Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39

-

Avqustun 28-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

MƏNZİL BAHALAŞMASI: PROQNOZ NƏDİR?

«Mənzil bazarında, bütövlükdə daşınmaz əmlak bazarında bahalaşma davam etməkdədir». Bunu «Media forum» saytına «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib. Ramil Osmanlı bildirib ki, son vaxtlar paytaxtda söküntü işləri genişlənib, bu da istər informasiya baxımından, istərsə də ümumi konyunkturanın dəyişməsi baxımından bazara ciddi təsir göstərib:

«İlin birinci rübündə bahalaşma 12.7 faiz, ikinci rübdə 5.3 faiz olub. Proqnozlar göstərir ki, üçüncü və dördüncü rüblərdə daha artıq qiymət artımı olacaq».

Bahalaşmanın iqtisadi əsaslarına gəlincə, Ramil Osmanlı deyib: «Bazarda süni spekulyativ meyl çoxdur, amma bütövlükdə qiymət dəyişməsi iqtisadi amillə bağlıdır. Söküntü artır, bu isə bütün seqmentlər üzrə tələbi artırır, bazara pul axını sürətlənir və qiymət qalxır. Bunun qarşısının alınması indiki şəraitdə mümkün görünmür. Çünki qısa müddət ərzində bazarda təklifi kəskin artırmağa ehtiyac var. Bu isə yalnız yeni tikintilərin hesabına mümkündür. Dövlət mənzil tikintisi ilə bağlı qaydalara, vergiqoymalara dəyişiklik etməklə sahibkarları stimullaşdıra və bu prosesə cəlb edə bilər. Amma dövlət hətta qısa müddətdə bu istiqamətdə müzakirələrə başlasa da, qərarın qəbulu, üstəgəl minimum tikinti dövrü təxminən 2-3 il vaxt aparacaq».

BELƏ ABSURD «ABADLAŞDIRMA» GÖRÜNMƏMİŞDİ...

«Bizim yol» yazır ki, Bakıda analoqu olmayan təmir işlərinə başlanıb, binaların yalnız magistrala baxan fasadı yenilənir. İş icraçısı Rahib Məlikov yazı müəllifinə deyib ki, təkcə onun nəzarətində 16 bina var. «Soruşdum «fasad işləri görülmədən içəridə bir mütəxəssis baxışı keçirilibmi, həqiqətən bu binanın problemi üzlüyü yeniləməklə həll olunacaq?» Belə cavab verdi: «Binanın seysmik davamlılığı 7 bal gücündədir. Artıq Sovetin, almanların betonu çürüyüb. Elə üzlüklərin qırılıb düşməsi də bunun sübutudur. Mingəçevirdən təzə gəlmişəm, 1986-cı ilin binalarına bir az vurursuz, beton örtüyü dağılır»...

Qeyd edim ki, çoxmənzilli binada 6 ballıq zəlzələdən xeyli çatlar yadigar qalıb, daha 6 ballıq zəlzələ bu evi yerlə-yeksan edər, heç 7 balı gözləməyə ehtiyac da qalmaz. Yaxşı, bəs binanın divarları görülən işlərə tab gətirəcəkmi? R. Məlikov: «Dözməlidir, görək. Üzlük poleritandan olacaq. 100 illik zəmanətlə ona qol çəkirlər, yuxarı qiymətlərlə Koreyadan, Soçidən gətirilən materiallardır».

BİLİK FONDU MÜASİR İNFORMASİYA CƏMİYYƏTİNİN TƏLƏBLƏRİNDƏN YARANIB

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə təsis edilib. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov AzərTAc-a müsahibəsində deyir ki, Bilik Fondunun məqsədi və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə başlanıb.

««Docendo discimus» layihəsi, adından da göründüyü kimi, öyrədərək öyrənməyə xidmət edir. Bu sırada «Ustad və şəyird», «Azərbaycan elmi xaricdə», «Dünya elmi Azərbaycanda», «Epizod», «Auditoriya+», «Qardaşlaşmış məktəblər», «Dini abidələrdə tarixin izləri» kimi layihələri də göstərmək olar. Qeyd edə bilərəm ki, mətbuatda haqqında geniş məlumat verilmiş «Dini abidələrdə tarixin izləri» və «Qardaşlaşmış məktəblər» layihələri cəmiyyət tərəfindən çox böyük maraqla qarşılanıb. Birinci layihə çərçivəsində Bərdə İmamzadəsində olan Fondun əməkdaşları yerli ziyalıların və Bərdə camaatının layihəyə böyük marağını vurğulayırlar. Məlumdur ki, Bərdə İmamzadəsi beşinci imam Məhəmməd Bağırın qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. İmamzadənin ətrafında xeyli sayda tarixi şəxsiyyətlərin məzarları var. Əməkdaşlarımız ilkin mərhələdə qəbirüstü yazıların və daş kitabələrin fotoşəkillərini çəkib, kompleksi lentə alıblar. Sonrakı mərhələdə bu yazılar oxunub təhlil ediləcək, tariximizin müvafiq dövrünə əlavə qeydlərin mümkünlüyü müəyyənləşdiriləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG