Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

"Uliss" Azərbaycan dilində! - İLK DƏFƏ


James Joyce
James Joyce

-

Dünya şöhrətli irland yazıçısı James Joyce-un "Uliss" romanı Azadlıq Radiosunun "Oxu zalı"nda Azərbaycan dilinə çevrilir. Zahid Sarıtorpaqın tərcümə etdiyi əsərin Birinci epizodunu oxuculara təqdim edirik (İzah və qeydlər aşağıda). Oxuyun, tərcümə ilə bağlı fikrinizi bildirin.

James Joyce

ULİSS

(roman)

tərcümə edən: Zahid Sarıtorpaq

Telemax (1)

Sallı-salğarlı (2), şişman qarınlı “Kəl” Malliqan pilləkənin yuxarı meydançasında göründü, əlində köpüklə dolu kasa və kasanın üstündə çarpazı qoyulmuş güzgüylə ülgüc vardı. Yüngül səhər mehi vurduqca, yaxası açıq sarı xalatı arxasıyca qabararaq, xəfif-xəfif yellənirdi.

O, kasanı yuxarı qaldıraraq oxudu (3):

– Introibo ad altare Dei (4).

Dayanaraq dolanbac pilləkənin toranlığa bürünmüş aşağısına baxdı və köntöy bir hayqırtıyla bağırdı:

– Çıxsana, Kink!* Qansız hiyləgər, gəlsənə!

O, şəstlə irəli getməkdə davam elədi və toplar üçün nəzərdə tutulmuş dairəvi meydançaya (5) daxil oldu. Ətrafa boylanaraq, qülləni, yan-yörədəkiləri və toranlıqdan sıyrılmaqda olan dağları üç dəfə tam ciddiyyətiylə uğurladı, xeyir-dua verdi. Sonra, Stiven Dedalı görərək, ona sarı əyildi, xırıltılı boğazını arıtlayaraq, başını irəli uzadıb, havada cəldliklə xaç çəkməyə başladı. Sonuncu pilləyə dirsəklənmiş narazı və yuxulu Stiven Dedal onu uğurlayan bu atsifət – üzünsifət adamın solğun palıd qabığı rəngli tüklü üzünün titrəməsinə soyuqqanlıqla baxdı.

____________

*Malliqanın Stivenə verdiyi ləqəb

Kəl Malliqan bir anlıq güzgünü aralayıb kasaya nəzər yetirdiı və yenidən qapadı.

– Geriyə, kazarmalara! – o, sərt bir komanda verdi.

Sonra da xütbə oxuyurmuş kimi davam elədi:

– Bax, gerçək Kristina budur, sevgili dostum: canı və qanıyla, ruhu və yaralarıyla. Musiqini ahəstə səsləndirin, lütfən. Cənablar, yumun gözlərinizi. Bircə anlığa. Bu ağ zərrəciklər sarıdan başımız qaldadı bir az. Susun hamınız.

O, aşağıdan yuxarı çəpəki baxaraq kimisə çağırırmış kimi uzun bir fıştırıq çaldı və susaraq gərginlik içində diqqət kəsildi. Ağzı dürr saçan bu natiqin bəyaz dişlərinin qızılı çalarları yer-yerdən bərq vurdu. Güclü cavab fıştırığı sükutu iki dəfə pozdu.

– Təşəkkürlər, dostum – deyə o, cəld bu səsə səs verdi. – Beləcə gözəl olacaq! Elektriki keçirməyi unutma, yaxşımı?

Sonra o, atəş meydanından sıçrayıb düşdü və ayaqlarına dolaşan geniş xalatının qırçınlarını toparlayaraq ona tamaşa edənə diqqətlə baxdı. Bu adamın yağlı və kölgəli üzü, zəhmli və yuvarlaq çənəsi orta əsr prelatlarını (6), incəsənət hamilərini xatırladırdı. Dodaqlarında məmnunluqla dolu bir təbəssüm vardı.

– Adamı lap gülmək tutur. – Kefi kök halda dedi. – Sənin bu yöndəmsiz adın, lap qədim yunan adıdı ki.

Kəl Malliqan səmimi bir istehzayla barmağını ona uzatdı və öz-özlüyündə gülümsünərək məhəccərə yanaşdı. Stiven Dedal sonuncu pilləni aşaraq yorğuncasına onun arxasıyca getdi, amma yetişmədən meydançanın kənarına çökdü və Kəl Malliqanın güzgünü məhəccərə qoyaraq, sürtgəci köpüyə necə batırıb, üzünü və boynunu necə sabunladığını seyr etməyə başladı.

Kəl Malliqanın nəşəli səsi susmaq bilmirdi:

– Mənim də adım heç biçimə gələn deyil, bir bax, daktil vəznində deyilmiş iki sözdü – Malaki Malliqan. Amma bunlar ellincəsinə səslənir, deyilmi? Lap bir buğasayağı çılğın və oynaqdı. Biz hökmən Afinaya getməliyik. Xalamdan iyirmi funt qopara bilsəm, sən də gedərsənmi?

O, sürtgəci kənara qoyaraq sevinc dolu bir coşquyla səsləndi:

– O gələcəkmi? Gələcəkmi o düşkün hiyləgər.

Sözünü yarımçıq qoyaraq diqqətlə üzünü qırxmağa başladı.

– Bəri bax, Malliqan, – Stiven sakitcə dedi.

– Eşidirəm, əzizim.

– Heyns bu qüllədə hələ çoxmu yaşayacaq?

Kəl Malliqan sağ çiyni üzərindən qırxılmış yanağını ona sarı çevirdi.

– İlahi, o dəhşətdi, elə deyilmi? – o, içdən gələn bir coşquyla bildirdi. – Gönüqalın bir saksoniyalıdı. O, səni centlmen hesab etmir. İlahi, bu ingilislər Allahın bəlasıdı. Onların bağırsaqları da puldan qəbz olur. Bir yandan da o, Oksforddandı. Bilirsən, Dedal, sən əsl oksfordlu kimi davranırsan. O, səni hələ dişinə vurub ayırd edə bilməz. Yox, ən yaxşısı, mənim sənə verdiyim addı: Kink – yortub-yırtan.

O, çənəsini ehtiyatla qırxmağa səy göstərirdi.

– Bütün gecəni hansısa bir qara bəbir haqda sayıqlayırdı – deyə Stiven bildirdi – Onun silahı hardadı ki?

– Başın xarab olub, deyəsən, – dedi Malliqan – Öz aramızdı, əməlli-başlı qorxmusan, hə?

– Özü də necə... – deyə Stiven yenidən o qorxunu daha ciddi yaşayırmış kimi söylədi . – Zülmət qaranlığın içində qara bəbiri güllələmək lazım olduğu barədə yad bir adam fəğan qopararaq vird eləyir. Sən batanları xilas etmisən (7). Amma, bilirsənmi, mənim elə bir qəhrəmanlığım yoxdu. O, burada qalası olsa, mən gedəcəm.

Kəl Malliqan qaşlarını çataraq tiyəsini sabun köpüyü örtmüş ülgücə baxdı. Oturduğu yerdən aşağı sıçrayaraq, tələsik şalvarının ciblərini eşələməyə başladı.

– Qaşıyıb qanını çıxartdım! – deyə o, dodaqları altında donquldandı.

Sonra o, atəş meydançasına geri dönərək, əlini Stivenin üst cibinə saldı və dedi:

– İcazə ver sənin burun yaylığınla ülgücümü silim.

Stiven Malliqanın əlini onun cibinə salmasına, qırış-qırış, kirli yaylığını bir ucundan tutub nümayişkaranə çıxarmasına itaətlə yanaşdı. Kəl Malliqan ülgücünü səliqəylə sildi. Ardından da, gözlərini həmin yaylığa dikərək dedi:

– El şairinin burun dəsmalı... Bizim İrland şairlərimiz üçün yeni incəsənət çaları: fırtıq yaşılı. Düzünü de, dadına baxmaq istəmirsən?

O, yenidən məhəccərə sarı qalxdı. Meşə kimi gur və sarışın saçlarını külək sığalladıqca, gözlərini uzun müddət Dublin körfəzinə zilləyib durdu.

–İlahi! – dedi o sakitcə. – Elci bu dənizi necə də doğru adlandırır: bəyaz saçlı zərif ana! Burnumuzun suyu kimi yaşılı dəniz. Qasıqdonduran dəniz. Epi oyonopa ponton (8). Ah, Dedal, bu yunanlar! Mən səni öyrətməliyəm. Sən bunları orijinaldan oxumalısan. Thalatta! Thalatta! (9) O bizim böyük və gözəl anamızdı. (10) Gəl də bax.

Stiven qalxaraq məhəccərə yaxınlaşdı. Oraya dirsəklənərək aşağıdakı sulara, Kinqstoun limanından çıxmaqda olan poçt gəmisinə baxdı.

– Bizim qüdrətli anamız, – söylədi Kəl Malliqan.

Qəfildən o, böyük maraq dolu gözlərini dənizdən çəkərək, Stivenin üzünə dikdi:

– Xalam belə hesab edir ki, ananı sən öldürmüsən (11), – dedi. – Buna görə də səninlə görüşməyimi istəmir.

– Onu kimsə özgəsi öldürdü – deyə Stiven narazı halda dilləndi.

– Lənət şeytana, Kink, əgər ölüm ayağında olan anan xahiş edirdisə, sən diz çökə bilərdin axı – deyə Kəl Malliqan söylədi. – Mən özüm heç də səndən geri qalmayan fövqəlbəşər bir şimallıyam (12). Amma düşünmək lazımdı axı, anan son nəfəsində səndən dizləri üstə çökərək ondan ötrü dua etməsini yalvarır (13) və sən imtina edirsən. Yox, sənin canında nəsə bir uğursuzluq, bir nifrin var... (14)

O susaraq digər yanağını sabunlamağa başladı. Dodaqlarına mərhəmət dolu bir təbəssüm qondu.

– Amma əvəzsiz bir hoqqabazsan! – Sakitcə mızıldandı. – Kink, sən hoqqabazların ən əvəzsizisən.

Malliqan ağayanalıqla, diqqətlə və təmkinlə üzünü qırxırdı.

Stiven məhəccərin kələ-kötür qranitinə dirsəklənərək alnını ovcuna almışdı, hərəkətsiz gözlərini paltarının qara, sürtülmüş qolçağına dikmişdi. Hələ sevgi əzabına çevrilməmiş bir iztirab ürəyini didib-parçalamaqdaydı. Ölümündən sonra o, səsizcə yuxusuna girmişdi, quruyub qaxac olmuş bədəni tutqun qəhvə rəngli tabut geyiminin içindəydi, ondan mum və çəhrayı murdarça ağacının ətri gəlirdi, məzəmmətlə üzərinə əyildikdə isə, nəfəsi islaq fani çürüntülərin qoxusunu saçırdı. Başını qaldırınca köhnə, aşınmış qolçağının üstündən o, ulu və zərif ana səsiylə içini doyuran dənizi gördü. Körfəzin haləsi və üfüqlər tünd yaşıl çalarlara bürünmüşdü. Anası can üstə olanda, fəryad qopara-qopara sancılı və çürüməkdə olan ciyərindəkiləri zülüm çəkə-çəkə ögüyərək, bəyaz rəngli çini kasanı qatı və yaşıl ödlə doldurmuşdu.

Kəl Malliqan yenidən ülgücünü sildi.

– Ah, it əzabı çəkən zavallım! – o, mehribancasına dedi. – Sənə köynək, bir də, bir-iki yaylıq vermək lazımdı. Nimdaş şalvarın işinə yarayırmı?

– Sanki əynimə biçilib, – Stiven cavab verdi.

Kəl Malliqan alt dodağının aşağısındakı çökək yeri təraş etməyə girişdi.

– Adamın gülməyi gəlir, – deyə o, bir qədər lağ edirmiş kimi bildirdi. – Kim bilir, hansısa bir əyyaş, bir siflis yoluxucusu geyirmiş onu. Boz rəngli, incə cizgili əla bir şalvarım var. Onu geyinsən, gözəl oturacaq əyninə. Zarafatsız, Kink. Sən səliqəli geyinəndə pis görünmürsən.

– Sağ ol – deyə Stiven cavab verdi – boz rəngdədisə, geyə bilmərəm (15).

– Geyə bilməz – deyə Kəl Malliqan güzgüdəki əksinə baxaraq söylədi. – Yarlıq elə yarlıqdı ki var. Bu adam anasını öldürür, amma boz şalvar geyə bilmir.

O, ülgücü səliqəylə qatladı və qırxılmış üzünün zərif dərisini barmaqlarının ucuyla xəfifcə yoxladı.

Stiven baxışlarını körfəzdən çəkərək, bulanıq mavi gözləri oynaşan tosqun sifətə zillədi (16).

– Ötən axşam mənimlə gəmidə birlikdə olan dostum – Kəl Malliqan dedi, – məni inandırdı ki, sən A.P.İ.-yə tutulmusan. O, dəlixanada Conolli Normanın yanında işləyir. Ağıl zəifliyi ilə müşayiət olunan Proqressiv İflic.

O, bu xəbəri yayırmış kimi dəniz üzərində bərq vuran günəşin işığını yarımdairə güzgüsylə ətrafa əks elətdirdi. Gülümsədikcə, çevrili və qıraqları qırxılı dodaqları arasından parıltılı dişləri bərq vururdu. Getdikcə gülüşü artaraq onun kötük kimi güclü bədənini bürüyüb titrətməyə başladı.

– Gəl, bir halına nəzər sal, a başıbəlalı şair! – dedi o.

Stiven əyilərək çəpinə çatlamış güzgüdə özünə baxdı. Tükləri biz-biz oldu. O da, başqaları da məni bu cür görür (17). Kim bu üzü seçdi mənə? Bu sülək bədbəxtin saxta dərisini kim seçdi? O da məndən soruşur.

– Mən onu xidmətçinin otağından çırpışdırmışam, – bildirdi Kəl Malliqan. – Eh, qoy olsun. Malakinin xatirinə xalam həmişə qulluqçuların sadəsini, eybəcərini saxlayır. Tamah salınası deyil. Adı isə Ursuladı (18).

Yenə gülməkdən uğunaraq, güzgünü Stivenin inadcıl baxışları altından götürdü.

– Güzgüdə öz əksini görməyən Kalibanın qəzəbi (19), – söylədi o.

– Çox hayıf, Uayld sağ deyil ki, sənə baxsın!

Geri çəkilən Stiven güzgüyə işarə edərək dedi:

– İrland incəsənətinin simgəsi budur– xidmətçinin çatlamış güzgüsü (20).

Kəl Malliqan cibinə soxduğu güzgüylə ülgücü cingildədə-cingildədə, gözlənilmədən Stivenin qoluna girdi və onunla birgə qüllənin başına dolanmağa başladı.

– Səni bu cür özündən çıxarmağım haqsızlıqdı, Kink, deyilmi? – deyə o, iltifatla bildirdi. – Tanrı bilir ki, sən ruhən onların hamısından güclüsən.

Hücum önləndi. Mən onun sənətinin neştərindən qorxduğum kimi, o da mənimkindən qorxur. Qələmin polad soyuqluğu.

– Xidmətçinin çatlamış güzgüsü! Sən get bunu alt mərtəbədəki o öküz xislətli uşağa, o səfeh həzrətə anlat və həm də ondan bir giney (guiney – 21 şillinq dəyərində olan köhnə ingilis qızıl pulu. – tərc.) qopar. O, var-yatır içində üzür, həm də sənin bir centlmen olmadığın qənaətindədi. Atası Zululara işlətmə otu satmaqla, həm də, olsun ki, başqa nömrələr gəlməklə küpünü doldurub. Tanrım, Kink, biz birgə çalışa bilsəydik, adamız üçün nəsə edə bilərdik. Onu Ellinləşdirə bilərdik.

Krenlinin əli. Onun əli (21).

– Bir də düşünməyin gərəkdi, sən bu donuzlardan pul dilənmək məcburiyyətində qalırsan axı. Sənin kim olduğunu bilən tək mənəm. Bəs nədən mənə bu qədər az etibar edirsən? Niyə məndən yan qaçırsan? Heynsə görəmi? Qoy zırıldayıb cınqırını çıxarsın, mən Seymuru bura sürükləyərəm, biz onun aşını-suyunu Klayv Kemptorpdan da artıq verərik.

Klayv Kemptorpun mənzilindən gənc varlıların çığır-bağır səsləri gəlir. Ağbənizlilər qarınlarını qucaqlayıb gülməkdən uğunur, bir-birlərinə sarılaraq: ah, vallah, adamın gülməkdən ürəyi partlayır, öləcəm ya Rəbbim! – deyirdilər. Obri, xəbəri qızcığaza üsulluca ver! Onun köynəyinin şiltə-şiltə olmuş lentvari parçaları havada oynaşır, düşmüş şalvarı topuqlarına dolaşdıqca atıla-atıla, səkə-səkə masanın başına fırlanır, arxasıyca əlində dərzi qayçısı tutan Maqdalenin Adesi yorturdu. Elə bil onun dana sifətinə oxşayan üzünə marmelad sürtmüşdülər. Yox, qaz kimi yolmayın məni! Başıma qaz oyunu açmayın! Quduz kimi üstümə atılmayın (22)!

Açıq pəncərədən qopan fəryad səsləri meydana çökən axşamı ürküdürdü. Eynən fırt edib Metyu Arnoldun burnundan düşmüş önlüklü kar bağban qaranlıq otluqda otbiçən maşınını sürüklədikcə, gözlərini qıyaraq oynaşan çəmən otlarını seyr edirdi.

Bizim özümüz... yeni bütpərəstlik... omphalos (23).

– İstəyirsə, qoy qalsın – dedi Stiven – Təkcə gecələr deyilsə, onun nə zərəri var ki?

– Bəs onda, dərdin nədi? – Kəl Malliqan səbirsizliklə soruşdu. – Boğazını arıtla bir görüm. Səmimi deyirəm, bu an çox ürəyiaçığam. Məndən nəsə bir umacağınmı var?

Dayandılar. Yatan bir balinanın başı kimi suya sərilmiş yastı Brey-Hed burnuna doğru baxdılar. Stiven yavaşca onun əlindən qolunu çəkib çıxardı.

– İzah edimmi sənə? – deyə Kəl Malliqan cavab verdi. – Heç nəyi xatırlaya bilmirəm.

O, danışarkən, Stivenin üzünə baxırdı. Daranmamış qumral saçlarını yumşaqca yalayan və qayğılı gözlərinin günəş rəngini qaynaşdıran yüngül meh alınını yalayırdı.

Stiven özü öz səsindən dilxor olurmuş kimi dedi:

– Anamın ölümündən sonra sizin evə gəldiyim o ilk günü xatırlayırsanmı?

Kəl Malliqan bir anlığa qaşlarını çataraq cavab verdi:

– Necə? Harda? Öldür də yadıma gəlmir. Mənim xatırladıqlarım ancaq fikirlər və duyğulardı (24). O zaman nə baş vermişdi ki? Söylə Tanrı xatirinə.

– Sən çay hazırladın – deyə Stiven davam etdi. – Mən isə, gərək olduğu üçün qaynanmış su gətirməyə getdim. Sənin anan otaqdan çıxdı, yanında da qonaqlardan kimsə vardı. O, səndən soruşdu ki, yanındakı kimdi?

– Doğrudan? Bəs mən nə cavab verdim,– dedi Malliqan – yadıma gəlmir axı?

– Sən isə, – deyə Stiven cavab verdi – "Heç kim, sadəcə, anası gəbərən Dedaldı – dedin (25)".

Kəl Malliqanın yanaqlarına onu daha cavan və cana yaxın göstərən bir qızartı çökdü.

– Elə demişdimmi? – o soruşdu – Noolsun axı? Burada nə var ki?

O, karıxdığından əsəbi bir hərəkətlə vurnuxan kimi oldu.

– Səncə ölüm nədi? – soruşdu o – ya sənin ananın ölümü olsun, ya sənin, ya da elə, tutaq ki, mənim? Sən ancaq öz ananın ölümünü görmüsən. Mən isə, hər gün Materdə və Riçmondda bir çoxunun necə can verdiyini görürəm, ölüyarma otağında onların cəsədlərini kəsib-tökürəm. Bu, vəhşilik kimi bir şeydi, başqa heç nə. Heç bir önəmi-zadı yoxdu. Ölüm döşəyində anan yalvarıb-yaxaranda, sən özün ondan ötrü diz çöküb dua etməmisən. Niyə? Çünki içində baş-ayaq vuran, tərsə-məzhəb bir riyakarlıq damarı, bir yezuit mayası (26) var. Məndən soruşsan, bütün bunlar vəhşilik və axmaqlıqdı. Onun beyin hüceyrələri artıq ölüdü. O, həkimini Ser Piter Tizl (27) çağırır və yorğanının üzərindəki qaymaqçiçəklərini toplamağa çalışır. Ona etiraz gərək deyil, ələyi ələnib artıq. Sən onun ölümqabağı diləyini yerinə yetirmədin, əvəzində Laluettadan olan ağız açıb ağlayan muzdlular kimi ağlayıb-sıtqamadığım üçün məni günahkar çıxarırsan. Cəfəngiyyatdı! Tutaq ki, mən elə demişəm. Amma mən sənin ananın xatirəsini təhqir etmək istəməmişəm.

Danışdıqları Malliqana özünəinam hissini qaytardı. Bu sözlərdən ürəyində açılmış sızlayan yaranı biruzə verməyən Stiven, bacardıqca quru bir tərzdə dedi:

– Söhbət mənim anamın təhqir olunmasından getmir.

– Bəs onda nə məsələdi?– Kəl Malliqan soruşdu.

– Mən özümü təhqirolunmuş hesab edirəm.– Deyə o, cavab verdi.

Kəl Malliqan qəfil və sərt bir şəkildə dabanları üstə geri fırlandı.

– Yox, sən çox çətin adamsan! – deyə bağırdı.

O, iti addımlarla məhəccər uzunu getməyə başladı. Stiven yerində qalaraq, tərpənmədən burun səmtə və körfəzin sakit səthinə baxmağına davam etdi. Gördükləri artıq gözlərində dumanlanırdı. Gözləri səyriyirdi, baxışlarına toran çökürdü, yanaqlarının hərarətdən yandığını hiss edirdi.

Qüllənin aşağısından güclü bir səslə hayladılar:

– Yuxarıdasanmı, Malliqan?

Kəl Malliqan:

– İndi gəlirəm – deyə cavab verdi.

O, Stivenə sarı çevrilərək dedi:

– Dənizə bax. Bütün bu təhqirlər onun vecinə gəlirmi? Kink, Loyolanı at o yana, gəl enək aşağı. Saksoniyalı artıq naharını gözləyir.

Bircə anlığa onun başı pilləkənin üstündə tavan bərabərinə gəldi.

– Qüssələnib bütün günü mıs-mırığını sallama. Mən hürər-tutmazın biriyəm. Kədərli düşüncələri yaxına buraxma.

O, görünməz oldu, amma pillələrlə endikcə təmkinli səsi aşağıdan yuxarı yayılmaqda davam etdi:

Sıxdıqca sevginin o acı sirri

kənara baxırsan könül yasıyla.

Hökmüranlıq edir o yerdə Ferqus

öz bürünc təkərli arabasıyla... (28)

Səhərin dinclik dolu sakitliyində meşələrin kölgələri pilləkən sarıdan dənizə – onun gözlərinin dikildiyi yerlərə süründü. Sahil suları və sahildən aralıdakı sucaqlıqlar iti yerişli səhərin arxasıyca ayna kimi bərq vurdu. Tutqun dənizin sinəsi bəyaz bir çalara büründü. Qoşa hörülmüş vurğular. Arfa tellərində gəzişən əllərdən doğulan ahənglər hörgüsü. Köpüklənən dənizin qaranlığında titrəşən bəyaz qırçınlı sözcüklər.

