Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Təbii fəlakətdən sonra küçədə gecələyənlər və ailəsi dağılanlar...


Kənd sakini Xalidə Maisova
Kənd sakini Xalidə Maisova

-

- Çöküb artıq bura... Hazırdı dağılmağa...

- Hamısı nəmişlikdən əmələ gəlib... Şikayət də etmişəm. Bu da mənim yataq yerim...

Gileylənənlər Xaçmazın Alekseyevka kəndindəki qəzalı evlərin sakinləridir.

1 il əvvəl AzadlıqRadiosunun mikrofonuna danışan alekseyevkalılar yenə bölgə müxbirinə müraciət ediblər. Onlar bildiriblər ki, 5 il əvvəl seldən qəzalı vəziyyətə düşən evlərinə görə, radioya etdikləri şikayətdən ötən müddətdə onları eşidən olmayıb. Əksinə, qəzalı evlərin bəziləri bu müddət ərzində daha da çöküb, bəzilərində isə yaşamaq mümkün olmadığından sahibləri kirayəyə çıxıb. Buna imkanı olmayanlarsa hər gecə yorğan-döşəklərini evin qarşısından salmalı olurlar.

Qəzalı evdə yaşamağa qorxduğundan yorğan döşəyini küçədə salan Lətifə Babayeva deyir ki, bu kənddə seldən qabağa düşənlər heç zərər çəkməyən evlərin sahibləri oldu:

HAMI ARXAYIN EDİR, ƏNCAM ÇƏKƏNSƏ YOXDUR

«Bura bax, bura bax... Bütün bu evlər dağıntıdır. Hamısı seldən oldu. Qorxumuzdan evdə oturmuruq. Kənddə elə evlər vardı ki, heç zərər çəkməmişdi, ancaq sahibləri yenisini tikdirdilər. Bələdiyyənin adamları idilər».

Kənd sakini Eldar Məmmədov
Kənd sakini Eldar Məmmədov

Kənd sakini Eldar Məmmədovun isə deməsinə görə, 5 ildir hansı qapını döyürsə, onu arxayın edirlər ki, qəzalı evinə əncam çəkiləcək:

«Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişdik. Komissiya da göndərdilər. Gəldilər, baxdılar, dedilər, kömək edəcəyik».

Bu kənddə gözü yolda qalanlardan biri də Xalidə Maisovadır:

«O vaxt özümüz o tərəfdə bir otaq düzəltdik. Hamımız yığışdıq ora. Hələ də orada yaşayırıq. İki uşaq, nəvəm, gəlinim, oğlum, mən... Bələdiyyədən gəldilər, rayondan da bir adam gəlmişdi. Baxdılar, dedilər çatlar var, yazdılar, getdilər. Evlər tikildi, dedilər, növbəti dəfə tikiləndə sizi də nəzərə alacağıq. Bir dəfə də icra hakimiyyətində olmuşam, qəbula düşə bilməmişəm. Rayondakı torpaq şöbəsində də olmuşam, dedilər hara gedirsən get, bizlik deyil. Bələdiyyə də deyir, bizlik deyil».

TƏBİİ FƏLAKƏTİN YARATDIĞI AİLƏ MÜNAQİŞƏSİ...

5 il əvvəlki təbii fəlakət kənd sakini Yazgül Nəsrullayevanın ailəsində isə əməlli-başlı münaqişəyə səbəb olub, oğlunun ailəsi dağılıb:

«Gəldilər, çəkdilər, getdilər, ancaq heç bir yardım etmədilər. Uçub dağılıb evimiz... Bax, ev yarıq-yarıqdır, döşəmə, tavan yoxdur. 3 ailə qalır bu dağıntının içərisində. Oğlumun biri əlildir. Böyük oğlumun isə ailəsi dağıldı bu vəziyyətimizə görə...»

Deyir, kənd bələdiyyəsindən şifer, taxta istəyib ki, evin tam dağılmasının qarşısını ala bilsin. Ancaq bələdiyyə verməyib.

Alekseyevka kəndinin bələdiyyə sədri Cahangir Eyyubov isə deyir ki, onların seldən zərərçəkmiş evlərin nə bərpasına, nə də yenisinin tikilməsinə qarışacaqları var. Üstəlik buna maddi imkanları da yoxdur. Fövqəladə Hallar Nazirliyi özü kənddəki zərər çəkmiş evlərin siyahısını tutub və 5-6 ev tikib.

«BU İŞLƏRƏ QARIŞACAĞIMIZ YOXDUR»

«Onlar mənə müraciət etmişdilər ki, tikinti materialı verək, mənsə bildirdim ki, mümkün deyil. Heç işçilərimiz maaş ala bilmir, sizə materialı necə verək? Bir də ki, o işlər nazirlik səviyyəsində görülüb. Bizim o işlərə qarışacağımız yoxdur».

Alekseyevkadakı 10 ailə yorğan döşəklərini təhlükəsiz evlərə daşıyacaqları və rahat həyatlarını bərpa edəcəkləri günü gözləyirlər. Bunu isə onlara vəd edən yoxdur.

XS
SM
MD
LG