Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

Səid Nuri Azərbaycandan çıxarılıb


Səid Nuri
Səid Nuri

-

Azərbaycanlı mühacir, Amerika vətəndaşlığını qəbul etmiş Səid Nuri Azərbaycanda səfərdə idi. Onun ölkədən çıxmağına qadağa qoyulub. Səid Nuri bildirir ki, MTN və prokurorluğun göstərişi ilə onu təyyarəyə buraxmayıblar. AzadlıqRadiosu hadisəni yaxından izləyir. Xəbərlər daim yeniləndiyindən ən son məlumatlar yazının əvvəlindədir.

«BİR DƏ GƏLMƏMƏK ŞƏRTİLƏ ÖLKƏDƏN ÇIXMALISAN»

Azərbaycandan deportasiya edilən Səid Nuri Facebook səhifəsində yazıb ki, sentyabrın 11-i saat 5-də ona zəng edilib «bir də buralara gəlməmək şərtilə ölkədən çıxmalısan» deyilib.

Səid Nuri təyyarə salonuna qədər müşayiət edildiyini yazıb. Bildirib ki, hazırda Tbilisidədir.

Azərbaycanlı mühacir yazıb ki, onu «miqyası çox böyük olan bir qurama cinayət işində aparıcı fiqur kimi dindiriblər» və bundan sonra vəkilləri ona böyük ehtimalla həbs ediləcəyini deyib.

Səid Nuri yazır ki, bütün bunlara baxmayaraq, azadlıqda olmasının əsas səbəbi ABŞ dövləti və «sona qədər onu müdafiə» etməsidir.

«Twitter»də sonuncu statusunda Səid Nuri ingilis dilində yazıb ki, aldığı anonim elektron məktubda ona ailəsinin burda (Bakıda-red.) qaldığını unutmaması xəbərdarlığı edilib.

Azərbaycan hakimiyyəti hələ ki, Səid Nurinin qəfil deportasiya səbəblərinə aydınlıq gətirməyib.

GECƏYARISINA QƏDƏR VAXT QOYULUB

Azərbaycanlı mühacir, ABŞ vətəndaşı Səid Nuri Azərbaycandan çıxarıldığını bildirir.

Bu haqda o, özünün «facebook» səhifəsində yazıb.

Səid Nuri növbəti statusunda yazır ki, artıq o, hava limanındadır və 7 nəfər onu müşayiət edir. Onun ölkədən çıxması üçün gecəyarısına kimi vaxt qoyulub.

Səid Nurinin telefonlarına zəng çatmadığından əlavə məlumat almaq mümkün olmayıb. Onun vəkili Yalçın İmanov da məsələdən xəbərsiz olduğunu bildirib.

SƏİD NURİ PROKURORLUQDA DİNDİRİLİB

Azərbaycanlı mühacir, ABŞ vətəndaşlığını qəbul etmiş Səid Nuri Baş Prokurorluqda ifadə verib.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Onun dediyinə görə, Səid Nuri şahid qismində dindirilib:

«QHT-lərə açılan cinayət işi ilə bağlı şahid kimi dindirildi. İltizam alındığından dindirilmə ilə bağlı geniş məlumat verə bilməyəcəyik. Cinayət işində adı şahid kimi keçən şəxsin ölkədən çıxışına qadağa qoyulması qanunaziddir. Biz bu məsələyə aydınlıq gətirilməsi üçün Baş Prokurorluğa rəsmi müraciət etmişik».

DÖVLƏT DEPARTAMENTİNDƏN SƏİD NURİ AÇIQLAMASI

ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən vəziyyəti Turan-a şərh edərkən bunları bildiriblər:

«Bizdə məlumat var ki, ABŞ vətəndaşının Azərbaycandan çıxmasına qadağa qoyulub. Biz xaricdəki ABŞ vətəndaşlarının hüquqlarını təmin etmək üçün mümkün konsul tədbirlərini həyata keçiririk. Keçirilən tədbirlərin detalları açıqlana bilməz».

SƏİD NURİ ŞAHİD KİMİ DİNDİRİLƏCƏK

Gənc fəal Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır.

Baş Prokurorluğun sentyabrın 5-də yaydığı açıqlamada belə deyilir.

Məlumatda hansı istintaq işindən söhbət getdiyi bildirilmir. Sadəcə deyilir:

«Səid Nurinin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranmışdır».

Məlumatda həmçinin onun Azərbaycan vətəndaşı olduğu, hələ də Bakı şəhərində qeydiyyatda olduğu, vətəndaşlıqdan çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etmədiyi də vurğulanır:

«Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır».

«YƏQİN Kİ, YUXARIDAN SİYASİ QƏRAR VAR»

AzadlıqRadiosuna ABŞ vətəndaşlığını qəbul etdiyini, Azərbaycana valideynlərini görmək üçün gəldiyini söyləyən Səid Nuri saxlanılmasını siyasi baxışları ilə bağlayıb:

«Mən Azərbaycana 4-cü dəfə idi gəlirdim. Hər dəfə də məndən viza tələb olunub. Mən Azərbaycan vətəndaşıyamsa, necə olur ölkəyə viza ilə buraxılıram? Qəfildən indi çıxıb deyirlər ki, Azərbaycan vətəndaşıyam. Yəqin ki, yuxarıdan siyasi qərar var».

Sentyabrın 4-də Heydər Əliyev Hava Limanından Ukraynaya getmək istəyən Səid Nurini təyyarəyə buraxılmayıb.

O, «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb..

ABŞ VƏTƏNDAŞININ AZƏRBAYCANDAN ÇIXIŞINA QADAĞA QOYULUB

ABŞ vətəndaşı Səid Nurinin Azərbaycandan çıxışına qadağa qoyulub. O, özü bu barədə «facebook» səhifəsində yazıb:

«Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Respublika Prokurorluğunun istintaq idarəsi ölkədən çıxışıma qadağa qoyub. Cinayət işi açılıb və qadağa həmin işlə bağlıdır», - Nuri yazıb və bunun bu yaxınlarda «facebook» səhifəsinə hücumla bağlılığını istisna etməyib.

Səid Nuri 2012-ci ildən ABŞ vətəndaşıdır, ABŞ ordusunda çalışır.

Bir neçə gün əvvəl Səid Nuri «Azadlıq» qəzetinə bildirib ki, Azərbaycana gələ bilmir. Onun dediyinə görə, Azərbaycana gəlmək istəsə də, ABŞ-dakı konsul viza vermirdi. Nəhayət, Azərbaycana gəlməyə nail olan Səid Nuriyə indi geri qayıtmağa icazə verilmir.

Səid Nuri vaxtilə «Yeni Fikir» gənclər təşkilatının sədr müavini olub. 2005-ci ildə ölkəni tərk edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG