Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

«Rusiya bazarına ixrac əlverişli şərait yaratdı»


Arxiv foto
Arxiv foto

-

Kənd Təsərrüfatı Nazirliyi ölkədə istehsal olunan meyvə-tərəvəz məhsullarında qiymət artımı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Rusiyaya ixracın həcminin artması qiymətlərə təsir etsə də kəskin bahalaşma ilə bağlı yayılan informasiyalar əsassızdır:

«RUSİYA BAZARLARINA İXRAC FERMERLƏRİN MƏNAFEYİNƏ UYĞUN TARAZLIQ YARADIB»

«Mövsümün əvvəlində meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə xeyli aşağı olması kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz idi. Qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal olması üçün bəzi tədbirlərə ehtiyac var idi. Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi yerli istehsalçılar üçün əlverişli bazar şərtləri yaratdı. Bunun nəticəsində qiymət şərtləri fermerlərin mənafeyinə uyğun yeni tarazlıq yaratdı».

QİYMƏTLƏRƏ PSİXOLOJİ TƏSİR EDƏN SƏBƏB

Məlumatda qeyd olunur ki, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir edib:

«KİV-lərdə səsləndirilən və daha çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji təsirin artmasında əsaslı rola malik oldu. «Ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısı götürülüb Rusiya bazarına aparıldı» kimi ajiotaj informasiyanın əsası yoxdur. Monitorinqlər göstərdi ki, qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor ayın sonlarına yaxın öz təsirini itirməyə başladı. Yəni, qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başladı».

«BƏZİ MƏHSULLAR ÖTƏN İLDƏKİNDƏN UCUZ SATILIR»

Nazirlik hesab edir ki, avqust ayının sonlarında bəzi məhsullarda formalaşan qiymətlər ötən illə müqayisədə daha ucuzdur:

«Əsasən kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar daha ucuz qiymətədir. Burada yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə istisnalıq təşkil edir. Yəni, ötən ilin müvafiq dövrünə nisbətən yuxarıdır».

XS
SM
MD
LG