Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

NATO-nun Uels sammiti: Nə gözləməliyik?


NATO sammitinin keçiriləcəyi otelin qarşısını Typhoon qırıcısı bəzəyir.

NATO sammitinin keçiriləcəyi otelin qarşısını Typhoon qırıcısı bəzəyir.

Dünya təhlilçiləri alyansın bu sammitini Soyuq Müharibənin sonundan bəri onun ən mühüm forumu adlandırıblar.

-

Bu gün az sonra NATO-nun Britaniyanın Uels əyalətində açılan sammitini dünya təhlilçiləri alyansın Soyuq Müharibənin sonundan bəri ən mühüm forumu adlandırıblar.

NATO Ukraynadan tutmuş Əfqanıstanadək böyük bir ərazidə baş verən böhran şəraitində fəaliyyət göstərməyə məcbur olduğu bir vaxtda, bu yandan da Yaxın Şərqdə çox ciddi İslam Dövləti təhlükəsi baş qaldırıb.

Təhlükə Şərqdən gəlir

Təhlilçilərin qənaətinə görə, Kardif sammitində NATO özünün əzəli funksiyasına qayıtmalı olduğunu etiraf edəcək. Bu isə ənənəvi Şərqdən təhlükədir.

Üstəlik Şərqdən təhlükə heç vaxt bu qədər aşkar şəkildə zühur etməyib. Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi NATO-nun şərq cinahındakı yeni üzvləri – Estoniya, Latviya, Litva və Polşanı ikiqat təşvişə salıb.

Lakin 65 yaşlı alyansın başağrısı təkcə bu deyil. İraq və Suriyadakı ifrat cihadçıların hazırda nəzarət etdiyi ərazi Britaniya boydadır və zorakılıq Qərb şəhərlərinin küçələrinə yayıla bilər.

Ekspertlər bildirirlər ki, NATO bu sammitdə ötən illərdə buraxılmış səhvlərdən dərs almaqla qlobal təhlükəsizlik qovşağı kimi funksiyasını tam mənada bərpa etməli olacaq.

NATO artıq bir neçə planlarını açıqlayıb. Bunlardan ən mühümü çevik hərəkət qüvvələrinin əsasında “avanqard” birləşmələrin yaradılmasıdır.

NATO rəhbərləri ən müxtəlif yumşaldıcı terminlərdən istifadə etsələr də, analitiklər bu birləşmənin Şərqi Avropada yeni daimi bazalar olacağına inanırlar.

Planlara əsasən, NATO Şərqi Avropa ölkələrində, əsas etibarilə Polşada rotasiya olunan əsgəri qüvvə saxlayacaq, Baltikyanı ölkələrdə mənzillənmiş qoşunların və hərbi texnikanın sayı dramatik şəkildə artırılacaq və NATO üzv ölkələrin hava məkanında və sularında mövcudiyyətini intensivləşdirəcək.

Rusiya təhlükəsinə qarşı

Bu sammitdə NATO Rusiyanın yeni, ekspertlər tərəfindən “hibrid” (çarpaz) müharibə metodlarına qarşı önləmə yollarını araşdıracaq. Rusiyanın yeni müharibə taktikası separatçılardan istifadə etməklə, sonradan məxfi şəkildə müxtəlif adlarla öz qoşunlarını göndərmək şəklində artıq Ukraynada sınaqdan çıxarılıb.

Analitiklər bildirirlər kİ, belə bir taktikaya qarşı xüsusi qüvvələr, kibermüharibə, əks-müdaxilə, daha geniş kəşfiyyat və daha möhkəm sərhəd mühafizəsi kimi vasitələr müzakirə edilə bilər.

Təhlilçilərin gözlədiyinə görə, bu sammitdə Ukrayna prezidenti Petro Poroshenko-nun iştirakına baxmayaraq, Ukrayna qeyri-NATO ölkəsi kimi çətin, bu tədbirlərdən indilik faydalana bilsin.

İndilik NATO liderləri Ukraynada demokratiyanın gücləndirilməsi və müdafiə sisteminin qüdrətinin artırılması kimi yollara baxırlar.

