Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

-

Sentyabrın 4-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

10-A YAXIN BANKIN CƏMİ 4 AY VAXTI QALIR

«Bizim Yol»: «Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətə az vaxt qalıb. AMB-nin qərarına əsasən, 2015-ci ilin yanvarın 1-dən etibarən bankların nizamnamə və məcmu kapitalı 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmalıdır… Çox güman ki, 43 bankın hamısı 2015-ci il yanvar ayının 1-nə nizamnamə kapitalını artıra bilməyəcək. Belə bankların sayı, təqribən nə qədər ola bilər? Onları hansı aqibət gözləyir?... Verilən müddətə hələ yarım il qaldığından adıçəkilən banklar kapitallaşmanı bir qədər də artıra biləcəklər. Ekspertlərin proqnozuna görə, sözügedən bankların 7-8-i bazarı tərk etməli olacaq. Amma siyahını təhlil etdikdə, bunların sayı 10-a da çata bilər».

NAŞILIQ, QEYRİ-PEŞƏKARLIQ, YOXSA DÜŞMƏNƏ XİDMƏT

«Azərbaycan» qəzetində baş redaktor Bəxtiyar Sadıqovun məqaləsi dərc olunub. Müəllif avqustun 29-da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media kapitanları ilə keçirdiyi görüşdən bəhs olunur. Müəllif avqustun əvvəllərində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən gərginliyə toxunur:

«İnternet media resurslarında «daha tez» «sensasiyalı», «böyük ajiotaj doğuracaq» informasiya vermək uğrunda «yarış-rəqabət» gedirdi. Hərə cəbhəyə «öz müxbiri»ni göndərərək «şahid jurnalist»in dediklərini birbaşa oxucuya çatdırmağa tələsirdi. Mənbəyi bəlli olmayan informasiyalar ağına-bozuna baxmadan saytlara qoyulurdu. Nə dövlətin maraqlarının qorunmasına, nə hərbi sirrin gizli saxlanılmasına, nə də cəbhə bölgəsindəki kəndlərdə yaşayan əhalinin psixoloji gərginliyinə mənfi təsir göstərəcək məqamların ictimailəşdirilməsinə heç bir əhəmiyyət verilmirdi! İnanmaq olmurdu ki, müharibə gedən dövlətin mediası bu qədər məsuliyyətsizlik və milli maraqlara laqeydlik göstərsin! Amma fakt faktlığında qalır.

Burada hərə öz müxbiri (yaxud yerlərdəki informatorları) şəxsində «informasiya mənbəyi» yaradaraq görüb-eşitdiyini dərhal cəmiyyətə çatdırmalı deyil!

İQTİDAR AZƏRBAYCANI YENİ MƏRHƏLƏYƏ DAŞIYIR...

Mehman Əliyev

Mehman Əliyev

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Yeni Müsavat» qəzetinə deyir ki, hakimiyyət təmsilçilərinin son mesajları ilə onlardan gözlənilən demokratik açılım sürəci arasındakı ziddiyyətlərin əsas səbəbi Azərbaycanın beynəlxalq öhdəlikləri ilə bağlıdır: «Söhbət Avropa Birliyi ilə strateji modernləşmə sazişindən gedir. Avropa Birliyinin prezidenti Barrozo Bakıda olanda bildirmişdi ki, saziş artıq hazırdır və yaxın zamanlarda imzalanacaq. Məncə, Azərbaycan hakimiyyəti demokratik açılımla bağlı sazişi imzalamaq ərəfəsində özünə mane olan və ola biləcək bütün qurumları və şəxsləri təsirsiz hala gətirmək, sıradan çıxarmaq istəyir. Çünki zaman azdır. Avropa Birliyi ilə həmin saziş imzalanandan sonra analoji addımların atılması hakimiyyət üçün ciddi problemə, böyük başağrısına çevrilə bilər. İlham Əliyev basqı ilə hansısa addımlar atmaq istəmir. Prezident hesab edir ki, ona heç kəs basqı göstərməməlidir. O, nümayiş etdirir ki, Avropa Birliyi ilə bağlanacaq saziş üzrə öhdəliklər iqtidarın öz təşəbbüsüdür». Mehman Əliyev deyir ki, Avropa Birliyi iqtidarın əksər şərtlərini qəbul edib və bu saziş olacaq.

İQTİDARDA «NURÇU SAVAŞI» YENİDƏN ŞİDDƏTLƏNİB

«Azadlıq» qəzetinin yazdığına görə, hakimiyyət daxilində «nurçu savaşı» səngiməyib, əksinə daha da şiddətlənib. «Bu barədə redaksiyamıza məlumatı iqtidardakı mənbə verib. Mənbə bildirib ki, nurçu şəbəkəyə bağlı olduğu bildirilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov və komandası zərərsizləşdirilsə də, bu savaşın bitməsi üçün kifayət etməyib. İqtidardaxili qruplaşmalar bu kartdan bir-birinə qarşı istifadə etməyi daha məqsədəuyğun sayırlar. Digər tərəfdən Elnur Aslanov və ətrafı, onların təmsil olunduğu qruplaşmanı tamamilə sıradan çıxarmaq üçün rəqiblərin əlinə yaxşı fürsət verib. Beləliklə, hakimiyyət daxilində demək olar ki, hər kəs nurçu ittihamı ilə üz-üzədir», - deyə mənbə bildirib.

MƏKTƏBİ TƏMİR EDİB, SÖKDÜLƏR

Bakıda 20 saylı məktəb

Bakıda 20 saylı məktəb

«Meydan» TV: Paytaxtın mərkəzində yerləşən 20 nömrəli məktəb sökülür. 6 il öncə məktəbin əsaslı təmiri üçün 1 milyon 600 min manat xərclənib. Bu qədər vəsait xərclənəndən sonra 3 min şagirdlik məktəb sökülür. Özü də çox maraqlı bir səbəb gətirilərək. Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov deyir ki, məktəb oradakı şagird sayının artması səbəbindən sökülür. Hüseyn Əsgərovun sözlərinə görə, məktəbdə cəmi 100 sinif otağı olub. Təhsil alan şagirdlərin sayı isə 3 mindən yuxarıdı. Yəni hər sinfə ortalama 30-32 şagird düşür. Halbuki təlimatda 20 şagirdin olması nəzərdə tutulub. Deməli, hər sinifdə 12 şagird artıqdır. Həmçinin məktəbdə 300-ə yaxın müəllim var və onlar üçün cəmi 2 otaq ayrılıb.

«AYRI-AYRI ADAMLAR QUDURĞANLIĞINI, HARINLIĞINI GÖSTƏRMƏMƏLİDİR»

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran «Media forum» saytına açıqlamasında təmtəraqlı yas mərasimlərini sərt tənqid edib.

Səyyad Aran deyib ki, yas məclislərində israfçılığın qarşısının alınması ilə bağlı «yuxarılar»dan heç bir göstəriş yoxdur: «Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq biz özümüz bu barədə təşəbbüs irəli sürmüşük. Mübariz Qurbanlı komitənin sədri kimi xalqın israfçılığa etirazlarını əsas götürərək bu yaxınlarda vəfat etmiş qardaşının hüzründə sadə ehsan süfrəsi verməklə nümunə göstərdi. Bu addım çox böyük reaksiya doğurdu, hamı Mübariz Qurbanlının təşəbbüsünü müsbət qarşıladı, ölənlərinə rəhmət oxudu və hamı dedi ki, xahiş edirik yas mərasimlərini sadələşdirin, bizi borca düşməkdən xilas edin».

Günün bütün mövzuları

XS
SM
MD
LG