Bir bulud yavaşca günəşin üzünü qapadı, körfəzin yaşılı bir az da tündləşdi. Ondan bir az arxada acı sular (29) çanağına dönmüşdü körfəz. Ferqusun nəğməsi: Evdə tənhalıqda oxudum onu, dərdli ritmləri uzadaraq oxudum. Qapısı açıq idi: o, məni eşitmək istəyirdi. İçim dəhşətlə, acıyla dolu, çarpayısına yaxınlaşdım. O, yatağında uzanmış və bədbəxtcəsinə ağlayırdı. O sözlər ağladırdı onu, Stiven: sevginin o acı sirri...

İndi hardadı? Onun sirləri: qıfıllı mücrüsündəki quş lələyindən düzəldilmiş müşk qoxuyan qədim yelpiklər, saçaqlı rəqs kartları, kəhraba boyunbağılardı. O, hələ balaca qızcığaz olanda, pəncərəsinin gündöyən tərəfində bir quş qəfəsi asılmışdı. O vaxtlar getdiyi "Müdhiş Turk" pantomimində qocaman Roysu dinləmiş, onun bu şərqisinə hamıyla birgə gülmüşdü:

Gözəgörünməzliyin

həzz ala biləcəyi

bir oğlanam, deyin...

Uzaqlarda qat kəsmiş müşk qoxulu xatirələrdən sevinc rüzgarları əsir xısın-xısın.

Gözlərini gizləmə, içini dərd almasın.

Oyuncaqlarıyla birgə kainatın yaddaşındakı (30) yerinə qaldırıldı. Xatirələr onun dərdli beynini çulğaladı. Anası müqəddəs çörəyi götürdükdən sonra mətbəxdən ona gətirdiyi bir stəkan su. O qaranlıq payız axşamı ocağın çıxıntısında anası üçün bişirdiyi içi oyularaq əsmər şəkərlə doldurulmuş bir alma. Körpələrinin köynəklərindəki bitləri öldürərkən, onun qana bulaşmış gözəl dırnaqları.

Bir dəfə yuxusuna girmişdi anası, mum və çəhrayı murdarça ağacının ətrini saçan qurumuş cəsədi qəhvə rəngli tabut geyiminin içindəydi, üzərinə əyilərək dodaqları anlaşılmaz sirli kəlmələr pıçıldarkən, nəfəsindən islanmış kül iyi, fani qəbir çürüntülərinin qoxusu saçılırdı (31).

Qəlbimi titrədib çilikləmək, ruhumu imana gətirmək üçün, donuq gözlərini ölümün dibindən zilləyib baxırdı. Yalnız mənim üzərimə əyilmişdi. Qayıb bir işıq düşmüşdü onun can çəkişməsinə. Mübhəm bir şam işığı əzablı üzünün pozulmuş cizgilərini işıqlandırırdı. Dəhşət içində qırıq-qırıq gələn nəfəsinin xırıltısı ucadan eşidilirdi, hamı diz çöküb dua edirdi. Məni yerlə-yeksan etmək üçün gözləri üzümə dikilmişdi. Liliata rutilantium te confessorum turma circumdet: iubilantium te virginum chorus excipiat (32).

Qulyabanı! Ölüyeyən! (33)

Yox, ana. Burax məni, aman ver yaşayım.

– Eheyy, Kink!

Kəl Malliqanın səsi qüllənin dərinliklərində qaytarış verdi, o, pilləkənə yaxınlaşaraq yenidən hayladı. Hıçqırıqları hələ də içini döyən, ruhu ürpənməkdə olan Stiven, kürəyini ilıqca isidən günəşli havadakı mehriban sözləri eşitdi.

– Dedal, ağlını başına yığ, en aşağı. Səhər naharı hazırdı. Heyns dünən gecə bizi oyatdığı üçün üzr istəyir. Hər şey qaydasına qoyulub.

Stiven dönərək:

– Gəlirəm. – Dedi.

– Gəl, İsa eşqinə, – dedi Malliqan. – Mənim xatirimə, ümumi xeyirimiz naminə.

Bir anlığa ağlı gizləndi və yenidən özünə gəldi.

– İrland incəsənətiylə bağlı simgəni ona anlatdım. Olduqca ağlabatandı, deyir. Ondan bir şey qopar, yaxşımı? Yəni, bir guiney də olsa.

– Bu sabah alacam pulumu – dedi Stiven.

– Məktəb aylığınımı? – Malliqan soruşdu – Nə qədər? Dörd əskinas? Birini ver bizə.

– Necə istəyirsən. – dedi Stiven.

– Dörd bərq vuran soveren (İngiltərədə bir funt-sterlinqə bərabər qızıl pul – tərc.)! – deyə Kəl Malliqan sevincək qışqırdı – Elə bir içki məclisi quracağıq ki, köhnə kelt kahinlərinin gözləri kəllələrinə çıxacaq. Dörd möhtəşəm soveren!

Kəl Malliqan əllərini havaya qaldıraraq daş pillələrdən atıla-atıla aşağı endikcə, londonluların zarafatyana Kokni deyilən sadə xalq ləhcəsində bir şərqi oxumağa başladı:

Ah, şən keçir vaxtımız,

viski, pivə, şərabla

tacqoyma törənində.

Tacqoyma törəni günü?

Ah, şən keçir vaxtımız yəni

Tacqoyma törəni günündə də?

Günəşin ilıq şüaları dənizin qoynunda süslənirdi. Unudularaq məhəccərdə qalmış üz qırxmaq avadanlığı – nikel kasa bərq vururdu. Xeyir ola, niyə mən onu götürüb aşağı aparmalıyam? Bəlkə, unudulmuş dostluğun xatirəsi kimi bütün günü qalsın burada?

O, kasaya yaxınlaşdı, onu ovcuna alaraq bir müddət saxladı, sərinliyini hiss etdi, içində sürtgəc olan yapışqanlı köpüyün qoxusunu duydu. Qabaqlar Klonqouzda buxurdan daşıyan mən idim. İndi başqa adamam, amma elə həminkiyəm. Yenə qulluqçuyam. Qulluqçular qulluqçusu (34).

Qüllənin daxilindəki tutqun tağlı otaqda vurnuxan xalat geyimli Kəl Malliqanın cüssəli silueti ocağın sarı alovunu gah qapayır, gah da açırdı. Yumşaq gün işığı ucalıqdakı bir cüt nəfəslikdən tava daşlarıyla örtülmüş döşəməyə düşür və yanan kömürdən və piydən qalxan tüstü dumanı bu işıq çimində aramla burulurdu.

– Belə getsə, boğulacağıq – dedi Kəl Malliqan – Heyns, qapını açarsanmı?

Stiven sabun köpüyü kasasını dolabın üstünə qoydu. Caydaq bir adam asma çarpayıdan qalxaraq kandara sarı getdi və daxili qapıları açdı.

– Sizdə açar varmı? – bir səs soruşdu.

– Açar Dedaldadı, – Kəl Malliqan cavab verdi. – Lənət şeytana, boğuluram artıq!

Gözlərini ocaqdan çəkmədən o bağırdı:

– Kink!

Bir qədər yaxına gələn Stiven:

– Açar kiliddədir, –dedi.

Açar kilidin içində sərt bir cingiltiylə iki dəfə buruldu, ağır çöl qapıları açılınca, içəriyə çoxdan arzulanan işıq və hava doldu. Heyns kandarda dayanaraq eşiyə baxmaqdaydı. Stiven çamadanını masaya yaxınlaşdırıb, dikinə qoyaraq üstündə oturdu və gözləməyə başladı. Kəl Malliqan tavada qızardılanları yaxınlığındakı boşqaba boşaltdı. Sonra boşqabı və böyük çaydanı gətirərək masaya qoydu, rahatca nəfəs aldı.

– Ah, mən əriyirəm, – dedi o, – lap şamın dediyi kimi... Amma sus! Bu barədə bir kəlmə də danışmayacağıq. Yatma, Kink! Çörəyi, yağı, balı süfrəyə ötür. Yaxın gəl, Heyns. Süfrə hazırdı. Bizə və bu nemətlərinə xeyir-dua ver, ya Rəbbim! Şəkər hardadı? Lənət şeytana, heç süd də yoxdu!

Stiven kiçik dolabdan yağ, çörək və bal dolu qabı gətirdi. Kəl Malliqan oturdu və qəfil qəzəblənib özündən çıxdı.

– Bu nə biabırçılıqdı – deyə o, qeyzləndi. – Mən ona səkkizdən sonra gəlməyi söyləmişdim.

– Südsüz də keçinmək olar – dedi Stiven. – Dolabcıqda bir limon var.

– Lənətə gələsiz, sən də, sənin Paris dəbdəbələrin də! – deyə cavab verdi Kəl Malliqan – Mən Sendikouv südü istəyirəm.

Heyns qapıdan aralanıb sakit-sakit onlara yaxınlaşdı və dedi:

– Südçü qadın gəlir, özü də süd ilə.

– Tanrının xeyir-duası üstündə olsun! – deyə kətildən sıçrayaraq, Kəl Malliqan hayqırdı – Otursana. Bir çay süzsənə. Şəkər kisədədi. Bu adıbatmış qayğanaqla isə, daha əlləşmək istəmirəm.

O, qızartmanı birtəhər üç yerə bölüşdürərək, boşqablara atdı və iş görə-görə oxudu:

– In nomine Patris et Filii et Spiritus Sancti (35).

Heyns oturdu və çay süzməyə başladı.

– Adambaşına iki parça şəkər qoyuram – dedi – Bəri bax, Malliqan, çox tünd çay dəmləyirsən!

Kəl Malliqan çörəyi səxavətlə, qalın-qalın dilimlədikcə, yaşlı bir qadının ürəyəyatımlı səsiylə dedi:

– Yaşlı Qrogan ana (36) demişkən, mən çay dəmləyərəmsə, çay dəmləyərəm. Çiş eləyərəmsə, çiş eləyərəm.

– İlahi, bax, buna çay deyərlər. – Heyns dedi.

Kəl Malliqan çörək doğradıqca, yaşlı bir qadın səsiylə mütiliklə danışmaqda davam edirdi:

– Mənim adətim belədi, missis Kahill, – bunu o söyləyirdi. Missis Kahillsə deyirdi: amanın günüdü, Tanrı xatirinə, heç olmasa ikisini də eyni qabın içinə etməyin, noolar...

O, bıçağın ucuna keçirdiyi qalın çörək dilimlərini bir-bir süfrə dostlarına uzadırdı.

– Bu ki folklordu, – o, səmimiyyətlə söylədi – Heyns, sənin kitabın üçün göydəndüşmədi. Danfram əhli və balıq tanrılarının səltənətinə dair beş sətir mətn və on səhifə şərh. Böyük fırtına ilində cadugər bacılar tərəfindən nəşr edilib (37).

O, Stivenə sarı çevrildi, qaşlarını qaldıraraq, son dərəcə maraq içində soruşdu:

– Yadıma sala bilərsənmi, dostum, Qrogan ananın çay və çiş qabı Mabinogiondaydı (38), yoxsa Upanişadda?

Stiven ciddi bir tərzdə:

– Ona şübhəm var – dedi.

– Doğrudanmı? – deyə Malliqan eyni səs ahəngiylə soruşdu. – Nədən şübhələndiyini lütfən söylərsənmi?

– Düşüncəmə görə, – Stiven yeməyinə ara vermədən dedi – o, Mabinogionun nə içində, nə də kənarındadı. Qrogan ana, güman ki, Meri Anna qohum bir qadındı.

Kəl Malliqan məmnunluqla gülümsündü.

– Çox gözəl! – deyə o, gözlərini məmnunluqla qıyaraq bəyaz dişlərini göstərə-göstərə, şirin-şirin söylədi. – Sən belə düşünürsən? Son dərəcə heyranedicidi!

Sonra, qızğın bir şəkildə yeni dilimlər doğramağa başladı, birdən-birə qaş-qabağını tökərək, xırıltılı səslə oxudu:

Lənətə gəlmiş

yaşlı Meri Ann.

Qayğıdan uzaqdı

ətəyi qalxan zaman...

O, tıxışdırdığı loxmanı çeynəyir, boğuq səsi ucalırdı.

İçəri girmək istəyən adamın silueti qapının ağzını kölgələdi.

– Südünüzü gətirmişəm, cənab!

– Buyurun içəri, xanım, – Malliqan dedi – Kink, bardağı gətirsənə.

Qarı içəri girərək Stivenin yanında ayaq saxladı.

– Bu gözəl sabahınız xeyirli olsun, cənab. – Söylədi qadın. – Şükür Tanrıya.

– Kimə? Kimə dediniz? – deyə Malliqan onu altdan-altdan süzərək soruşdu – Ah, hə... Əlbəttə!

Stiven əlini arxaya uzadıb dolabdan süd bardağını götürdü.

– Artıq ətlərin toplayıcısı – Malliqan ehtiyatsızcasına Heynsə dedi – bizim bu ada sakinlərinin dilindən düşmür (39).

– Cənab, nə qədər? – soruşdu qarı.

– Bir litr, – Stiven dedi.

Qadının özünün olmayan zığlı və bəmbəyaz südünü öncə ölçü qabına, sonra da bardağa tökməsini izlədi. Qocalıb bürüşmüş döşlər. O, artıqlamasıyla bir ölçü qabı da əlavə etdi. Qadın özünün qaim-qədimliyi və mübhəmliyiylə sanki bir müjdəçi kimi sabah dünyasından içəriyə qədəm qoymuşdu. Bardağa tökdüyü südün gözəlliyini öyürdü. Dan üzü ağaranda, küpəgirən qarı yaşıl çəmənlikdə çömbələrək göbələkvari oturacaqda əyləşib, qırış-qırış barmaqlarıyla ipək kimi heyvanın şişkin yelənli məmələrindən bəmbəyaz süd sağırdı. Böyürləri atlas şehli inəklər vərdiş etdiyi böyürtüləriylə qarşılayırdılar onu. Yaşıl çəmənlərin gözəli, zavallı yaşlı qadın və ipək kimi inək – keçmişlərdə belə bir ayaması vardı onun (40). Bir qərib qarıydı o, sabahın sirli müjdəçisi – ölməzliyin iddiasız görüntüsüydü, hər ikisinin xəyanətini dərk etsə də, özünü istila edənə də, aldadaraq oyuna salana da canını fəda etmişdi. Bilmədi önündə əyilsinmi, yoxsa, tənə vursunmu: bununla belə, üzünə gülməyi, qılığına girməyi özünə ayıb saydı.

– Çox gözəl süddü, xanım – deyə fincanlara süd süzən Kəl Malliqan razılaşdı.

– Siz hələ bir dadına baxın, cənab, – söylədi o.

Mlligan qadının istəyini yerinə yetirdi.

– Əgər biz hamımılz belə sağlam bir nemətlə qidalana bilsəydik – o, səsini azacıq qaldıraraq qadına bildirdi – bu ölkəni nə çürük dişlilər, nə də xoralı bağırsaqlılar bürümüş olardı. Yaşadığımız yer bir bataqlıq, yediyimiz yeməklər zibildən fərqli deyil, küçələr at peyiniylə, dizə qədər tozla və vərəm xəstələrinin iyrənc bəlğəmləriylə doludu.

– Cənab, siz həkimlik oxuyursuz? – qarı soruşdu.

– Hə, xanım – Kəl Malliqan cavab verdi.

Stiven nifrət dolu bir səssizlik içində susurdu. Ağ saçlı başını ona yuxarıdan baxan hər sınıqçının, hər ara həkiminin önündə əyir, məni isə, tanımaq belə istəmir. Tanrı surətində deyil, İblisə yem yaradılan, kişi bədənindən törəmiş canını qadınlığının günahkar bətni xaricində bağışlanmasından ötrü yuyub-yaxalayıb məzara hazırlayacaq bir kimsənin önündə də əyir. Bu an onu susmağa vadar edən və heyrətlə yan-yörəsinə boylanan birisinin səsi önündə də.

– Siz onun dediklərini başa düşürsüz?– deyə Stiven ondan xəbər aldı.

– Cənab, sizin danışdığınız fransız dilidi? – qarı Heynsdən soruşdu.

Heyns isə, lovğalıqla və arxayıncasına uzun bir nitq – tirada söylədi.

– Bu, irlandcadı – Kəl Malliqan izah etdi – Sizlər kelt dilində danışırsız?

– Mən bunu səsindən irlandcaya oxşatdım ­– dedi qarı – cənab, bəs siz qərblisiz (41)?

– Mən ingilisəm – dedi Heyns.

– O, ingilisdi – Kəl Malliqan təkrar etdi – və o hesab edir ki, İrlandiyada irland dilində danışmaq lazımdı.

– Əlbəttə, lazımdı – qarı dedi – mən özüm bu dili bilmədiyimə görə utanıram. Ağıllı adamlar bunun böyük dil olduğunu deyirlər.

– Böyük demək hələ heç nə deyil, – dedi Kəl Malliqan. – O, son dərəcə gözəl bir dildi. Kink, bizə bi fincan da çay süz. Siz də bir fincan içərsizmi, xanım?

– Yox, təşəkkür edirəm, cənab – dedi qarı, süd güyümünü çiyninə aşıraraq getməyə hazırlaşdı.

Heyns ona müraciətlə:

– Bəs sizin hesabınız yoxdu? Malliqan, ödəniş etmək lazımdı, deyilmi?

Stiven yenidən üç fincan çay süzdü.

– Hesab deyirsiz, cənab? – deyə qadın inamsızcasına soruşdu. – Deməli yeddi gün hər pintini iki pensdən götürsək deməli yeddi dəfə iki bu da bir şillinq iki pens edir deməli üç gün hər kvartını dörd pensdən götürsək deməli üç kvart eləyəcək bir şillinq cəmi bu bir o da iki deməli iki o da iki, ser...

Kəl Malliqan dərindən nəfəs aldı, hər iki tərəfinə qalın yağ yaxılmış qurğaz çörək dilimini ağzına apardı, ayaqlarını irəli uzadaraq ciblərini eşələməyə başladı.

– Ödəyin, qaş-qabağınız açılsın – dedi Heyns gülümsünərək.

Stiven üçüncü fincanı da doldurdu, qatı və yağlı südü çayın dəmiylə yüngülcə qızrtdı. Kəl Malliqan cibindən bir florin (florin – qədim italyan qızıl pul vahidi – tərc.) çıxardı, onu barmaqları arasında o yan-bu yana çevirərək ucadan:

– Möcüzə! – dedi.

O, pulu masanın üzəriylə qarıya sarı sürüşdürərək:

– Məndən daha heç bir şey istəməyin, canım. – dedi.– Olub qalanımı sizə verdim (42).

Stiven pulu qarının titrək ovcuna qoydu və:

– İki pens borclu qaldıq – deyə bildirdi.

– Tələsməyə də bilərdiz, cənab, – pulu götürərkən o, inandırmağa çalışdı. – Vaxtınız kifayət qədərdi hələ. Sağlıqla qalın, cənab.

Südçü qadın baş əyərək çıxınca, Kəl Malliqanın həzin səsi arxasıyca bir şərqi çilədi:

– Ürəyimin çarpan yeri daha çox

sənin ayaqlarının altı üçündü...

O, Stivenə sarı qanrılaraq dedi:

– Məsələ ciddidi, Dedal. Quruca yurdda qalmışam. Qaçış məktəbinə gedib də dəstək olmaq üçün bir qədər pul gətirsən yaxşı olar. Bu gün el şairlərinin içmək və şənlənmək günüdü. İrlandiya gözləyir ki, bu gün hər kəs öz görəvini yerinə yetirəcək (43).

– Bu məsələ, – Heyns qalxaraq qeyd etdi, – bu gün sizin milli kitabxananıza getməli olduğumu yadıma saldı.

– Öncə üzməyimiz gərəkdi, – deyə Kəl Malliqan bildirdi.

O, Stivenə sarı çevrilərək mehribancasına soruşdu:

– Kink, sənin aylıq çimmək günün bu günə təsadüf edirmi?

Sonra da Heynsə dedi:

– Çirkli el şairləri ayda bir dəfə yuynmağı özüyçün vacib bilir.

–Bütün İrlandiyanı Qolfstrim çimizdirir, – deyə çörəyin üzərinə bal damızdıran Stiven qımıldandı.

Heyns tennis köynəyinin açıq yaxalığı altına zərif şərf bağladığı küncdən söhbətə qarışdı:

– İcazə versəniz sizin mülahizələrinizdən toplu düzəltmək niyyətindəyəm.

Mənə üz tutublar. Onlar yuyunurlar, hamamlanırlar, sürtünüb təmizlənirlər. Ayıb yerlər. Vicdan əzabı (44). Amma ləkələr yerindədi (45).

– Gözəl demişdin ki, xidmətçi qadının çatlaq güzgüsü İrland incəsənətinin rəmzidi.

Kəl Malliqan ayağını uzadıb masanın altında Stivenin pəncəsinə toxunduraraq həlim bir səslə dedi:

– Heyns, sən hələ gözlə, o, Hamlet haqda da danışacaq.

– Gerçəkdən deyirəm, – deyə Heyns Stivenlə söhbətini davam etdirdi. – O zavallı məxluq daxil olduqda mən bu haqda fikirləşirdim.

– Bu mənə pul qazandırarmı? – Stiven soruşdu.

Asma çarpayının qarmağından şlyapasını götürən Heyns gülümsünərək dedi:

– Onu bilmirəm düzü.

O, qapıya doğru bir neçə addım atdı. Kəl Malliqan Stivenə sarı əyilərək, kobud bir tərzdə çımxırdı:

– İşin içinə zibil tökdün ki!.. Dilinə yiyəlik eləyə bilmirsən?

– Nə etməliyəm bəs? – Stiven etiraz etdi. – Məqsəd – pul qazanmaqdı. Kimdən? Ondan, yoxsa südçüdən? Məncə, çöp tutmaq lazımdı.

– Mən sənin haqqında onun qulağına xısınlamışam. – Kəl Malliqan israr etdi. – Sən isə, hələ bir qotur hiyləgərliyin və bulanıq yezuitliyinlə məsələni zarafata da salırsan.

– Mənim nə ona, nə o birinə ümidim yoxdu. – Stiven bildirdi.

Kəl Malliqan iztirabla dolu bir ah çəkdi və əlini Stivenin çiyninə qoydu.

– Ümidin mənə olsun, Kink! – dedi.

O, tamam ayrı bir səslə əlavə etdi:

– Düzünü deyim, mən də sanıram ki, sən haqlısan. Lənətə gəlsin hamısı. Nə əcəb mənim kimi sən də onların başını xarab etməyəsən? Hamısı cəhənnəm olsun. Bu girdabdan qurtulmaq lazımdı.

O ayağa duraraq, ciddi şəkildə kəmərini açdı, xalatını soyundu, itaətkarcasına söylədi:

– Və onun geyimləri Malliqandan soyunduruldu (46).

O, cibindəkiləri masanın üstünə boşaltdı və dedi:

– Bu da sənin burun dəsmalın.

Sərt yaxalığını və naqolay qalstukunu geyərkən onları, eləcə də, cib saatının dolaşmış zəncirini məzəmmət edərək danladı. Özünə təmiz burun dəsmalı axtarmaq istəyilə, əlləri çamadana soxularaq oranı ələk-fələk edirdi. Vicdan əzabı. İlahi, biz bu adamı geydirməyə borcluyuq. Mən qırmızımtıl-qəhvəyi əlcəkləri və yaşıl çəkmələri istəyirəm. Ziddiyət? Mən özümə ziddəm (47)? Neyləməli, ziddəm özüm özümə. Tanrıların xəbərçisi Malachi. Danışan əlləriylə qara bir mərmi tolazladı.

– Bu da sənin Latın Kvartalı üslubunda şlyapan.

Stiven onu yerdən qaldıraraq başına geydi. Heyns onları qapıdan səslədi:

– Dostlar, gəlrsizmi?

– Mən hazır. – Kəl Malliqan qapıya sarı yönələrək, hay verdi. – Getdik, Kink. Əminəm ki, bizdən artıq qalan nə varsa, hamısını yemisən.

Sonra əl çəkib, ciddi və ağır-ağır kandara sarı getdi və kədərli səslə dedi:

– Eşiyə çıxarkən, Butterlyə rast gəldi.

Stiven divarın dibindən göyrüş budağından olan əl ağacını götürdü, onlar pilləkəndən enincə, dəmir qapını örtərək qıfılladı, arxalarınca yola düzəldi və qapının iri açarını iç cibinə qoydu.

Pilləkənin aşağısında Kəl Malliqan soruşdu:

– Sən açarı götürmüsən?

Stiven onları ötüb keçərəkdə:

– Hə, götürmüşəm, – dedi.

O, önə keçdi. Arxada Kəl Malliqanın ağır hamam dəsmalıyla qıjıların, otların başlarını necə vurduğunu eşidirdi.

– Aşağı əyilin, cənab! Siz nə cəsarət edirsiz, cənab?!

Heyns soruşdu:

– Qülləyə görə kirayə haqqı ödəyirsizmi?

– On iki funt, – Kəl Malliqan cavab verdi.

– Hərbi nazirə, – Stiven çiyni üstən əlavə etdi.

Heyns qülləyə nəzər yetirincə onlar dayandılar. Sonra o:

– Düşünürəm ki, qışda son dərəcə soyuq olur. Bu necə adlanır? Martello?

– Bunları Billi Pittin göstərişiylə inşa ediblər (48). – deyə Kəl Malliqan bildirdi – dənizdən Fransızlar təhdid edərkən. Amma bizimki – bir omphalos.

– Sizin Hamlet barədə hansı ideyalarınız var – deyə Heyns Stivendən soruşdu.

– Yox! Yox! – Kəl Malliqan əzablı səslə qışqırdı. – Mən sizinçün Akvinalı Tomas Aquinas deyiləm əlli beş səbəb uydurmağa gücüm çata. Səbriniz olsun, qoy hələ bir iki parç pivə gillədək, sonra...

O, Stivenə sarı çevrilərək onun açıq sarı rəngli canlığını ehmallıca dartı:

– Sənin özünə, ölüsü üç parç içmək gərəkdi ki, bu işin öhdəsindən gələsən, elə deyil, Kink?

– Bu uzunda gözləyən, – deyə o etinasızlıqla cavab verdi – bir qədər də gözləyə bilər.

– Siz mənim marağımı artırırsız. – Heyns mehribanlıqla qeyd elədi. – Burada bir paradoks yoxdumu?

– Pah! – dedi Malliqan. – Bizim sinnimiz artıq Uayld yaşını və paradoksları geridə qoyub. Hər şey çox sadədi. O cəbr yoluyla Hamletin nəvəsinin – Şekspirin babası, özünün isə, atasının kabusu olduğunu sübuta yetirir.

– Necə, necə? – Heyns dedi və şəhadət barmağını Stivenə sarı uzadaraq – Yəni bu özü?

Kəl Malliqan dəsmalı boynuna şərf kimi dolayıb, gülməkdən uğuna-uğuna əyilərək Stivenin qulağına dedi:

– Ey böyük Klinkin kölgəsi! Ata axtarışında olan İofet (49)!

– Biz səhərlər yorğun oluruq, – Stiven Heynsə dedi. – Bunu isə söyləmək uzun məsələdi.

Kəl Malliqan yenidən irəli addımlayıb, əllərini göylərə qaldırdı:

– Dedalın dilini ancaq müqəddəs parç aça bilər – deyə bildirdi.

–– Demək istəyirəm ki, – Heyns gedə-gedə Stivenə izah etməyə başladı, – bu qüllə və bu qayalar nələriyləsə mənə Elsinoru xatırladır. "Dəniz üzərindən asılmış dəhşətli bir sıldırım (50)" – bu, o deyilmi yəni?

Malliqan qəfildən Stivenə tərəf döndü, ancaq heç nə demədi. Bu səssiz, parlaq məqamda Stiven sanki özünü yaraşıqlı geyinmiş bu insanlarla bir sırada, cır-cındır bir qiyafədə bir matəm içində gördü.

– Bu, gözəl bir tarixçədi, – deyə onları yenidən dayandıraraq Heyns dedi.

Gözləri küləklərin öpüb-oxşadığı dəniz kimi işıqlı, ondan da parlaq, dəyanətli və ayıq. Dənizlər hakimi. O, sakit körfəz üzərindən gözlərini üfüqlərdə görünən poçt gəmisinin bacasından çıxan yayğın tüstüdən başqa heç nə görünməyən, yelkəninin parlaq cizgiləri yalqızcasınza toranlara qarışan Maqlin açıqlarına sarı – güney tərəflərə dikdi.

– Mən haradasa bir dini təfsir oxumuşam – deyə o, fikirli-fikirli bildirdi. – Ata və Oğul ideyası. Atasına qovuşmağa var gücüylə can atan Oğul.

Kəl Malliqanın üzü dərhal təbəssüm dolu bir ifadə aldı. Yaraşıqlı ağzı aralı haldaydı və bu an hər cür yad düşüncəni boğan gözləri çılğın bir sevinc içində qırpılırdı. O, əlindəki oyuncaq gəlinciyin başını irəli-geri yellədir, həsir şlyapasının kənarlarını titrədə-titrədə, səfehsayağı, şən bir səslə oxuyurdu:

Çox qəribə bir cavanam, eşitmisiniz yəqin (51),

Anam yəhidi idi, atamsa bir qərib quş.

Razılaşa bilmədim mən dülgər İosif ilə,

Odur həvarilərə və Qolqofa oldum tuş.

O, xəbərdarlıq edirmiş kimi, şəhadət barmağını qaldırdı:

Kimsə düşünürsə ki, mən İlahi deyiləm,

Sudan şərab çəksəm də, heç ona verməyəcəm.

Qoy onlar su içsinlər, qoy sirlər agah olsun,

Hələ mən şərabdan da, tər-təmiz su çəkəcəm.

Cəld bir vida jesti sayağı, o, Stivenin əl ağacından dartdı və irəlyə – əllərini bir balıq üzgəcləri və ya qollarını bir quş qanadları kimi yana açaraq uçurumun kənarına doğru götürüldü, nəğməsini isə oxumaqda davam etdi:

Əlvida... nə desəm, hamısını yaz...

Dirildiyim haqda de dostlarıma.

Tezliklə uçaram mən göy üzünə

Əlvida... uçuram, uçuram daha...

Malliqan dostlarının önündə coşquyla atıla-atıla, qollarını qanad kimi çırpıb, onların gözü qarşısında, təxminən dərinliyi qırx arşın olan uçuruma sarı yorturdu, Merkurivari şlyapası, ona qağayıların çığırtılarını gətirən küləkdə yellənirdi.

Özünü ciddi saxlamağa çalışan, Stivenlə yanaşı addımlayan Heyns bildirdi:

– Məncə bu məqamda gülməyə dəyməz. O, güclü küfr edir. Belə götürəndə, mən şəxsən dindar deyiləm. Digər tərəfdən, bu cür nəşəli hərəkətləri onun ziyansızlığını göstərmirmi, hə? Necə adlandırırdı? Dülgər İosif?

– Məzəli İsanın balladası, – deyə Stiven mızıldandı.

– Siz bunu əvvəllər eşitmişdiz? – Heyns soruşdu.

– Hər gün üç dəfə yeməkdən sonra, – deyə o, istehzayla cavab verdi.

– Siz özünüz inanclı deyilsiz, eləmi? – Heyns soruşdu – Yəni, sözün dar anlamında deyirəm inanclı məsələsini: Heçdən var olma, möcüzələr, Rəbbin bir şəxsiyyət kimi qəbulu.

– Məncə bu sözün bircə mənası var, – dedi Stiven.

Heyns dayanaraq üstündə yaşıl daşlar sayrışan gümüşü bir portsiqar çıxardı. Baş barmağıyla düyməsini basınca, yaylı qapağı açıldı və onu Stivenə sarı uzatdı.

– Sağ ol – deyə o, siqaretdən birini götürdü.

Bir siqaret də Heynsin özü götürdü və yenidən qapağı örtdü. Portsiqarı yan cibindəcə gizlədərək, bu dəfə jiletinin cibindən nikeldən düzəlmə qov qutusu və çaxmaq daşı çıxardı, eyni üsulla onu açdı, siqaretini yaxaraq, alov diliminə əlini sipər edib Stivenə uzatdı.

– Hə, əlbəttə, – yeriməyə davam edincə dedi o. – Siz gah inanırsız, gah da yox, elə deyilmi? Mən şəxsən Tanrının bir şəxsiyyət olduğunu həzm edə bilmirəm. Əminəm, siz də bunu dəstəkləmirsiz.

– Mənim içimi görürsüz, – Stiven narazı və qaş-qabaqlı halda bildirdi, – bu, azad düşüncənin iyrənc bir nümunəsidi.

O, göyrüşdən olan əl ağacını böyründə sürükləyərək gedir, söhbətin davamını gözləyirdi.

Əl ağacının dəmir ucluğu ayaqları yanında səs edir, cığırı cızaraq zərif iz qoyurdu. Dostum arxamca gələrək, incə səslə dilləndi: Stiiiiiven! Cığır uzunu dalğalı bir cızıq düşürdü. Axşam qaranlıqda qayıdanda onun üzəriylə yeriyəcəklər. O, açarı istəyir. Açarsa mənimdi, icarəni mən ödəyirəm. Amma acı dadsa da, mən onun çörəyini yeyirəm (52). Açarı verməliyəm. Verməliyəm hamısını. İndicə özü istəyəcək. Gözlərindən oxuyuram.

– Nəhayət... – deyə Heyns başladı.

Stiven qanrıldı və onu ölçüb-biçən soyuq baxışların heç də bəd niyyətli olmadığını gördü.

– Nəhayət, elə düşünürəm ki, siz azadlığa qovuşmağa qadirsiz. Görürəm ki, özünüzün öz ağanızsız.

– Mən iki ağanın qulluğundayam, – dedi Stiven – biri ingilis, o biri italiyalı.

– İtalyalı? – Heyns soruşdu.

Dəlisoy kraliça. Yaşlı və qısqanc. Diz çök önümdə.

– Hələ üçüncüsü də var, – deyə Stiven pörtərək əlavə etdi, – o, məni əlüstü, çevik işlərçün istəyir.

– İtaliyalı? – Heyns təkrar soruşdu. – Sizi bir araya gətirən nədi?

– Britanya imperiyası, – Stiven qızara-qızara izah etdi – Müqəddəs Roma katolik və apostol kilsəsi.

Heyns danışmamışdan öncə tütün qırıntısı yapışmış alt dodağını sildi.

– Sizi tamamilə başa düşürəm, – o, sakit bir tərzdə bildirdi. Hətta, deyərdim ki, bir irlandiyalı üçün bu cür düşünmək təbiidi. Biz sizinlə ədalətsiz davrandığımızı İngiltərədə dərk edirik. Görünür, buna tarix günahkardı.

Məğrur, külli-ixtiyar adlar Stivenin yaddaşı üzərindən – öz nadir düşüncələri, ehkam və adətlərin aramla yetişərək dəyişmələri, ulduzların kimyası kimi mis zənglərin zəfər çağrısıyla səslənib ötdü: et unam sanctam catholicam et apostolicam ecclesiam (53). Papa Marsellinin messasında (54) Həvari rəmzi (55) və solonu təşkil edən səslərin güclü qovuşuğu altında sayıq kilsə mələyi küfrçü bidətçiləri cəngavərcəsinə tərk-silah edərək önları təhdid edirdi.

Başlarına qızılı rəngli mitra papaqları geymiş bidətçilər güruhu: Fotius ilə Malliqanın da daxil olduğu rişxəndçilər sürüsü, bütün ömrü boyu Ata ilə Oğulun həmvücud olması fikrinə qarşı vuruşmuş Arius, İsanın dünyəvi bədənini rədd edən Valentin və Atanın Özünün Öz Oğlu olduğunu iddia edən (56) Afrikalı hiyləgər bidətçi Sabellius qaçıb aradan çıxırdı.

Malliqanın indicə dediyi sözlər qəriblər üstündə rişxənd etməkdi. Boş istehzaçılıq. Küləyi toxuyanları mütləq boşluq gözləyir (57): təhdid, tərksilah etmək və onlara məğlubiyyət gətirmək işini uca qamətli döyşkən kilsə mələkləri yerinə yetirir, həmişə Mixailin (58) döyüş anında müdafiəsində duran nizəli-qalxanlı silahlıları.

Yaşasın! Doğru qərardı! Sürəkli alqışlar. Zut! Nom de Dieu! (59).

– Təbii ki, mən bir ingilisəm – deyə Heynsin səsi gəlməkdə davam etdi – duyğularımla da həmçinin. Buna görə mən heç də öz ölkəmi alman yəhudilərinin əlində görmək istəmirəm. Məni qorxudan da bu milli problemimizdi.

Biri iş adamı, o biri qayıqçı olmaqla iki nəfər uçurumun kənarında dayanıb müşahidə edirdi.

– Bullock limanına doğru üzür.

Qayıqçı etinasızcasına körfəzin şimalına sarı işarə edərək yüngülcə başını yellədi.

– Ora beş qulacdı (60), – söylədi o. – Bir saatdan sonra qabarma başlayınca, onu oraya aparacaq. Bu gün doqquz gündü.

Boğulan adam. Bir yelkənli qayıq kimsəsiz körfəzdə burularaq dayanır, şişmiş bir bükülünün hər an su üzünə çıxmasını, duzdan ağarmış, köpmüş üzünü günəşə tutmasını gözləyir.

Bu da mən.

Dolanbac cığırla dar və kiçik bir buxtaya endilər. Kəl Malliqan qayalığın üstündə pencəksiz durmuşdu, külək qalstukunu çiyni üzərindən geri qaldıraraq dalğalandırırdı. Yaxınlığında qayanın çıxıntısından yapışmış bir gənc suyun həlməşikli qatılığında yaşıl ayaqlarını qurbağa kimi yavaş-yavaş açırdı.

– Qardaşın səninlədi, Malaki?

– Uestmitdədi, Bennonun yanında.

– Hələ də oradadı? Bennon mənə açıqça göndərib. Orada bir gözəl qız tapıb özünə. Fotoqız qoyub adını.

– Demək, çəkib? Qısa görüntülü, eləmi?

Kəl Malliqan çəkmələrinin bağlarını çözmək üçün oturdu. Qayanın çıxıntısı arxasından yaşlı bir adamın tosqun və qırmızı sifəti çıxaraq onunla burun-buruna dayandı. Bu adam daşın üstünə dırmandı, su onun daz başını halə kimi araya almış çələng şəkilli çal saçlarında paıldayır, sinəsiylə, qarnıyla süzülür, belinə sarıdığı qara dəsmalından şırıltıyla axırdı.

Kəl Malliqan kənara çəkilərək ona yol verdi, bu zaman Heynsə və Stivenə göz yetirdi, baş barmağının dırnağıyla (61) mömincəsinə alnına, dodaqlarına və döş qəfəsinə xaç çəkdi.

– Seymur yenə şəhərdədi – yenidən qayanın çıxıntısından yapışan gənc dilləndi – Tibbi buraxıb, orduya üz tutub.

– Tanrı xatirinə, bəsdi, – dedi Kəl Malliqan.

– Gələn həftə artıq kazarmada olacaq. Sən o Karlayldan olan kürən saçlı qızı tanıyırsan, Lili?

– Tanıyıram.

– Dünən axşam ləpədöyəndə onunla qucaqlaşıbmış. Atasının kalan pulu var.

– Pişiyini ağaca dırmaşdırıbmı onun?

– Onu Seymurdan soruş.

– Seymur – qanı qaçmış bir zabitdi! – dedi Kəl Malliqan.

– Şalvarını çıxararkən başını aşağı əyib yırğaladı və dikələrək basmaqəlib bir fikir söylədi:

– Kürən qadınlar keçi kimi qızıxmış olurlar.

Birdən həyəcanla qalxdı, əlini küləyin köpürdüyü köynəyinin altına salaraq böyrünü yoxladı.

– Mənim on ikinci qabırğam yoxdu (62). – deyə bağırdı – Mən Uebermensch (63). Dişsiz Kink və mən Supermenik.

O, köynəyini birtəhər çıxararaq komaladığı o biri paltarlarının üstünə atdı.

– Malaki, sən buraya girəcəksənmi?

– Hə, bir yataq aç mənə!

Gənc oğlan suyun içində geriyə sıçradı, qollarını iki dəfə güclü və bərabər qolaylamaqla üzərək kiçik buxtanın ortasına yetişdi. Heyns bir daşın üzərində oturaraq siqaret çəkmədəydi.

– Bəs siz girməyəcəksiz? – Kəl Malliqan soruşdu.

– Bir az sonra – cavab verdi Heyns. – Səhər naharını yenicə etmişəm.

Stiven çevrilərək yola düzəldi.

– Malliqan, mən gedirəm, – dedi o.

– Açarı versənə, Kink, – dedi Kəl Malliqan. – At köynəyimin üstə, qoy onu külək aparmasın.

Stiven açarı ona uzatdı. Kəl Malliqan onu qalaqlanmış paltarlarının üstə qoydu.

– İki pens də ver bir pint üçün. At oraya.

Stiven yumşaq paltar qalağının üstə iki pens attdı. Geyinirlər, soyunurlar. Kəl Malliqan qamətini dikəldərək, əllərini sinəsinə qoyaraq təntənəli şəkildə dedi:

– Kasıbdan çapqınçılıq edən, Tanrıya ödənc verər (64). Zərdüşt belə deyib.

Tosqun bədəni suya girdi.

Gülümsəyərək gedən çılğın irlandiyalı Stivenə sarı çevrilən Heyns:

– Görüşərik – dedi və o da gülümsədi.

Öküzün buynuzu, atın dırnağı, saksoniyalının gülüşü (65).

– Gəmidə! –qışqırdı Kəl Malliqan. – Birin yarısında.

– Yaxşı – deyə Stiven cavab verdi.

O, üzü yuxarı dırmaşan cığırla qalxırdı.

Uliata rutilantium

Turma circumdet.

lubilantium te virginum.

Ürkə-ürkə əynini geyindiyi hücrədə keşişin boz haləsi. Bu gün burada gecələməyəcəm. Evə də gedə bilmərəm.

Dənizdən ona sarı zərif və sürəkli bir səs əsirdi. Döngəni burulub əl elədi. Səs yenə gəldi. Sahildən uzaqlarda tünd qəhvəyi rəngli, hamar, girdə bir baş – bir suiti başı.

Çapqın.

Ardı olacaq

––––––––––––––––

QEYDLƏR:

1. Telemachus – "Ulysses"in birinci hissəsi (üç bölüm), Homerin poemasının ilk nəğməsi kimi, Atanın səyahəti haqda hekayətin önündə gedən Oğul mövzusunda proloq. Qısa süjet planı. Martello qülləsi, səhər saat 8. Roman dinamik bir şəkildə başlayır: önümüzdə dərhal kitabın iki mərkəzi konflikti: Stiven – Kəl Malliqan şəxsi müxalifliyi və İngiltərə – İrlandiya ideya qarşıdurması, eləcə də bir sıra önəmli motivlər boy verir; Bölümün süjet xətti bu ilk konfliktlərdən müəyyənləşir: Stivenin saxta dostu və paxıllıq edəni Kəl Malliqan, onu dolayı yolla məskunlaşdığı Martello qülləsindən sıxışdırıb çıxarır. Kəl Malliqanın şəxsiyyəti Stivendə bir çox emosional və mənəvi çəkingənlik yaradır, amma o mübarizəyə deyil, əksinə, canını məşəqqətə fəda etməyə meyllidi.

2. Salğarlı (əzəmətli, cantaraq). – Belə bir fərziyə var ki, romanın üç hissəsinin ilk hərfləri olan S-M-P əsərdə sillogizmi – məntiqi xülasəni formalaşdırmaqda xüsusi məna kəsb edir (subyekt – bağlantı – predikat). Bəzi nəşrlərdə və romanın əlyazmasında ("Düzəliş edilmiş mətn" də daxil olmaqla), sillogizmin sonunun ənənvi simvolu və ya "sübuta ehtiyacı olan" düsturu əvəz edən teoremin sübutu kimi, "İtaki"nin sonunda adi nöqtə yerinə qara dairə qoyulub; belə ki, roman düzgün və sonunacan sübuta yetirilmiş sillogizm kimi boy verir (Müəllif "Penelopa"ya ayrıca bir nəticə kimi, epiloq növü kimi baxıb). Bundan əlavə, S-M-P, həm də uyğun hissələrin baş qəhrəmanlarının adlarının baş hərfləridi: Stiven – Molli – Poldi. Amma Joyce-un özünün də fəal iştirak etdiyi fransız dilinə tərcümədə hərflərin müqəddəs üçlüyü qorunmadığı üçün şərhçilərin bu müdrikliyi bir qədər boşa çıxır (M-M-A da var); belə ki, ikinci hissənin baş qəhrəmanı daha çox Blumdu, nəinki onun arvadı.

3. Kasanı yuxarı qaldıraraq... oxudu. – Kəl Malliqan hoqqabazlıq edərək katolik messa ayinini və onun mərkəzi məqamı – Məsihin qanı və canında çörək və şərabın sirli əlaqəsinin əsaslandırılması anını parodiya edərək ələ salırdı. Messa ayiniylə əlaqə böyük detallarda ifdə edilib, bunlardan başlıca olanları göstərəcəyik. Kəl Malliqanın latın sözləri – messanı icra edən keşişin başlanğıcda car çəkməsinə işarədi. Təraş kasası – ayinin icrasında istifadə edilən müqəddəs qabı imitasiya edir. Bu zaman oxunan duanı Kəl Malliqan təlxəkcəsinə dəyişərək, başqa cür ifa edir; onun fit çalması ayinin bitməsini bəyan edən kilsə zənginin səsini bildirir. O, həm də karnaval əllaməçiliyi elementlərini, yəni, ağ qan kürəciklərinin əmələ gəlməsində çətinliklər haqda və verilən elektrik enerjisinin söndürülməsi barədə "elmi qeydlər" əlavə etməklə Tanrının dini ayini yerinə yetirməsi üçün bunları şərt kimi irəli sürməyi lazım bilir. Nəhayət "Xristina" ("Məsihə"), yəni "Xristos" (Məsih) sözünün qadın cinsi olması, Malliqana görə, düşünməyə vadar edir ki, mövcudiyyətdə " Qadın cinsində Məsih" meydana gəlir. Bu cür küfrü müxtəlif yöndə şərh etmək olar; şərhçilər burada iblisin xidmətinə işarə görürlər – yəni, qara messanı qeyd edirlər ki, onunda ayin icrasında səcdəgah kimi çılpaq qadın bədəni götürülür. İfadə açıq-aydın Qoqarti tərəfindən işlədilib; artıq "Qəhrəman Stiven" dönəmində yazılmış monoloqda Doqerti deyir: "Bazar günləri mən cüzi də olsa, istifadə edirəm. Məsihəni semel in die. Adamı lap gülmək tutur! Amma bunu xalamın xatirinə edirəm."

4. Introibo ad altare Dei. – və tanrı Qurbangahına girərəm (lat.)

5. ...toplar üçün nəzərdə tutulmuş meydança. – Qüllə hərbi istehkam kimi tikilmişdi.

6. orta əsr prelatı – şərhçilər çoxdan qərara gəliblər ki, bu incəsənəti himayə etməsiylə yanaşı ağlasığmaz əxlaqsızlıqları və cinayətləriylə şöhrət tapmış, Aleksandr Bopciyadı (1431-1503, Papa VI Aleksandr – 1492-1503). Burada şübhə də etmək olar, belə ki, prelat obrazı olduqca ümumiləşdirilmiş şəkildə verilib, Bordcia isə, orta əsrlərə deyil, İntibah dövrünə aid klassik bir fiqurdu.

7. Sən batanları xilas etmisən. – Bunu ən azı üç dəfə – 1898, 1899 və 1901-ci illərdə Qoqarti etmişdi.

8. Epi oyonopa ponton (yun.). – Şərab rəngli dəniz – I Nəğmədə yer alan Homer vəsfi.

9. Thalatta! Thalatta! – Dəniz! dəniz! – Kcenofontun "Anabazis"də (IV, 7,24) söhbət açdığı, İrandan "çıxış" həyata keçirərək Qara dənizə yetişmiş alman hərbçilərinin xrestomatik çağırışları.

10. Böyük və gözəl ana – "Mən böyük və gözəl anamızın yanına qayıdacam / Hamımızın sevgili anasının – dənizin yanına ". Algernon Charles Suinburne. "Zamanın zəfəri". İngilis simvolizmi və dekadansının təşəbbüsçüsü Suinburne-ə sevgi, yunan antikliyinə pərəstiş, müasir həyatın "ellinləşdirilməsi" haqda boşboğazlıq – bütün bu əlamətlər Kəl Malliqanı öz dövrünün estetizmilə məşğul bir ziyalısı kimi təqdim edir. Stivenin mövqeyini Joyce xüsusi təsvir edir: hələ sabit olmayan, ümumi baxışları və zövqləri açıq- aydın qəbul etməyən bir insan kimi. Ellinləşdirmə – bu anlayış və şüarı, yazıçı, şair və esseist, viktorian İngiltərəsində böyük nüfuz sahibi Arnold Metyunun (1822-1888) "Mədəniyyət və anarxiya" əsərində irəli sürülmüşdü (1869). Arnoldun fikrinə görə, ingilis cəmiyyəti həddən artıq "yəhudiləşdirilmişdi", bununla belə praktisizmə bağlıydı, ənənələr hökmünə və intizamına tabeydi və "ellinləşməyə" – yəni uyuşqanlığa, dözümlüyə, təmənnasız biliyin tətbiqinə başlamağa ehtiyacı vardı. Bir qədər sonra digər müəlliflər və hamıdan öncə Suinburne ellinləşdirmə anlayışına hisslərin buxovdan azad edilməsi , təbiətlə eyniləşmə və incəsənətdən zövqalma motivlərini əlavə etdilər.

11. ...ananı sən öldürmüsən... – 1904-cü il 29 avqustda Nora məktubunda Joyce yazırdı: "Anamı tədricən davam edən atamın səfeh münasibətləri, daim gərgin keçən illər və mənim davranışımdakı açıq-aşkar abırsızlıq öldürdü ".

12. ...fövqəlbəşər bir şimallıyam – bu, hiperboreylərə işarədi; yunan əsatirlərinə görə, ibyidai anlamda "boreydən (şimal küləyindən) o yanda" məskunlaşmış xalq əbədi bahar və xoşbəxtlik həddində olur. Amma Nitşe "Antixrist"də (1895) "hiperboreylərə" ayrı cür şərh verərək "ultranordlar" kimi təqdim etmişdi, özlərini ənənvi xristian əxlaqından yüksək tutan qiperboreyləri "fövqəlbəşər" adlandırmışdı. Söz yox, Malliqan ikinci mənanı qəbul edirdi.

13. ...ana... dizləri üstə çökərək ondan ötrü dua etməsini yalvarır... – aşağıda görəcəyik ki, Stiven diz çökməkdən və bütün ailə ilə birlikdə anasının ömrünün son saatlarında dua etməkdən imtina edir. Həyatda da belə olmuşdu, amma Joyce-un anası Mey Merri ölümqabağı şüursuz olmuşdu və heç nə xahiş etməmişdi, yazıçının kiçik qardaşı Stanislav da dua etməkdə imtina edibmiş.

14. ...sənin canında nəsə... bir nifrin var... – 10 sentyabr 1904-cü il tarixdə Nora mətubunda Joyce yazırdı: "İçimdə nəsə şeytani bir hiss var, buna görə, mən başqalarının haqqımda söylədikləri fikirləri puça çıxarmağı, əslində bir eqoist, təkəbbürlü və hiyləgər, insanlara qarşı laqeyd olduğumu onlara sübut etməyi sevirəm." Kəl Malliqanın Stiven haqda fikir yürütməsi, birtərəfli, kobud və etinasız olmaqla yanaşı adətən həqiqət əlamətini və Joyce ilə Qoqart arasında münasibətlərin real tarixçəsini də özündə ehtiva edir.

15. ...boz... geyə bilmərəm... – Boz şalvardan imtina, Stivenin anasının matəminə ciddi riayət etməsini vurğulaması, onun Hamletə bərabər tutulmasına dəlalət edir. Şekspir də Hamletin öz atasının matəminə bu cür münasibət göstərdiyini yazır.

16. ...mavi gözləri oynaşan... – 12 avqust 1905-cö il tarixdə Joyce qardaşına Qoqarti haqda yazır: " Onun oynaşan gözlərinin sağa, sola necə vurnuxduğunu təsəvvür edirəm..."

17. O da, başqaları da məni bu cür görür – P.Bernsin "kilsədə ibadət vaxtı gözəl geyimli bir xanımın şlyapasında şairin gördüyü cücüyə" adlı populyar şeirindən (1786).

18. Ursula – "11 min qızın yürüşü"nə başçılıq etmiş, nigahsızlığın və bakirəliyin təbliğatını aparmış, xristianlığın ilkin çağlarında şəhid olmuş müqəddəsin adı.

19. "Calibanın qəzəbi..." – Oskar Uayldın (1854-1900) "Doriana Qreyanın portreti" romanına yazdığı ön sozdəki aforizmdən bir parafraz (1891).

20. ...xidmətçinin çatlamış güzgüsü... – "Çatlamış güzgü" motivi Uayldın "Yalanın məhvi" essesində (1889) işlətdiyi məşhur "Həyat İncəsənəti təqlid edir" qeyri-adi mükaliməsindən meydana gəlib.

21. Cranlynın əli. Onun əli. – tələbəlik illərində Joyce-un yaxın dostu Jon Bern olmuşdu, araları dəyəndən sonra isə, onu Qoqarti əvəz etmişdi. Joyce-un nəsrində onların hər ikisiylə münasibəti müfəssəl əks olunub; Bern surəti "Stivenin qəhrəmanı" və "Portret"də Krenli adı altında qabardılıb və burada Joyce, "Portret"in sonundakı səhnəyə müraciət edir, eynən orada da Krenlinin etdiyi kimi, indi Malliqan da Stivenin əlini özünə sıxır.

22. "Ulysses"in ilk müəmması: Oksfordda olmayan Stivenin guya orada olarkən xatırladığı, özü də bütün parlaqlığıyla, şəxsən gördüyü, kimdənsə eşitmədiyi Clive Kempthorp səhnəsi. Seymur – Kəl Malliqanın dostu (onun haqqında ən çox bölümün sonunda), Clive, Ades – tanınmayan şəxslər. Ağbənizlilər – irlandların ingilislərə verdikləri ayama. "Xəbər" ifadəsi kovboyun ölümü haqda populyar amerika nəğmısindəndi. Maqdalen – Oksfordda Müqəddəs Maqdalen kolleci.

23. omphalos (yun.) – göbək; torpağın göbəyi. Stivenin ağlından çağdaş ideya hərəkatlarının şüarları keçir. " Bizim özümüz... " – öncə ədəbiyyat və mədəniyyət, sonra isə siyasi sahədə irlandların vətəmpərvərlik hərəkatının şüarına çevrilmiş gellərin "Shaynn fayn" şüarı. " Yeni bütpərəstlik" antik ideallara bağlı daha gənc və radikal olanlar, xüsusilə də Uilyam Şarp (1855-1905) tərəfindən bəyan edilmişdi. "Omphalos" – "Odissey"də "dənizin göbəyi" anlamındadı, pəri adası Kalipsoya deyilir; yunanlar həm də Delfiya məbəd və orakuluna "yerin göbəyi" deyirdilər. "Ulysses"də Martello qülləsini Malliqan omphalos adlandırır. Həyatda isə, Qoqarti yarızarafat, yarıciddi onun yeni bütpərəstliyin məbədi, orakulu olacağını bildirir və belə adlandırırdı.

24. Mənim xatırladıqlarım ancaq fikirlər və duyğulardı. – Malliqan öz unutqanlığına fəlsəfi cəhətdən belə bəraət qazandırır: John Lockedən gələn ingilis fəlsəfi-psixioloji ənənəsinə görə, insan yaddaşı olub-keçənlərin obrazlarını bütünlüklə deyil, yalnız fikirləri və duyğuları özündə saxlaya bilir.

25. ananın gəbərməsi... – Görünür bu, və ya buna bənzər hansısa bir ifadə, eləcə də, onun doğurduğu təəssürat reallıqdan gəlirdi. 10 yanvar 1907-ci ildə Joyce qardaşına yazırdı: "Belə bir yenilik: "O.Q.-nın "anası gəbərdi". O, bu ifadəni dırnaqda göstərməklə deyimin ona məxsus olmadığını bildirirdi (ehtimal ki, bu ifadə elə O.Q.-ya məxsus olub).

26. Yezuit mayası – Loyoldan (İgnacio López de Loyola, 1491-1556, Yezuitlər Ordeninin banisi) aşağı yezuit mövzusu Stiven şüurunun inadcıl-doqmatik yanaşmalarından biriydi, kilsəylə üzülüşməsinə baxmayaraq onu qoruyub saxlayırdı. Bunu, çox vaxt Joysenin özü haqda da deyirdilər. Ümumilikdə isə, o, bunun doğru olduğunu etiraf edirdi.

27. Sır Piter Teazle – Richard Brinsley Sheridanın "Qeybət məktəbi" pyesinin personajı (1777); Mey Merry öz həkimini belə adlandırırdı.

28. "...kənara baxırsan könül yasıyla..." – Uilliam Butler Yeats-in (1865-1939) "Fergusun ardıyca kimdir" şeirindən. Növbəti abzas bu şeirdən gətirilmə gizli sitatlar üzərində qurulmuşdur. Joyce bu şeiri çox sevirdi və az qala onu dünya poeziyasında ən güclü şeir sayırdı.

29. "Acı sular" – Müqəddəs Kitabdan ( 5, 18.) bir ifadə.

30. Kainatın yaddaşı – İngilis teosofu Alfred Percy Sinnettin (1840-1921) təlimindən bir anlayış; Universal Yaddaşın ümumteosofik konsepsiyasının dünyanın yaranmasıyla bağlı bütün ideyaların və baş verənlər haqda bilgilərin qorunub saxlandığı variantlarından biri.

31. ...sirli kəlmələr... fani qəbir çürüntüləri... – bütün bu gözlənilməzlik, demək olar ki, eynilə "Triyest qeyd kitabçası"ndan götürülüb.

32. ...Liliata rutilantium te confessorum turma circumdet: iubilantium te virginum chorus excipiat... – qoy səni zambaq çələngli övliyalar güruhu alsın araya və qoy şadlıq edən qızlar xoru sevindirsin səni (lat.) – ölənlər üçün bir katolik duasından.

33. Qulyabanı! Ölüyeyən! – Stivenin beynində səslənən bu hayqırtıyla onun küfrü və Tanrıya qarşı olması, Kəl Malliqanın təlxəkliklə istehza etməsindən fərqli olaraq açıq və qiyamçı bir tərzdə üzə çıxır. Ölüyeyənə 14 və 15-ci bölümlərdə də rast gəlinir.

34. Stivenin balacalıqda alovlu dindar olması haqda "Portret"də söhbət açılır; qulluqçular qulluqçusu Tövratdan gəlmə ifadədi. (Tövrat – 9, 25).

35. ...In nomine Patris et Filii et Spiritus Sancti... – Ata, Oğul və Müqəddəs Ruh naminə (lat.).

36. Yaşlı Grogan ana... – Məzəli irland nəğmələsinin personajı.

37. Bu ki folklordu ... – Kəl Malliqanın folklor haqda replikası: Uilliam Butler Yeatsın lider olduğu İrland ədəbi dirçəliş dairələrinin kelt qədimliyinə aludəçiliyinin məzhəkəyə çevrilməsi. Şərhçilər balığabənzər ilahəni fomorlarla ("alçaq iblislərlə"), nəhənglər dənizində yaşayan mifik tayfayla eyniləşdirirlər; bu əlaqədən başqa, onlar Balavatskinin "Sirli doktrina"sında iştirak edirlər. Dundurum onlarla əlaqələndirilir, belə ki, bura Nəhənglər Cığırı – Dublindən şimalda, sahildə yerləşən meqalitlərin (meqalitlər – iri daşlardan qayrılmış qədim tikililər – qəbirlər) məşhur kompleksinin olduğu yerdi. Amma Dundurum başqa bir deyimlə də bağlıdı: kənddə Yeatsın bacıları eyni adla "Dun Emeyr Press" nəşriyyatı və irland sənətkarlığının dirçəliş mərkəzi yaratmışdılar, nəşriyyat Yeatsın və digər vətənpərvərlərin kitablarını əl üsuluyla çap etməliydi. Sehrbaz bacılar eyni zamanda "Maqbet"də cadugərlərə müraciət edirlər (I pərdə, III səhnə). Və sonuncu eyham: "Dun Emer Press" köhnə İrlandiya üslubu hesabına 1839-cu ilin fəlakətli "böyük qasırğa"sı barədə kitab buraxanda tarixi belə qoymuşdular: "1903-cü ilin böyük qasırğası" (1903-cü ildə isə həmçinin dağıdıcı qasırğa olmuşdu).

38. ...Mabinogion... – ("Gənc bardlara öyüd" – uells dilində) 1838-cü ildə Upanişad şəhərində nəşr olunmuş kelt və fransız mənşəli uells rəvayətləri toplusu, induizmin kosmoqonik və fəlsəfi mövzularda müqəddəs mətnləri; onların xatırlanması hind mistik düşüncə tərzinin İrland Dirçəliş dairələrində genişlənməsinə işarədi.

39. ... Artıq ətlərin toplayıcısı... – Kəl Malliqanın Tanrıyla bağlı bir qədər yerinə düşməyən növbəti küfrü; çünki, burada artıq ətlərin toplayıcısı dedikdə, sünnət olunmaq məsələsi irlandlara deyil, yəhudilərə aiddi.

40. ...Zavallı yaşlı qadın və ipək kimi inək... – İrlandiyanın amansız milli məşəqqət çağlarında meydana gəlmiş kinayəli adı (XVIII əsr); o zaman irlandları millət hesab etmək qadağan idi. Südsatan qadının gəlişi rəmzi olaraq Stiven üçün Vətənin təzahürü kimi təsvir edilir və Yeatsda bütün gözlənilməzliklər, hər şeydən öncə isə, "Cathleen ni Houlihan" (1902) vətənpərvərlik dramındakı gəlişmələr İrland mövzusunun motivləriylə uzlaşır.

41. ...siz qərblisiz... ötən əsrin əvvəllərində gel dili ancaq İrlandiyanın qərbində danışıq dili kimi qalmışdı.

42. "... Olub qalanımı sizə verdim..." – Algernon Charles Suinburnenin 1871-ci ildə çıxmış ilk "Dan sökülüşü öncəsi nəğmələr" kitabındakı "Qurban" şeirindən.

43. "... İrlandiya gözləyir..." – İngiltərənin İrlandiyaya dəyişdirilməsi ilə, Trafalgar yaxınlığında döyüş günü (1805) admiral Helsonun işlətdiyi tarixi ifadə.

44. ...Vicdan əzabı... – orijinalda Agenblte of inwit, orta ingilis dlində modernləşdirilmiş yazılışı Ayenbite of inwyt kimidi; bu, müasir oxucuya anlaşılmazdı, təxminən "Vicdan əzabı"na bənzər bir ifadədi və bu, Monax Lavrenty Qally tərəfindən kral II Filipp üçün yazılmış "Günahlar məcmusu və yaxşılıqlar" traktatının farnsız dilindən tərcüməsində Nortgeytdən olan Den Mishel tərəfindən işlədilmişdir.

45. ...Amma ləkələr yerindədi... – Ləkə (əldə qan ləkəsi), "Maqbet"in beşinci pərdəsinin məşhur motivi.

46. ...Və onun geyimləri Malliqandan soyunduruldu... – İlkin messa ayinində olduğu kimi. Kəl Malliqan, Məsihin ifşa edilməsindən, Pyotrdan üz döndərilməsinə qədər İsanın İztirablarını parodiya edir.

47. "...Mən özümə ziddəm..." – bu misra U.Uitmenin (1819-1892) "Özüm haqda nəğmə" şeirindəndi.

48. ...Bunları Billy Pittin göstərişiylə inşa ediblər... – hadisənin cərəyan etdiyi Dublinin Martello tipli qüllələri İngiltərədə baş nazir Billy Pitt dönəmində (1759-1806) inşa edilmişdi.

49. ...Ata axtarışında olan Japhet... – "Ata axtarışında olan Japhet" (1836) – F.Merriettin romanı (1792-1848). Japhet (Yafət) – Tövratda Nuhun kiçik oğlu; "ata axtarışı" – Stiven mövzusunun leytmotivlərindən biri.

50. "...Dəniz üzərindən asılmış dəhşətli bir sıldırım..." – "Hamlet" I, 4.

51. "...Çox qəribə bir cavanam..." – Qoqarti tərəfindən yazılmış balladadan bir şeir; bu, ötən əsrin əvvəllərində Dublində nəşr olunmamış folklor nümunələri içində kifayət qədər məşhur idi.

52. "... Amma acı dadsa da, mən onun çörəyini yeyirəm... " – Dante misrasının parafrazı: "Amma ağzımdakı özgə tikəsi acı dadır". Cənnət, XVIII, 58.

53. "...et unam sanctam catholicam et apostolicam ecclesiam..."– müqəddəs katolik və apostol kilsələri naminə (lat.)

54. ...Papa Marsellinin messası... – 1555-ci ildə ölmüş (pontifikliyinin cəmi iyirmi ikinci günü) Papa ikinci Marsellinin xatirəsinə yazılmış Palestrinin məşhur messası. Joyce ona yüksək qiymət vermişdi: " Palestrin "Papa Marselli üçün messa" yazmaqla bir musiqiçi kimi özünü ötüb keçdi və kilsə musiqini xilas etdi".

55. ...Həvari rəmzi... – Qərbdə xristian dininin rəmzi kimi qəbul edilərək ümumiləşdirilmiş ifadə. Katolik ənənsində onun 12 üzvü, 12 həvariylə (apostolla) müqayisə edilir.

56. Stivenin şüurundan adlayan adlar, tamamilə ayrı-ayrı fiqurlara məxsusdu, onları birləşdirən odu ki, katolik ilahiyyatı onların hamısını küfr təliminin müəllifləri hesab edir. Pravoslavlığın görkəmli nümayəndəsi, 1054-cü ildə Kilsələrin bölünməsinə səbəb olmuş "ikitirəliyin" təşəbbüsçüsü kimi katoliklərin kəskin hücumlarının nişangahı, Konstantinopol patriarxı Fotiy (təx. 820-891). Tanrı Oğlunun yaranışı haqda elmin banisi, 325-ci ildə Nikey məbədi tərəfindən müqəddəs Böyük Afanasinin Ata və Oğulun həmvucudluğu haqda təliminin nəfinə bidətçi kimi rəd edilən Arius (təx. 256-336). Xristianlığın ilkin çağlarında bu din ətrafında geniş yayılmış qnostisizm sisteminin (xristian dini, yunan idealist fəlsəfəsi və Şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan) müəlliflərindən biri; qnostisizm tərəfdarları üçün səciyyəvi hal kimi spiritualizmə (spiritualizm – materiyanı deyil, ruhu həqiqi gerçəklik hesab edən mürtəce fəlsəfi cərəyan, ruhiyyun məsləki – idealizmin bir növü) meyl edən, xüsusilə, İsanın dünyəvi bədənini qəbul etməyən, onun yalnız təmiz ruhdan ibarət olduğunu təsdiqləyən Valentin (II əsr). Modalizmin nümayəndəsi (modalizm – II-III əsrlərdə monarxizmi ikiyə bölmüş (dinamizmlə birgə) iki əsas antitrinitar xristian cərəyanından biri), bidətçi, Müqəddəs Üçlük İpostasını ayrı-ayrı Şəxsiyyətlər kimi qəbul etməmiş, vahid Varlığın müxtəlif görünüşlərdə zühur etmək üsulunu vurğulamış və onların fərqinin yalnız görüntü olduğu fikrini təlqin etmiş Sabellius (III əsr). Sonrakı bölümlərdə Stiven, Ata və Oğulun əlaqəsi haqda öz düşüncələrində tez-tez bu təlim haqda xatırlayır (3, 9, 14-cü bölümlər).

57. "...Küləyi toxuyanlar..." – "Küləyi toxumaq" obrazı John Uebsterin (1578-1634) "İblisin cinayət işi" tragikomediyasına daxil olan nəğməsindəndi.

58. ...Mixailin döyüş anında... – "Mixail qoşunu" ifadəsi katolik ibadətlərinin sonuna aid olan dualarda işlədilir. 4-5-ci bölümlərdə Blum, da onu eşidəcək Stiven kimi o da həmin buludu görəcək. Joyce bu cür mikrodetallarla romanın iki xətti arasında əlaqə və uzlaşma olduğunu təsdiqləyir.

59. Zut! Nom de Dieu­! – Lənət olsun! Cəhənnəm ol! (fran.)

60. ...beş qulac... – suda batmış adam mövzusunda Şekspir motivi. ("Fırtına", I, 2).

61. ...baş barmağının dırnağıyla... xaç çəkdi... – ibadət zamanı, İncili oxumamışdan öncə bu cür xaç çəkilir.

62. ...Mənim on ikinci qabırğam yoxdu... – İlk insan – Adəmin bir qabırğası olmayıb. Malliqan, bu üzdən, Adəmi Nitshenin fövqəlinsanı elan edir, bundan ötrü ona belə bir bəraət mümkündü: " Zərdüşt belə demişdi" kitabının 5-ci fəslində təsdiq edilir ki, "hər şeydən çox nifrətə layiq... sonuncu insandı"; buradan, belə hasil olur ki, ilk insan – ən ləyaqətlidi, eyni zamanda, fövqəlinsandı.

63. Uebermensch – fövqəlinsan (alman.)

64. "...Kasıbdan çapqınçılıq edən, Tanrıya ödənc verər..." – Pritç şeirindən (19, 17) yerdəyişmə: "Kasıba əl tutan – Tanrıya borcunu qaytarır".

65. "...Öküzün buynuzu, atın dırnağı, saksoniyalının gülüşü..." – Qısaldılmış İrland atalar sözü: "Öküzün buynuzundan qorx, atın dırnağından və ingilisin gülüşündən".

XS
SM
MD
LG