NATO-nun bütün müzakirə edəcəyi və qərar çıxaracağı vəzifələr külli miqdarda maliyyə tələb edir. Odur ki, NATO ölkələri öz ÜDM-lərinin ən azı 2 faizini müdafiə sahəsinə xərcləməli olacaqlar.

Rusiya Avropa balansını pozur

BBC-nin diplomatik təhlilçisi Jonathan Marcus yazır ki, Rusiya ilk növbədə Avropada post-Soyuq müharibə balansını alt-üst etməkdədir.

NATO və Rusiya arasınsda münasibətlər barədə razılaşma 1997-ci il Təməl Aktı adlı sənədlə təsbit olunub.

O vaxtkı prezident Boris Yeltsin tərəfindən imzalanmış sənəddə Avro-Atlantika məkanında davamlı sülh və stabillik müddəaları yer alıb.

Moskva: Balansı NATO pozub

Moskva hesab edir ki, Baltikyanı ölkələrin alyansa üzv qəbul edildiyi vaxtdan, yəni 2004-cü ildən bəri Qərb sözü gedən razılaşmanı birtərəfli qaydada pozub.

NATO isə israr edir ki, onun yaratmağa hazırlaşdığı “avanqard” qüvvə Rusiya sərhədləri boyunca hərbi bazaların yaradılması kimi başa düşülməməlidir.

Lakin Moskva bunu məhz belə başa düşür və buna görə də cavab olaraq özünün yeni hərbi doktrinasını yaratdığını elan edib.

NATO-nun baş katibi Rasmussenin son bəyanatlarında Rusiyanı düşmən qüvvə adlandırmasına cavab olaraq Moskvanın yeni doktrinasında da NATO-nun düşmən elan ediləcəyi gözlənilir.

NATO-nun dilemması

Nüfuzlu “Time” məcmuəsi yazır ki, NATO liderləri dilemma qarşısında qalıblar. Onlar belə bir konkret suala cavab verməli olacaqlar: Rusiya ilə post-Soyuq müharibə razılaşmalarına hələ də hörmət edirlərmi?

Məcmuə yazır ki, NATO-nun bu sammitində əsas vəzifələrdən biri Baltikyanı ölkələrin və Polşanın Rusiya təcavüzündən narahatlığına cavab vermək olacaq.

Məhz buna görə də sammitdə üzv ölkələrin hərbi qüdrətinin və bu ölkələrdə NATO qüvvələrinin mövcudiyyətinin gücləndirilməsi barədə qərar gözləniləndir.

Yeni üzvlər qəbul ediləcəkmi?

Lakin NATO özünün mövcud sərhədlərini aşmağa cəsarət edəcəkmi? Burada söhbət alyansa yeni üzvlərin – Ukrayna və Gürcüstanın qəbul edilməsi mümkünlüyündən gedir.

NATO-nun 2008-ci ildə Gürcüstana yaşıl işıq yandırmasından ikicə ay sonra Rusiya tanklarının bu ölkəyə daxil olması hələ yaddan çıxmayıb.

Buna baxmayaraq NATO üzv olmaq istəyənlərə konkret cavab verməli olacaq. Bu günlərdə Ukraynanın baş naziri öz ölkəsinin NATO üzvlüyü üçün yenidən müraciət edəcəyini bildirib.

Təhlilçilər yazırlar ki, NATO bu narahat suallardan yayınmaq üçün Ukraynanın ən müasir silahlarla silahlandırılması barədə qərar qəbul edə bilərdi, lakin heç bu addım da alyansın bütün üzvləri tərəfindən dəstəklənməyə bilər. Hərçənd prezident Barack Obama NATO-nu Ukraynanı hərbi baxımdan qüdrətləndirməyə çağırıb.

Analitiklərin qənaətinə görə bu çağırış praktik reaksiya görməsə də Rusiya prezidenti Vladimir Putinə birbaşa mesaj kimi səslənib.

Bununla belə, bir sıra ekspertlər düşünürlər ki, Barack Obamanın qəti çağırışları və Rusiya təhlükəsinin son dərəcə böyük olması üzv ölkələri Rusiya ilə hərbi konfrontasiyaya ürəkləndirə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG