Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:11

«İndi də Abbas Abbasovun bu cür əməlləri varsa...»


Abbas Abbasov
Abbas Abbasov

-

Avqustun 14-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

-

NAZİM İBRAHİMOV: «BUNLARIN HAMISI BÖYÜK BIR XAOSDAN ƏMƏLƏ GƏLƏN NƏTİCƏLƏRDİR»

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Publika.az-a müsahibəsində bildirib ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) rəhbəri Abbas Abbasovun fəaliyyətinin bütün çalarları artıq göz qabağındadır. «Mən hər zaman demişəm ki, söylədiyin fikirlərlə öz mövqeyini tam formada ortaya qoymalısan, dediyin sözlərlə əməllərin uyğun gəlməlidir və sairə. Mən bu fikirləri indi yenə söyləyirəm. Əlbəttə, xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu, yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o, bu əməlindən geri çəkilməlidir».

Son günlər yerli mediada Abbas Abbasov barədə kompromat tipli yazılar yer alır.

ÇƏTİN ÖLKƏNİN «ASAN XİDMƏT»İ

ASAN xidmət
ASAN xidmət

«Azadlıq» qəzeti yazır ki, «20 ildən sonra ölkəmizdə «Asan xidmət» deyilən bir yenilik peyda oldu və rejimin qürur mənbəyinə çevrildi. Əlbəttə, vətəndaşların asanlıqla problemlərini həll etməsi, yorucu proseslərdən keçmədən istəklərinə nail olması sevindiricidir və adamlar bu xidmətdən razı qalırlar. Bəs, ölkəmizdə yaradılmış bu «Asan xidmət»lə öyünməyə haqqımız varmı? ... Əvvəla, 20 ildən artıq bir müddətdə ölkədəki süründürməçiliyin, məmur özbaşınalığının, rüşvətin qarşısını ala bilməyib, əvəzində «Asan xidmət» yaratmaqla kifayətlənmək, öyünməyə əsas vermir. Əksinə, daha dərindən analiz edəndə, «Asan xidmət»i rejimin özünüifşası da saymaq olar. Çünki, rejim əyani şəkildə sübut etdi ki, ölkədə şəffaflığın, düzgünlüyün bərpa olunması məhz hakimiyyətin iradəsindən asılıdır. Yəni hakimiyyət maraqlı olsa, «rüşvət bizim qanımızdadır» şüarı beyinlərdən silinər.

MİLLİ MƏKAN MƏLUMATLARI İNFRASTRUKTURU XƏRİTƏÇƏKMƏNİN YENİ PARADİQMASI KİMİ

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yap.org.az saytına müsahibəsində deyir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə əlaqədar həyata keçirdiyi ardıcıl və dünya təcrübəsinə əsaslanan tədbirlər elmi cəhətdən əsaslandırılmış nəticənin əldə olunmasına yönəlib. Milli Məkan Məlumatları İnfrastrukturunu müəyyən mənada Elektron Milli Atlas kimi də təqdim etmək olar. Kağız versiyadan fərqli olaraq, elektron versiya daim yenilənə bilir. Hər bir orqan öz məkan məlumatlarını zaman-zaman yeniləyərək daxil edir, müxtəlif orqanların məlumatları olan xəritələri kəsişdirmək mümkündür, mündəricat elektron olduğundan axtarış da olduqca sadə həyata keçirilə bilir.

«QRANTYEYƏN» QHT-LƏR HAQDA AĞIR TƏNQİDLƏR

«Yeni Müsavat»: Zaman-zaman sosial şəbəkələrdə gedən müzakirələrdə belə bir sual qoyulur: QHT sektoru Azərbaycan cəmiyyətinə nə kimi xeyir verib? Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı musavat.com-a açıqlamasında bu mövzuya toxunub. Onun fikrincə, QHT-lər barədə yaradılan yanlış rəylər hökumətin siyasətinin tərkib hissəsidir:

«Hər bir demokratik ölkədə vətəndaş cəmiyyəti olmalıdır. Hər bir müstəqil QHT gördüyü işlərlə bağlı hesabat verir, bunlar onun saytında yazılır. QHT-lər maarifləndirmə işi aparır, insan haqlarını müdafiə edir. Elə rayonlar var ki, orada bircə nəfər də vəkil yoxdur. QHT-lərin fəaliyyəti kimsəsiz, hüquqları tapdanan insanlara böyük bir köməkdir. İndiki zamanda kim pulsuz yaşaya, işləyə bilər? QHT-ləri ittiham edən yazarlar pul qazanmaq məqsədləri olmasa, yazı yazarmı? Hər bir insan gördüyü işin müqabilində əmək haqqı alır. QHT işə götürdüyü adama pul ödəməlidir, ofisin kirayəsindən tutmuş kommunal xərclərə qədər hamısına maddi vəsait lazımdır».

«QHT-LƏRİN HƏYƏCAN ŞƏBƏKƏSİ» FƏALİYYƏT GÖSTƏRMİR»

Qubad İbadoğlu
Qubad İbadoğlu

«QHT-lərin həyəcan şəbəkəsi» fəaliyyət göstərmir». Bu açıqlamanı «Media forum» saytına şəbəkənin qurucularından olmuş iqtisadçı ekspert Qubad İbadoğlu verib. Şəbəkəni iyulun 9-da Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi təsis etmişdi. Qubad İbadoğlu deyib ki, fəaliyyətlərini Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi (VCKM) formatında davam etdirmək qərarına gəliblər: «VCMK 2009-cu ildə yaradılıb. Onun fəaliyyətini bərpa etdik. Əslində həyəcan şəbəkəsi birdəfəlik aksiya formatı kimi nəzərdə tutulmuşdu. Məqsəd QHT sektorunda vəziyyətin böhranlı olduğunu diqqətə çatdırmaq idi. Amma o mexanizm işləmədi. Fəaliyyətimizi VCKM formatında davam etdiririk».

Son aylar QHT-lərin Ədliyyə Nazirliyinə təqdim etdiyi qrant müqavilələrinin qeydiyyatı düyünə düşüb. Müqavilənin qeydiyyata alınması haqqında bildirişin verilməməsi bank əməliyyatlarının aparılmasını mümkünsüz edir. Hazırda 20-dən çox QHT-nin fəaliyyəti bu səbəbdən iflic olub.

ƏRZAQ BÖHRANININ QARŞISINI NECƏ ALMALI?

«Bizim yol»: Azərbaycanda kənd təsərrüfatı məhsullarında yaranan bahalığın qarşısını necə almaq olar? Məlumdur ki, ABŞ və Avropa Birliyinin Rusiyaya qoyduğu sanksiyalar, habelə «şimal ayı»sının Qərbdən 40 adda məhsulun idxalına tətbiq etdiyi embarqolar bazarlara ciddi təsir göstərib. Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikrincə, müvəqqəti olaraq inzibati metodlarla tənzimləmək mümkündür: «Hazırda bazar iqtisadiyyatıdır. Hələ ötən əsrin 90-cı illərinin əvvəlində tələb-təklif bazarı formalaşıb, qiymətlər liberallaşdırılıb. Təqribən 70-ə yaxın xidmət və məhsulun qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Qalan məhsulların qiymətini isə bazar tənzimləyir. Son günlər meyvə-tərəvəzin qiymətlərində artım müşahidə edilir. İxrac olunan məhsulları tənzimləmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi, yaxud İqtisadiyyat və Sənaye Nazirliyi ölkədəki istehsal və ixrac prosesinə nəzarət etməlidir».

XS
SM
MD
LG