Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

AXCP üzvü Rəsul Mürsəlovu mülkigeyimli şəxslər axtarır


Rəsul Mürsəlov
Rəsul Mürsəlov

-

AXCP üzvü Rəsul Mürsəlovu mülkigeyimli şəxslər axtarır. Anası Sənubər Mürsəlovanın AzadlıqRadiosuna dediyinə görə, onu axtaranlar özlərini təqdim etmirlər:

«Bizə, Zaqatalaya bir-iki nəfər mülkigeyimli gəlmişdi, Rəsulu soruşdular, dedim evdə yoxdur, çıxıb getdilər. Bundan əvvəl isə bizə zəng edib demişdilər ki, onun banka 100 manat borcu var. Biz də dedik ki, o heç bir bankdan pul götürməyib ki, borcu da olsun. Yoldaşım pensiya kartı ilə bankdan pul götürüb, onu da özümüz hər ay ödəyirik. Səhəri gün yenə zəng elədilər, dedilər onun mobil nömrəsini və kirayə qaldığı yeri deyin. Həm də dedilər ki, Rəsul Mürsəlov barəsində cinayət məcəlləsinin «dələduzluq» maddəsi ilə cinayət işi açılıb».

R. Mürsəlov 2012-ci il «Eurovision» mahnı müsabiqəsi zaman həbs olunub və ilyarım azadlıqdan məhrum edilib, 2014-cü il yanvarın 25-də azadlığa çıxıb.

AzadlıqRadiosuna müsahibəsində hazırda ölkə hüdudlarından kənarda olduğunu bildirən Rəsul Mürsəlov o vaxt da, indi də ona qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib:

«HƏBSDƏ YAŞMAQDANSA ÖLKƏNİ TƏRK ETMƏYƏ ÜSTÜNLÜK VERDİM»

«Bu ittihamların qurama olduğu ordan görünür ki, 6 il əvvəl kredit məsələsi niyə birdən yada düşür və iddia olunur ki, mən Bakıda hansısa bankdan 2008-ci ildə kredit götürmüşəm və qaytarmadığım üçün axtarılıram. Bu, sadəcə mənim ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Çünki ölkəni tərk edəndən sonra kirayə yaşadığım evə bir neçə mülkigeyimli gəlib, mənimlə maraqlanıb. Mən apardığım mübarizənin doğru olduğuna əminəm və həbsdən, qaçaq yaşamaqdan qorxmuram, sadəcə həbsdə yaşmaqdansa ölkəni tərk etməyə üstünlük verdim. 2012-ci ildə də məni Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməyə görə həbs etdilər. Halbuki belə bir hadisə olmamışdı. Sadəcə «Eurovision» zamanı aksiyalarda fəal olduğum üçün tutulmağım tam aydın idi».

Rəsul Mürsəlovun AzadlıqRadiosuna yazdığına görə, sonuncu dəfə Dağlıq Qarabağda sülh prosesi ilə bağlı QHT-lərin Tbilisidə keçirdiyi müzakirələrində iştirak edib. O, yenidən təqib olunmasını da həmin müzakirələrdə iştirakı ilə əlaqələndirir.

«Avqustun 4-də Azərbaycana qayıdandan sonra yenidən mənə təzyiqlər başladı. Bu səbəbdən təkrar ölkəni tərk etdim. İndi mənə qarşı daha bir ittiham, «dövlətə xəyanət» ittihamı irəli sürülüb və axtarışa verilmişəm», deyə Rəsul Mürsəlov bildirir.

Hələ ki hüquq-mühafizə orqanlarından bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG