-
Fərid Həsənzadə
Yandır yağışı
Yandır yağışı
Salmasın yolunu bir də
sizin küçənin yaxınlığından
Ona de ki, danışmasın daha
odla suyun qohumluğundan
Hələ buludu demirəm
Duz basmaz bir dəfə
adamın yarasına da
Əşşi, bu buludun
ağına da lənət, qarasına da
Ölmək istəyib ölə bilməyən
adamlardı yolda qalanlar
İntihar üçün dənizi seçənlərdi
dənizi gözdən salanlar
Körpülər – dənizləri anlayandır
yol yoldaşlarıdı
Yağış – hündürdə tikilən
körpülərin göz yaşlarıdı
Yağışı qınama
Ki yağır həm yayı, həm qışı
Yaxşısı budur
yandırma yağışı,
yandırma !
Hərdən səni istəyirəm
Hərdən səni istəyirəm
Arabir də yox, düzü
Hər gün səni görür deyə
Göz də, ürək də bezir
Adam da bir adamla
Görüşməz axı hər gün
Bir-iki gün həsrət çək
Darıx, başına dönüm
Elə zəng eləyirsən
Keçməmiş on dəqiqə
Bu nə dağınıqlıqdır
Hanı sənin səliqən?
Bir müdddət uzaq duraq
Az nəfəs alaq, quzum
Görüşməyək bir həftə
İmkan ver, şeir yazım
Balaca xanım
Bapbalaca, sapsarı
Bir qız uşağı gördüm
Vardı uzun saçları
Baxır aşağı, gördüm
Baxırdı yarpaqlara
Böyük məhəbbətlə qız
Götürdü yerdən birin
Qəribə heyrətlə qız
Yaxınlaşdırdı onu
Öz saçlarına sarı
Gördü ki, yarpaq sarı
Gördü ki, saçı sarı
Gülümsədi bir anlıq
Sonra gülüşü kəsdi
Nəyi isə düşündü
Bir an titrədi, əsdi
Dedi:”bərk əsən külək
Yerə salır yarpağı
Bəs niyə saçlarımı
Yerə salmayır axı?”
“Külək yerə salırsa
yarpağı, yox güclüdür”
Gülümsədi “saçlarım
küləkdən çox güclüdür”