Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:28
Son iki gündə Qobustan qapalı həbsxanasında iki məhbus dünyasını dəyişib. Onlar ömürlük həbs cəzasına məhkum olunmuş Yuri Səfərəliyev və Adil Əsgərovdur. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən Yuri Səfərəliyevin intihar etdiyi, Adil Əsəgərovun isə xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilir. Amma bütünlükdə son beş ayda Qobustan qapalı həbsxanasında üç nəfərin intihar etdiyi bildirilir. Eyni həbsxanada bu qədər adamın dünyasını dəyişməsi oradakı şəraitlə bağlı hüquq-müdafiə fəalları arasında narahatlığı artırıb.

Dünyasını dəyişənlərin yaxınları arasında məhbusların fiziki və psixoloji təzyiqlə üzləşməsi iddiaları da səslənir. Hüquq-müdafiə təşkilatı kimi fəaliyyət göstərən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyir ki, il ərzində Qobustan qapalı həbsxanasında intihar edənlərlə yanaşı, xəstəlikdən dünyasını dəyişənlər də olur. Və bu müəssisə qapalı olduğundan və üstəlik məhbusların qohumlarından narahatlıq doğuran məktublar gəldiyindən həbsxanada intiharların çoxalması şübhə doğurur: «Bu onu göstərir ki, Qobustanda vəziyyət acınacaqlıdır.


«Bu onu göstərir ki, Qobustanda vəziyyət acınacaqlıdır. Məhbusların qohumlarının verdiyi məktublarda oxuyuruq ki, həbsxana rəhbərliyi və nəzarətçilər dustaqlara işgəncə verirlər, kobud rəftar edirlər və sairə»
Məhbusların qohumlarının verdiyi məktublarda oxuyuruq ki, həbsxana rəhbərliyi və nəzarətçilər dustaqlara işgəncə verirlər, kobud rəftar edirlər və sairə».

Təxminən bir ay əvvəl məhbus Kamandar Aslanovun ölümündən sonra bir qrup dustaq aclıq aksiyasına da başlamışdı. Onlar həyatlarının təhlükəsizliyinə təminat olmadığını deyir, ombudsmanın, hüquq müdafiəçilərinin həbsxanaya gəlib saxlanma şəraiti ilə tanış olmasını tələb edirdilər. Kamandar Aslanovun ölümündən bir ay əvvəlsə məhbuslar ömürlük həbs cəzasının 15 illik həbslə əvəzlənməsi tələbilə iki həftəyədək aclıq etmişdilər. Nazirlik və həbsxana rəhbərliyi əvvəlcə baş verənləri təkzib etsə də, sonradan təsdiqləməli olmuşdu. Aksiya başa çatdıqdan az sonra onun fəallarından birinin ölümü şübhəylə qarşılanmışdı. Üstəlik məhbusların təkidilə hüquq müdafiəçilərini həbsxanaya dəvət etmələri və həyatları üçün təhlükə hiss etdiklərini söyləmələri bu şübhələri gücləndirirdi. Ancaq az sonra Ədliyyə Nazirliyinin əməkdaşları da, həbsxanada olan bəzi hüquq müdafiəçiləri də saxlanma şəraiti ilə bağlı problem olmadığını, sadəcə, məhbusların psixoloji problemləri olduğunu dedilər. Bəziləri isə bunu məhbusların yaşadığı şokla izah edirdilər. Üstündən bir ay ötmüş növbəti ölüm hadisəsi yeni suallar yaradıb.


Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, Azərbaycanda müstəqil tibbi ekspertizanın olmaması vəziyyəti daha da çətinləşdirir. Onun həmkarı Eldar Zeynalovun dediyinə görəsə, ən acınacaqlısı odur ki, məhbusların müxtəlif instansiyalara, məhkəmələrə, nazirliyə göndərdiyi məktublar Qobustan həbsxanasından kənara çıxmır.


«İdarənin rəisi məhbusların taleyinə görə başı ilə cavabdehdir. Nəsə təhlükə varsa, istintaq başlana bilər. Bəlkə də nəsə var. Amma bizə, monitorinq aparan hüquq müdafiəçilərinə konkret faktla müraciət olunmadı»
Həmin məktubların oxunması qanunla yasaq olsa da, nəzarətçilər onlara əvvəlcədən baxırlar. Buna görə də hər iki hüquq müdafiəçisi də düşünür ki, sözügedən həbsxanada islahatlar aparılmayınca, qanunu pozan rəhbərlik və nəzarətçilər cəzalandırılmayınca, «Qobustanda nə baş verir» sualının cavabı acıq qalacaq.

Penitensiar müəssisələrin fəaliyyətinə nəzarət etməli olan Ədliyyə naziri yanında yaradılmış İctimai Komitənin koordinatoru Kamil Səlimov isə həmkarlarının fikriləri ilə razılaşmır. Bildirir ki, məhbus Kamandar Aslanovun ölümündən sonra həmin intiharın səbəbini araşdırmaq məqsədilə həbsxanada monitorinq aparılıb, rəhbərliyin və nəzarətçilərin məhkumlara münasibəti araşdırılıb. O, Qobustan həbsxanasında işgəncə halları və ya məhbusların həyatına təhlükə olmadığını deyir: «İdarənin rəisi məhbusların taleyinə görə başı ilə cavabdehdir. Nəsə təhlükə varsa, istintaq başlana bilər. Bəlkə də nəsə var. Amma bizə, monitorinq aparan hüquq müdafiəçilərinə konkret faktla müraciət olunmadı».


Cənab Səlimova görə, səbəb sadəcə, psixoloji gərginliklə bağlıdır. «Qobustan həbsxanasında ən ciddi - ömrülük həbs cəzası tətbiq olunur. Kamerada iki nəfər olur və illərlə heç kimin üzünü görmürlər. Bu rejim ciddi olduğundan hər adam buna dözmür. İntihar halları da artır».


Bununla belə, İctimai Komitə məhbusların şikayətlərini ünvanına çatdırmaq üçün həbsxanada xüsusi qutu yerləşdirməyi və Yuri Səfərəliyevin ölümü ilə bağlı araşdırma aparmağı planlaşdırır. Araşdırmada həm istintaqın materiallarına, həm də digər məhbuslarla, nəzarətçilərə söhbətə əsaslanacaq. «Nəsə tapsaq, mütləq vəzifəli şəxslərin cəzalandırılmasına çalışacağıq» - bunu komitənin koordinatoru Kamil Səlimov deyir. Ədliyyə Nazirliyindən isə baş verənləri şişirtməyə lüzum olmadığını bildirirlər. Qaradağ Rayon Prokurorluğundan isə deyirlər ki, ekspertiza ölüm faktı ilə bağlı bir ay ərzində qərarını açıqlayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG