Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

-

Könül Həsənqulu

APREL

1

Yenə aprel...

Günün altında əyilib

Quyruğunu yalayır

Dünyanın ilk gimnastı

Mənsə dayanıb

Onun

Kürəyindəki zolaqları sayıram

2

Yenə aprel...

Dağılıb küçəyə uşaq səsləri

İpi qırılmış qadın boyunbağının

Döşəməyə dağılan muncuqları kimi

Atılmış oyun topu küçə uzunu

Sevişir

Asfalt daşlarıyla

3

Yenə aprel...

Otaqdakı sükut haraylayır

Uzaq

Sevgilini

Qaşlarımın düyünüylə dərhal

Sükutu

Danlayıram!

4

Yenə aprel...

Lənətə gəlsin tərcüməçi zehnini!

Onunla bütün söhbətimizi

Söz-bə-söz xatırlayıram

Bu məqam telefonuma sms gəlir

Telepatiya?!

– “MANGO`dan yaz endirimləri...”

OĞLUMA MƏKTUB

Saçlarımı xınaladım, oğlum...

Amma qorxma

Hələ böyütməyəcəyəm içimdə kimsəni

Səni müharibədən

On yeddi il əvvəl doğacağam

Söz verirəm!

Söz verirəm ki

Çiçək-böcəklə keçməyəcəkdi

Sənin əsgərliyin

Yerindəcə addımlamayacaqsan sən

Oyuncaq əsgərlər kimi

Hər gün

Paytaxt asfaltında

Yooox...

Sən ­–

Silaha ilk dəfə baxanda

Pozacaqsan

Düşmən alnındakı

Qırışların sahmanını!

Əllərimi xınaladım, oğlum...

Darıxıram

Bax buludlardan Yer kürəsinə

Qurbanın olum

Gör neçə il qalıbdı müharibəyə?

ÇİN BALETİ

“Qırmızı qadın ordusu” baletinin 50 illiyinə həsr olunur

Əllərində qırmızı bayraqlar

Və silah

Dayanıb bir ordu qadın döyüş paltarında

Əyilməz qamətlə

Sıçrayışla dövr etdikcə onlar –

Ayaq barmaqları ucunda

Dalğalanııır

Dalğalanıır

Dalğalanır saysız-hesabsız

Qıp-qırmızı bayraqlar havada!

Aprel 2014

DOSTUMA

Aç qaşlarının düyününü

Dostum

Bu yazdıqlarım –

Sadəcə söz oyunlarıdı

Qorxma

Topuqlarımı yaralayan o kol

Ürəyimə qədər qalxmağı

Heç bacarmadı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG