Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Şadlıq evləri bağlanır?


-

Sentyabrın 2-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

PROBLEMLİ MƏHBUSLAR ÜZRƏ QRUP NƏ VAXT YARADILIR?

Avqustun 12-də prezident İlham Əliyevə zəng edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland belə bir bəyanat yaymışdı: «İlham Əliyevlə telefon danışığında ona dərin narahatlıqlarımı bildirdim. Biz qərara gəldik ki, Prezident Administrasiyası ilə vətəndaş cəmiyyəti arasında 2005-ci ildə qurulmuş və 2008-ci ilədək fəaliyyət göstərən birgə komitə yenidən təşkil ediləcək və bu komitədə Avropa Şurasının nümayəndəsi iştirak edəcək».

2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunublar. Həmin qrupun üzvü olmuş Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə sentyabrın 1-də «Media forum» saytına deyib ki, hələ ki, yeni işçi qrupun yaradılması ilə bağlı heç bir məlumat yoxdur: «Avropa Şurasının yay sessiyası zamanı Torbyorn Yaqland və AŞPA-nın sədri Ann Brassörun hüquq müdafiəçiləri ilə görüşü zamanı da eyni fikirlər irəli sürülmüşdü. Biz də hesab edir ki, belə bir qurumun yaranmasına ehtiyac var. Qurumda problemli məhbuslarla bağlı məsələlərin müzakirəsi aparılacaq, tərəflərin mövqeyi öyrəniləcək. Yəni belə bir təklif var. Amma hələlik bununla bağlı konkret təklif almamışam».

ŞADLIQ EVLƏRİ BAĞLANIR?

«Yeni Müsavat» yazır ki, siyasi hakimiyyətin yas mərasimlərindəki dəbdəbənin, verilən ehsan süfrələrindəki israfçılığın aradan qaldırılmasına hesablanan addımları xalq arasında yüksək rəğbətlə qarşılanıb. Qəzetin iddiasına görə, hakimiyyət yas mərasimlərinin təşkili ilə bağlı atdığı addımları toy məclislərinə də şamil etməyə hazırlaşır. «Hamıya məlumdur ki, bu sahədə vəziyyət daha biabırçıdır - toy məclislərinin təşkilindəki hədsiz təmtəraq, israfçılıq, yarış atmosferi bir ictimai bəla halına gəlib. Əksəriyyəti vəzifəli məmurlara məxsus olan şadlıq sarayları demək olar ki, hər gün qiymətləri artırır, bununla bərabər, insanların istismarı, soyulması da yüksələn xətt üzrə davam edir. Böyük bir biznes şəbəkəsi, sənaye halına gəlib çıxmış toy mərasimləri Azərbaycanda qonaq olan hər kəsi heyrətləndirən israfçılığa yol açır. Həm də burada hər şey mafiya qaydaları üzərində qurulub və amansızdır. Bəzən toy sahibləri restoranların pulunu ödəyə bilmirlər - dəvətlilər az gəlir, ya da nəmər pulları az yığılır - bu zaman hətta təzə evlənən cütlükləri, ya da onların yaxınlarını şadlıq saraylarının işçiləri girov kimi saxlayır, borc pulları gec tapanlar toylarının ilk gecəsini şadlıq sarayında girov kimi qalırlar... Məlumatlara görə, hakimiyyət bu problemin kökdən və inzibati həllindən başqa, həm də qanun layihəsi hazırlayır. Həmin layihə ictimai sektordakı müəyyən qaydaları dəyişməyi hədəfləyib. O cümlədən də, yas və toy mərasimlərinin təşkili qaydalarını tənzimləmək qaydaları burada özünü əks etdirəcək».

QMİ AVROPA ŞURASINDA TƏMSİL OLUNA BİLƏR

Allahşükür Paşazadə
Allahşükür Paşazadə

Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni ilə görüşüb. AzərTAc xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Azərbaycanın dünyada tolerantlıq mənbəyi olduğunu bildirib. Görüşdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifi ilə çıxış edib.
Qabriella Battaini Draqoni bu təklifi yüksək qiymətləndirərək müzakirə ediləcəyini söyləyib.

MİLLİ ŞURA SƏDRİ ƏLİYEVİN İTTİHAMLARINA CAVAB VERDİ

Prezident İlham Əliyev bölgələrə səfərində müxalifətin ünvanına sərt fikirlər səsləndirib. Deyib ki, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. Əliyev həmin vəsaitin müxalifət qurumlarının cibinə getdiyini iddia edib. Milli Şuranın sədri Cəmil Həsənli «Azadlıq»a açıqlamasında qeyd edir ki, Azərbaycanda, hətta qeyri-hökumət təşkilatları da müxalifət və iqtidaryönümlü olmaqla bölünüb. Beynəlxalq qrantların təxminən 90 faizini dövlət təşkilatları və hökumətyönlü QHT-lərin aldığını söyləyən Cəmil Həsənlinin sözlərinə görə, vəsaitin cəmi 7-8 faizi müstəqil qurumlara yönləndirilir. Amma bu vəsaitin belə, iqtidarı narahat etdiyini deyən Milli Şura sədri yada salır ki, hökumət müstəqil QHT-lərin rəhbərlərinə qarşı repressiyalar həyata keçirir: «Hadisələr göstərir ki, hakimiyyət özünün arzuladığı, özünün idarə etmək istədiyi müxalifət və qeyri-hökumət düşərgəsi yaratmaq fikrindədir».

ŞAGİRDLƏR DƏRS İLİNƏ HAZIRDIR, MƏKTƏBLƏR NECƏ?

«Bizim yol» qəzeti məktəblərin yeni tədris ilinə necə hazır olmasını araşdırıb. Yazıda oxuyuruq ki, yeni tədris ilinə hazırlanan və ötən il təmirə bağlanan məktəblərin əksəriyyətində iş başa çatır. Təmir olunan məktəblərin əksəriyyəti paytaxtdadır. Ancaq bölgələrdəki kənd məktəbləri ilə bağlı eynisini demək mümkün deyil. Təhsil ilinə hazırlıq, məktəblərin vəziyyəti ilə bağlı açıqlamaların əksəriyyətində Bakı və ətraf qəsəbələrdəki məktəblərin təmirindən danışılır. Bəs bölgələrdəki məktəblərin vəziyyəti necədir?

Ağcabədinin Poladlı kəndinin sakini Məlahət Məmmədova 2 övladının təhsil aldığı kənd məktəbinin vəziyyətinin bərbad olduğunu deyir. Onun sözlərinə görə, məktəb 50 ildən artıqdır ki, əsaslı təmir üzü görməyib: «Varlıların mal tövləsi bundan yaxşıdır. Bura məktəb deyən ya ağlını itirib, ya da insaf sarıdan əziyyət çəkir. Döşəmə sıradan çıxıb. Pəncərə yox, qapı sınıq-sökük, partalar yaman gündə. İnanın, uşaqlarımızı bura göndərməyə qorxuruq. Deyirəm birdən məktəb uçar qalarlar altında. Elə narahat olmağa dəyəcək vəziyyətdədir. Bir dəfə şagirdlərdən bir nəfərin ayağı döşəmədəki deşiyə girib yıxılmışdı. Oğlum deyir ağzının-burnunun qanı bir-birinə qarışıbmış».

XS
SM
MD
LG