilə kəndə susuzluq gətirir. Bunun səbəbi villalarda yox, təbiətdədir. Quraqlıq üzündən arxlar quruyanda susuzluğdan narazılıqlar da başlayır.

XS
SM
MD
LG