Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:02

-

«Yeni Müsavat» qəzeti 29 avqust tarixli sayında «Milli maraqlar - müxalifətin əsas prioriteti» adlı müəllif yazısında Azərbaycanın milli təhlükəsizlik məsələsi şərh olunur. Müəllif politoloq Zəfər Quliyev yazır ki, «Kremlin Ukraynaya qarşı davam edən təcavüzü və dünya birliyi ilə sərt konfrontasiyası əksər Şərqi Avropa və postsovet ölkələrini Putinin ekspansionist planlarına qarşı öz milli təhlükəsizliyinin müdafiəsi və potensial təhlükələrin neytrallaşdırılması yönündə» önləyici tədbirlər görməyə vadar edir:

«Azərbaycan nəinki belə potensial təhlükələrdən kənarda deyil, əksinə, özünün geosiyasi önəmi səbəbindən Kremlin neoimperiya ambisiyalarından ötrü məxsusi maraq kəsb edir. Heç bir şübhə yox ki, Ukraynanın itirilməsi ilə barışa bilməyən və bu ölkəni silkələməkdə davam edən Moskva eyni zamanda Azərbaycanı «Avrasiya tələsi»nə salmaq və tamamilə öz təsiri altına almaq üçün fəal addımlar atacaq. Özü də Bakıya permanent təzyiqlərində Rusiya heç də uzun müddət «imperiya kökələri»ndən istifadə etməyəcək, müəyyən mərhələdə o, öncədən hazırlanmış «imperiya qamçısı»nı da işə sala bilər».

«ƏRDOĞAN AMERİKALILARIN BÖLGƏDƏKİ MARAQLARINA QARŞI GƏLƏCƏK»

«Bizim yol» qəzeti bugünkü sayında tanınmış şərqşünas, Rusiya İslam Komitəsinin sədri Heydər Camalın müsahibəsini yayımlayıb. «Ərdoğan amerikalıların bölgədəki maraqlarına qarşı gələcək» adlı yazıda Heydər Camal Türkiyədə son prezident seçkilərinin nəticələrini şərh edib:

«Yeni dəyişikliklərə görə, Ərdoğan ən azı iki 5 illik müddətə prezident seçilə bilər. Bu müddət ABŞ prezidentlərinin müddətindən çoxdur. Faktiki olaraq, Ərdoğan özünə stabil diktatura hakimiyyəti yaradır. Böyük planları olan ambisiyalı siyasətçi bu planların reallaşması üçün Yaxın Şərqdə 80 milyonluq ölkəyə hakim oldu.

- Bəzi ekspertlər Ərdoğanın səlahiyyətlərini Putinin səlahiyyətləri ilə müqayisə edirlər...

- Çox düzgün yanaşmadır. Onun hakimiyyət modeli elə Putinin hakimiyyət modeli ilə eyniyyət təşkil edir. Xatırladım ki, cəmi 15 il əvvəl Putin baş nazirlikdən prezident kürsüsünə adladı və o zaman da birinci turda seçicilərin səslərinin 52 faizinə sahib oldu. Türkiyədəki sxem də bu təcrübədən yararlanaraq quruldu. Ərdoğan Putini özünə örnək seçdi və bu örnəklik öz bəhrəsini verdi.

- Türkiyəni avropalı adlandırdınız, amma rəsmi Ankaranın Avropa ailəsinə üzv olmaq cəhdləri hələ ki nəticə vermir...

- İndi Ərdoğanın prezidentliyə gəlişindən sonra ölkənin Avropa Birliyinə girmək cəhdləri prioritetlər siyahısından çıxarılıb arxa plana keçəcək. Mən hesab edirəm ki, son 10 ildə bu cəhdlər prinsipial deyildi. Əslində Türkiyənin Avropa Birliyinə ehtiyacı yoxdur və bu birliyə giriş ölkə iqtisadiyyatını onilliklər geri ata bilər».

«VALİDEYNLƏRİN MƏKTƏB DƏRDİ»

Azadlıq qəzeti dərc etdiyi «Valideynlərin məktəb dərdi» adlı yazısında bir uşağın məktəb xərcləri araşdırılıb: «Bakıda dərslik və digər məktəb ləvazimatları satılan dükanlara baş çəkib qiymətlərlə maraqlandıq. Məlum oldu ki, bir şagirdin dərsliklə təmin olunması orta hesabla 150 manatı keçir.

Məsələn, metronun «28 May» stansiyasının yaxınlığında olan kitab mağazasında birinci sinif üçün kitablar və iş dəftərləri satışa tam tərkibdə çıxarılmadığından, neçəyə başa gələcəyini hələlik müəyyənləşdirə bilmədik. Digər məktəb ləvazimatlarına gəlincə, onların qiymətində ötən illə müqayisədə artım var. Dəftərlər 3-5, sadə qələmlər 4-6, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları isə 3-6 manat bahalaşıb.

Ən çox bahalaşan ləvazimatlar qələm qabları və çantalardır. Karandaş qablarının qiyməti 3-12 manat civarındadır. Qız uşaqları üçün məktəbli çantalarının qiyməti 10 manatdan 40 manatadək, oğlan uşaqları üçün isə 10 manatdan 20 manatadəkdir. Düzdür, dükanlarda 10 manatdan ucuz çantalar da tapmaq olur. Ancaq elə ilk baxışdan görünür ki, bu malın cəmi bir-iki ay ömrü var».

«MEHRİBAN ƏLİYEVA - XEYİRXAHLIQ VƏ ÜMİD MÜCƏSSƏMƏSİ»

«Yeni Azərbaycan» qəzetinin bugünkü sayında dərc edilən «Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi» adlı yazıda Azərbaycanın birinci xanımından bəhs edilir. Yazının müəllifi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov deyir ki, Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir:

«Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. ...Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. ...Mehriban Əliyevanın incə zövqünü Bakı şəhərinin dəyişən simasında da hiss etmək olar. Onun məsləhətləri sayəsində arxitekturanın Şərq və Qərb üslubları harmonik şəkildə birləşir, bu zaman əbədi gənc paytaxt öz tarixi simasını qoruyub saxlayır».

Günün bütün mövzuları

XS
SM
MD
LG