Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Masallıda meşədə yaşayan bir ailənin sərgüzəşti...


Yerdə xalçalar sərilib. Bir tərəfdə qablar tökülüb...
Yerdə xalçalar sərilib. Bir tərəfdə qablar tökülüb...

-

Masallı rayonu Lürən kənd sakini Abdulla Şükürov 3 aydır ki, ailəsi ilə birgə meşədə yaşayır. Özü və həyat yoldaşı İfadə Şükürovdan başqa azyaşlı uşaqları - 8 yaşlı Təhmasib və 6 yaşlı Cahan da bu acınacaqlı şəraitə dözməli olur. Abdulla Şükürov həm də ikinci qrup vərəm xəstəsidir.

Onların qaldığı meşənin yaxınlıqdan Bakı-Astara yolu keçir. Bu yoldan nazirlər, yüksəkvəzifəli məmurlar da keçib. Lakin acınacaqlı vəziyyətdə yaşayan ailənin dadına çatan olmayıb. Ailə gecəni şam işığında, açıq səma altında keçirir.

ŞÜKÜROVLAR AİLƏSİ NİYƏ MEŞƏDƏ YAŞAYIR?

Ailə başçısı Abdulla Şükürov deyir ki, onun evi yoxdur və atasına məxsus torpağı mənimsəyiblər. Odur ki, meşəyə sığınmaq məcburiyyətində qalıb:

«Məni o kəndən çıxardıblar. Nə orda ev var, nə orda yurd var, nə orda yaşayış var. Biz üçüncü aydır burdayıq. Təzə gəlmişdik, işıqları söndürdülər ki, biz gecə qorxaq. İndi də deyirlər sökün buranı, gedin. Hara gedək? Mən öz rayonumdan hara gedim?».

Yerdə xalçalar sərilib. Bir tərəfdə qablar tökülüb. Bir az kartof və şüşə qabda şəkər gördük. Abdulla Şükürov deyir ki, yaxınlıqda olan küçə işıqları meşəyə də düşür. Həmin işığı da onlara çox görürlər.

Abdulla Şükürov
Abdulla Şükürov

«UŞAQLARIM QARANLIQDAN QORXUR»

Abdulla Şükürovun həyat yoldaşı İfadə Şükürova bildirir ki, oğlu bu il ikinci, qızı isə birinci sinfə gedəcək. Məktəb ləvazimatlarını almaq üçün imkanları yoxdur:

«Uşaqlardan heç birinin paltarı yox, çantası yox, dəftəri yox, qələmi yox. Necə məktəbə getsinlər? Keçən il başqası paltar alıb. Balaca bir ev istəyirəm, uşaqlarımı ora aparım. Uşaqlarım qaranlıqdan qorxur».

Abdulla Şükürov ilə onun doğma kəndi Lürənə üz tuturuq. Lürənə gedən yola asfalt çəkilib. Abdulla Şükürovun ata babasının evinə baş çəkdik. Ev dağılmaq üzrədir. Üstü tökülür, divarlarda çatlar var. Hiss olunur ki, bu evdə uzun müddət adam yaşamayıb. Abdulla Şükürov deyir ki, deputat Elmira Axundova burda olub. Ona 2 min manat yardım təklif edib. Lakin bu pulu qəbul etməyib.

RƏSMİLƏR NƏ DEYİR?

Lürən ərazi icra nümayəndəsi Zakir Əbilovla da görüşə bildik. Onunla birlikdə Abdulla Şükürovun ata-babasının evinə qayıtdıq. İcra nümayəndəsinin deməsinə görə, Abdulla Şükürov meşədə yaşamaqla tərslik edir. O qeyd edir ki, Abdulla Şükürov bu kəndə doğulub və 1999-cu ilə kimi bu evdə yaşayıb:

Abdulla Şükürovun ata-babasının evi
Abdulla Şükürovun ata-babasının evi

«Ordudan geri qayıtsa da burda yaşamayıb. Rəhmətlik qardaşı Samir də burda yaşayıb. O da vərəm xəstəsi olub. 22 sot həyətdir. Atası 2010-cu ildə bu evdə vəfat edib. Evdə heç kəs olmayıb. Onun ölümü bir gündən sonra məlum olub. Bu övlad bir dəfə də atasına baş çəkməyib ki, ata nə vəziyyətdədir. Ata da vərəm olub. Belə bir adam deyir ki, mənim heç bir torpağım yoxdur. Düz deyil».

İcra nümayəndəsinin deməsinə görə, bu evin də, torpağın da faktiki sahibi Abdulla Şükürovdur:

«Ev babadan ataya, atadan oğula qalır. Dörd ildir heç kəs burda yaşamır. Yaşanmayan həyət necə olar? Neçə vaxtdır ona deyirəm gəl, yaşa burda. İcra aparatında da deyirlər gəlsin yaşasın burda, gömək edək. İmtina edib. Elmira xanım, deputat bu həyətə gəlib, deyib təmir edirəm, yaşa».

Abdulla Şükürov isə adında olmayan evi istəmədiyini, meşədə yaşayacağını bildirir...

XS
SM
MD
LG