Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

İlham Əliyev: «Yemək bişirmək əsgər peşəsi deyil»


İlham Əliyev cəbhə bölgəsində – 6 avqust 2014
İlham Əliyev cəbhə bölgəsində – 6 avqust 2014

-

Şənbə mətbuatı nədən yazır

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Füzulu rayonuna səfərindən geniş reportaj verib. Qəzet yazır ki, İlham Əliyev Horadizdə bir ailənin qonağı olan zaman orduda mülki şəxslərin işə götürülməsindən danışıb:

«Buna mən göstəriş vermişəm. Çünki əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətdən ayırırdılar, onlar gedib orda xidmət sahəsində işləyirdilər. Göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaatı götürsünlər».

İlham Əliyev deyib ki, xüsusilə zabitlərin öz doğma rayonlarında işləməsini daha uyğun sayıb:

«Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar. Orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burda qısa müddətdə minlərlə iş yeri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil».

CƏMİL HƏSƏNLİ: «HAKİMİYYƏT QAYDASIZ OYNAYIR»

«Yeni Müsavat» qəzeti 30 avqust sayında Milli Şuranın sədri Cəmil Həsənliylə müsahibəni «Hakimiyyət qaydasız oynayır» sərlövhəsi ilə yayımlayıb. Cəmil Həsənli müsahibəsində hüquqşünas İntiqam Əliyevin həbsinin səbəblərindən danışır:

«2010-cu il parlament seçkilərindən Avropa Məhkəməsinə verilən şikayətlərin böyük bir hissəsinin vəkili İntiqam bəydir. Həmin şikayətlər isə baxılma mərhələsinə gəlib çatıb. 76 ərizədən 51-i məhkəmə araşdırması üçün qəbul olunub. Bu 51 ərizənin böyük hissəsinin vəkili İntiqam bəydir.

Cəmil Həsənli
Cəmil Həsənli

Belə vəziyyətdə hökumət nə edir? Həmin ərizə sahiblərini çağırıb, bir-bir söhbət edir ki, bəli, biz qəbul edirik ki, sizin haqqınız pozulub və bunun müqabilində maddi kompensasiya ödəyirik sizə. Ucdantutma yeddi min beş yüz avro. Siz isə ərizənizi geri götürün. Ərizəçilər ehtiyac içində olsa da, ancaq hökumət əmin deyil ki, hamı bu təkliflə razılaşıb ərizəsini geri götürəcək. Ona görə vəkili həbs edirlər ki, kommunikasiya mərhələsi dayansın. Həbsə heç bir aidiyyəti olmayan məhkəmə iddialarını və yazışmaları isə İntiqam bəyin ofisindən müsadirə etdilər. Çünki 51 iş haqqında beynəlxalq qərar qəbul olunsa, bu o deməkdir ki, parlamentin 40 faizi saxtadır. Deməli, bu halda parlamentin legitimliyi şübhə altına düşür. Prosesin qarşısını almaq üçün bəri başdan vəkili təcrid etmək lazım idi».

«UKRAYNA QARABAĞ MÜNAQİŞƏSİNİ UNUTDURMAYIB»

Politoloq, deputat Rasim Musabəyov Media forum saytına müsahibəsində deyir ki, Ukrayna hadisələri Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmayıb. O deyir ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu Soçi görüşündən sonra Fransa da onların görüşünü təşkil etməyə çalışır:

«Prezident François Hollande-nin bununla bağlı təklifi qüvvədə qalır. ABŞ da belə bir təşəbbüslə çıxış edib. Vaşinqton təklif edir ki, BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində İlham Əliyevlə Serzh Sarkisian-ın görüşü olsun. Görüş ya ABŞ prezidenti Barak Obama-nın, ya da dövlət katibi John Kerry-nin iştirakı ilə baş tuta bilər.

Rasim Musabəyov
Rasim Musabəyov

Bunlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin gündəmindən çıxdığını söyləmək yanlışdır. Sadəcə olaraq Ukraynada böyük müharibə gedir, təhlükəli müstəviyə keçir. Belə bir vəziyyətdə bütün dünyanın diqqəti Ukraynaya yönəlib. İsrail Fələstinə qarşı ağır müharibə apardı, iki mindən artıq insan qırıldı, onların da əksəriyyəti Qəzzada yaşayan fələstinli qadınlar və uşaqlar idi, amma BMT Təhlükəsizlik Şurası bu məsələyə ciddi diqqət yetirmədi. Çünki bütün diqqət Ukraynaya yönəlib və dünyada baş verən digər hadisələr kölgədə qalır. Sanki Suriyadakı durum da yaddan çıxıb, amma əslində çıxmayıb, hamı Ukrayna haqda düşünür və danışır, ona görə ki, bu münaqişə bütün dünya üçün təhlükəlidir».

«MONOPOLİYA SƏHMDARLARI ÖLKƏDƏN DİDƏRGİN SALIR»

«Bizim yol» qəzetində dərc olunan «Monopoliya səhmdarları ölkədən didərgin salır» adlı yazıda ölkədə qiymətli kağızlar bazarının vəziyyətindən danışılır. Azərbaycanda milyonlarla qiymətli kağızı olan səhmdar Vəzi Rəcəbov «Bizim yol»a deyir ki, Azərbaycanda səhm bazarında normal sistem işləmədiyinə görə az səhmə malik olan minoritar payçıların vəziyyəti ağırdır:

«Bu gün biz iclaslara gedəndə hiss edirik ki, həqiqətən müəssisədə bir hüququmuz yoxdur. İstənilən məsələni 51 faizin sahibi həll edir, səsini verir, istədiyini alır. Mən müəyyən təkliflər verirəmsə, deyirəmsə ki, «gəlin icarəni bu qiymətə yox, bu biri qiymətə verək, dividendi belə bölüşdürək», o, razı olmayandan sonra özümü öldürsəm də, səsi çox olanın təklifi keçir, mənim yox. İndi Türkiyənin qiymətli kağızları ilə məşğulam. Qonşu ölkədə belə bir sistem var ki, kiçik səhmdarları müəssisənin yığıncağına gözdən pərdə asmaq üçün dəvət edib yormurlar, 1-2 faiz səhmi olan səhmdarları iclaslara çağırmırlar. Çünki məsələni kiçik səhmdarlar həll etmirlər. Onları iclasa çağırsalar, nə edəcəklər ki? Yalnız söz sahibi olan səhmdarlar yığılır. Az sayda, lakin 10-20 faiz və daha yuxarı payı olan səhmdarlar bir araya gəlib məsələləri həll edirlər.

Foto: Arxiv
Foto: Arxiv

Türkiyədə müəssisələrin səhmlərini mənfəətlə və ya ziyanla işlədiyinə görə almırlar. Səhmlərin gündəlik kotirovkası gedir, Fond Birjasında hər gün səhmlərin alış-satışı var. Tutaq ki, bu gün hansısa aviaşirkətin bir səhmi, yəni hissə sənədi 2 lirə 59 quruşa satılıb. Bir gün sonra baxırsız ki, hissə sənədləri qalxıb 2 lirə 71 quruşa çatıb. Bir həftə sonra artıq 3 lirədir. Mən həmin o hissə sənədlərini ucuz vaxtı alıram, bahalaşanda satdığım zaman 2-3 min manat xeyir götürürəm. Bizdə isə təəssüf ki, belə bir sistem yoxdur».

VƏKİLİ QORUMAQ ÜÇÜN ONDAN İMTİNA ETDİ

«Azadlıq» qəzeti «Vüsal Şiderin anasından hakimə təsirli məktub» adlı yazı dərc edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxova müraciətində oğlu bir müddət əvvəl öldürülən Mətanət Şilder əsl qatillərin gizlədildiyini iddia edir:

«Vüsalın qətli ilə bağlı aparılan cinayət işində gördüklərim qanunsuzluqlar, özbaşınalıqlar, vicdansızlıqlar mənə göstərdi ki, bu işin ədalətli, qanuni araşdırılmasına cavabdeh olan şəxslər nəinki qanundan, heç Uca Allahdan da qorxmurlar. Ona görə də bundan sonra Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq istəmirəm. Bu, faciə teatrında heç bir rolda çıxış etmək istəmirəm. Sadəcə, bu saxta məhkəmələrdə baş verən oyunlara, kinayə baxışlara dözə bilmərəm. Ömrümün sonunacan günahkarların cəzalandırılmasına çalışacağam. Ancaq bundan sonra rahat oğlumun yanına köçə bilərəm».

Mətanət Şilder yazır ki, oğlunun qətli arxasında dayananların gücünü bildiyindən vəkili Aslan İsmayılovu «hədə və təzyiqlərdən qorumaq üçün» onunla bağladığı müqaviləni pozur:

«Bu gündən sonra heç kim bizim adımızdan bu işlə bağlı hansısa fikir bildirə bilməz».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG