Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

Naxçıvan DİN İlqar Nəsibovun döyülməsi ilə bağlı bəyanat yayıb


Hüquq müdafiəçisi İlqar Nəsibov

Hüquq müdafiəçisi İlqar Nəsibov

Naxçıvan Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi İlqar Nəsibovun döyülməsi ilə bağlı növbəti bəyanat yayıb. Bəyanatda bildirilir ki, avqustun 21-də İlqar Nəsibov sərxoş vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına gətirilib, həyat yoldaşı Məlahət Nəsibovanın təkidi ilə evə buraxılıb:

«Saxlanılan Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönlüdür. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib, bu isə qarşılıqlı ittihama və davaya səbəb olub».

Məlumata Naxçıvan Muxtar Respublika Xəstəxanasının arayışı da əlavə olunub.

İlqar Nəsibovun həyat yoldaşı hüquq müdafiəçisi Məlahət Nəsibova yayılan bəyanatda səslənən iddialarla razılaşmır:

«İlqarı ofisə mən yola salmışam. O, içkili deyildi. Xəstəxanada da ondan sərxoş olub-olmaması ilə bağlı ekspertiza götürülməyib. Özlərini sığortalamaq üçün bu yalanı uydurublar. Bu arxadan atılan daşdır. Fəridin ailə üzvlərinin iqtidaryönlü olduğunu bildirməklə indiyədək bizim dediklərimizi etiraf etmiş olurlar. Fəridin atası əslində iqtidaryönlü yox, AXCP üzvüdür. Bunu partiyanın yerli təşkilatından da təsdiq edərlər».

Məlahət Nəsibova həyat yoldaşının durumunun yaxşıya doğru irəlilədiyini də bildirdi:

«İlqarın ağrıları qalsa da yaxşıya doğru dəyişiklik hiss olunur. Artıq iştahası da düzəlib. Bir az yaxşılaşsın, qırıqlarının müalicəsinə başlayacağıq».

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri - Fərid Əsgərov saxlanılıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG