Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:49

-

Alman, İsrafilin həm şoferi, həm itəbaxanı, həm də cangüdəni idi.

İtəbaxan itlərlə almanca danışır, aradabir də itlərə “yavol-yavol” deyirdi və elə buna görə də uşaqlar almanın adını Yavol qoymuşdular...

USUBOĞLU

ƏTƏYİNİ ŞEHLƏR ÖPƏN O QIZ

(Hekayə)

Əyri İsrafil Suqarışan kəndindən yeddi il əvvəl getmişdi.

Yeddi il əvvəl İsrafilin 30 yaşı vardı və evlənməmişdi. Yeddi il əvvəl İsrafil işsizliyin,yoxsulluğun, kasıblığın əlindən getmişdi.

Hamı kimi əvvəl Bakıya, sonra isə, yenə hamı kimi Rusiyaya, daha sonra da Rusiyadan qərbə - Almaniyaya, Hollandiyaya, yaxud da başqa ölkəyə getmişdi. Bu yeddi ildə Əyri İsrafil Suqarışana qayıtmamışdı.

Tək bircə dəfə iki il əvvəl xəbər çıxmışdı ki, Əyri İsrafili Almanyada Düsseldorfda kimsə görüb. Yanında bir sarı qadın varmış, bir də bir suyu İsrafilin atası Əyri İbrahimə oxşayan bir oğlan uşağı. Sonra dedilər ki, İsrafil Almaniyada özünə iş qura bilib və milyonçu, varlı bir adam olub.

Sonra İsrafil guya Düsseldorfda onu görən adamdan atası Əyri İbrahimə salam və salamdan başqa bir də pul göndəribmiş.

Bütün bu xəbərlərin neçəsi gerçək, neçəsi yalan idi, bilən yox idi. Amma indi birdən-birə bir xəbər da çıxdı ki, bəs, İsrafil gəlir.

İsrafil doğrudan da gəlib çıxdı və doğrudan da milyonçu bir adam olmuşdu. İsrafil tək gəlmişdi. Sarı qadın və Əyri İbrahimə oxşayan oğlan uşağı barədə deyilənlər yalan imiş. İndi İsrafilin 37 yaşı vardı. Amma gəlişindən bir neçə gün sonra on yeddi yaşına təzəcə girmiş Lalə adlı qızı görüb elçi yolladı. Lalənin ata–anası çox böyük sevinc içində Laləni Əyri İsrafilə verdilər. (Yalan-gerçək Lalənin atası da elə həmin elçilikdən sonra əyri yeriyirmiş və yeznəsi kimi olmaq istəyirmiş ). Tezliklə toy tədarükünə başlandı.

Laləni Arif də sevirdi. Arif orta məktəbi keçən il bitirmişdi. İnstitut imtahanlarında az bal toplayıb pullu fakultəyə düşmüşdü və pulu olmadığı üçün oxumaq fikrindən daşınmışdı. Lalə isə 9-cu sinifdən sonra məktəbə getmirdi. Deyilənə görə o da Arifi sevirmiş, hətta gecələr görüşürmüşlər.

İsrafil Almaniyadan özü ilə iki it, bir də türkcə pozuq danışa bilən 30-35 yaşlarında pəhləvan cüssəli bir alman gətirmişdi. Alman İsrafilin həm şoferi, həm itəbaxanı, həm də cangüdəni idi. İtəbaxan itlərlə almanca danışır, aradabir də itlərə “yavol-yavol” deyirdi və elə buna görə də uşaqlar almanın adını Yavol qoymuşdular.

İsrafilin gətirdiyi itlərdən biri alabula uzun tüklü, ayaqları da uzun olan qancıq idi və yerişindən-duruşundan itdən çox ayağısürüşkən şəhər xanımlarına bənzəyirdi. İtəbaxan bu itin adını Suzanna çağırırdı. O birisi it isə itdən çox donuza oxşayan, salladodaq ağzıköpüklü bir it idi. İtəbaxan bu iti Brams adlandırmışdı.

Alman kəndin içi ilə Bramsın zəncirindən tutub irəliləyirdi, amma Suzannanı açıq buraxmışdı. Suzanna ora-bura, o həyətə-bu həyətə iri uzun qulaqlarını şəkləyib baxa-baxa, oynaqlaya-oynaqlaya gedirdi. Məhz elə bu oynaqlamaq idi ki, Suqarışanın Boğar, Basar, Axtar, Qanıq adlı itlərinə Bramsın belə əyri, yan basa-basa yeriməsi yer eləmirdi və dartıb zənciri qırıb Bramsın başına dünyanı dar eləmirdilər. Boğar da, Basar da, Axtar da, Qanıq da gözlərini Suzannaya zilləmişdilər. Suzanna Suqarışanın itlərinin itliklərini əllərindən elə bu oynaqlaması ilə, boylanmaları ilə almışdı. İtəbaxan Suzannanı tez-tez

tumarlayır, cibindən nəsə çıxarıb itin ağzına soxurdu. O birisi it isə Suzannanın əksinə gödəkayaq, yastıağız, salladodaq itdən çox donuza oxşayan Brams idi və itəbaxan pozuq türkcə uşaqlara başa salmışdı ki, Brams çox güclü itdi və Suqarışanın heç bir iti onunla bacara bilməz.

Arifin də Qanıq adlı iti vardı və Suqarışanda ən güclü it idi. Uşaqlar qərara aldılar ki, Qanığı ağzının qıraqları köpüklü, donuza oxşayan Bramsla boğuşdursunlar. Və hamı bilirdi ki Qanıq Bramsı elə birinci həmlədə boğacaq.

Kəndun kənarına gəldilər. Yavol Bramsla və alabula uzunayaq Suzanna ilə birgə, Arif isə Qanıqla və bir də həyətlərindəki Çubuş adlı balaca itlə gəlmişdi.

Qanıq Bramsa tərəf heç baxmadı da. Arif zənciri boşaldan kimi Qanıq irəliləyib Suzannanı boynunu-boğazını iylədi. Suzanna da Qanığı iylədi və bu an Brams arxasını Suzanna ilə bir-birini iyləyən Qanığa çevirdi. Suzanna ilə Qanıq qarşı təpəyəcən qaçıb orda qovuşdular. Sonra isə yenə qaça-qova bir-biri ilə oynayaraq Arifgilin yanına qayıtdılar.

***

Bir neçə gün sonra axşam Lalə İsrafilin aldığı nişan üzüklərini barmaqlarına taxmışdı və Arifə göstərirdi. Yenə həmişə olduğu kimi qoşa çinarın altindaki daşların üstündə qabaq-qənşər oturmuşdular və təzəcə doğmuş ay üzlərinə düşürdü. Gecənin ayı-ulduzu elə bil bu qoşa çinarın üstünə yığılmışdı.

Yığılmışdı ki, Lalənin barmaqlarını daha da işıqlı eləsinlər və Əyri İsrafilin aldığı üzüklər Arifə daha da aydın görünsün. Lalə barmaqlarını Arifin qarşısında oynada-oynada deyirdi: sən bu üzüklərin bir dənəsini də ala bilməzsən. Sevgi pul-qızıl deyil, Arif. Arif isə anlayırdı ki, Lalə Əyri İsrafili deyil, bu daş-qaşları sevir və heç nə demədən dinləyirdi.

Çubuş qabaq pəncələrini qaldırıb Arifin dizlərinin üstünə qoymuşdu və ağıllı it gözlərini Arifə zilləmişdi, narahat zingiltisi ilə nəsə ciddi bir iş olduğunu sezirdi. Qanıq kənarda uzanib yekə başını pəncələrinin üstünə qoymuşdu, dünya vecinə deyildi. Lələ sözlərini qurtarıb qoşa çinardan məhəllələrinə enən cığıra düşdü və getdi. Arif isə oturduğu daşın üstündən durub çinara söykəndi.

***

Beş gündən sonra Əyri İsrafillə Lələnin toyu oldu. Toya bütün suqarışanlıları dəvət etmişdilər. Növbənöv yeməklər hazırlamışdılar. Arifdən başqa hamı toyda idi. Arifin ata-anası da, bacıları da toyda iştirak edirdilər. Amma Arif getmədi və toydan bir neçə gün sonra səhər-səhər Laləni Əyri İsrafilgilin həyətində görüb, gündəliyinə ilk şerini yazdı: “Ətəklərini şehlər öpən o qız indi ən gözəl şeirdi”.

***

Qanıq toy gecəsi zəncirini qırıb İsrafilgilin həyətlərinə qaçdı. Alabula it Suzanna Yavolun yanından ayrılıb Qanığa tərəf gəldi. Yenə qancıq üzünü Qanığın it üzünə söykədi. Bir gün sonrakı axşam Qanığı yerində görməyən Arif bildi ki, it

mütləq İsrafilin həyətindədi. Gəlib çətinliklə Qanığı Suzannadan ayırıb apardı. Sonrakı axşam Qanıq yenə zəncirini qırıb İsrafilin məhləsinə gəlmişdi və pəncərənin qabağında Suzannanın qarşısında şöngümüşdü. O gündən sonra Arif Qanıq adlı iti zəncirə vurmadı. Daha Qanıq açıq qapıların iti olmuşdu, kimsəyə xətər verməzdi və daha heç güclü it də deyildi. Amma Arif zənciri itin boynundan açmazdan əvvəl Qanığı danladı. Danlamağa da fərli söz tapa bilməyib, itə hansı sözləri demək lazım olduğunu bilmədiyi üçün – Qanıq sən kişi deyilsən-demişdi.

Daha bir beş gün keçdi və İsrafil Laləni də, Yavolu da, gətirdiyi itləri də maşına mindirib Almaniyaya Düsseldorfa getdi. Getdi ki, işlərini daha da böyütsün və cavan, həm də gözəl Lalə üçün təzə qızıl üzüklər alsın.

***

İsrafilgilin getməsindən iki-üç gün sonra Arif qəribə bir yuxu gördü. Gördü ki Almanyada, Düsseldorfdadı. Başının arxasının tüklərini daz, lap elə Əyri İsrafil kimi vurdurub. Qanıq da Çubuş da yanındadırlar. Yavol da, qancıq Suzanna da, donuzabənzər Brams da yanındadırlar.

Arif bir də bir ayrı yuxu gördü. Gördü ki, sahə müvəkkili polis Dadaş da burdadır və deyir, sən Suqarışanı niyə bəyənmirsən, ə? Bəyəm pisdir? Sonra guya Arif də deyir ki, rəis mən demirəm ki, Suqarışan pisdir, deyirəm, bəs, iş yoxdu, axı mən işləmək istəyirəm. Axı mən də Əyri İsrafil kimi varlı olmaq istəyirəm.

Sonra rəis Dadaş onu döyə-döyə deyir ki “ayə, de ki, hər şey yaxşıdı, yoxsa səni öldürəcəm.

Guya Arif də cavab qaytarır ki, rəis, qadan alım, axı hər yaxşı olsa, mən dəliyəm, pis deyəm? Və rəis Dadaş Arifin tərsliyini görüb qulağının dibinə bərk bir şillə vurur və elə o şillənin səsinə ayilan Arif Allaha min kərəm şükür oxuyur ki, nə yaxşı bütün bunlar yuxuda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG