Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:07

Azər Əsgərov: «Bir nəfər mayor rütbəli yapışdı sinəmdən»


Azər Əsgərov
Azər Əsgərov

-

Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

Avqustun 25-də Nərimanov Rayon Məhkəməsi AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərovu 200 manat cərimələyib. Polisə müqavimət göstərməkdə ittiham olunan Əsgərov ittihamları qəbul etmədiyini bildirir. O, başına gələnlər haqda AzadlıqRadiosuna müsahibə verib:

- Avqustun 23-də Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurdum. Maraqlandım ki, bu il aprelin 19-da etdiyim müraciətə nə vaxt cavab verəcəklər? Həmin müraciətimin üstündən 5 aya yaxın vaxt keçib. Dedilər ki, şikayətinizi göndərmişik Fövqəladə Hallar Nazirliyinə. Bildirdim ki, mən elə FHN-in yüksək vəzifəlilərindən, evimin məhz onların göstərişi ilə partladılmasından şikayət etmişəm, onlar necə ədalətli araşdıra bilərlər şikayətimi? Üstündən 1 saat keçdi, mənə bir də zəng vurub dedilər ki, şikayətimə yenidən baxacaqlar. Gecə saatlarında Nərimanov rayon 18-ci polis bölməsindən Məmməd müəllim zəng vurub dedi ki, «dur gəl bura, bizə tapşırılıb ki, bu işi ədalətli aparaq». Mən də dedim ki, «indi gecdir, səhər gələrəm». Səhər durub getdim bölməyə.

- Dediniz ki, sizin şikayət əsasında polisə dəvət olunmusuz. Bəs nə baş verdi ki, polis sizdən şikayətçi oldu?

- Səhər polisə gedəndə çox sevinirdim. Fikirləşirdim axır ki, işimi ədalətli araşdıracaqlar. Sən demə mənə qurama qurublar. İçəri girdim, özümü təqdim edən kimi bir nəfər mayor rütbəli yapışdı sinəmdən. Dedim ki, «məni Məmməd müəllim çağırıb». Sonra o biri polislər gəldi, telefonumu əlimdən aldılar. Məni apardılar müavinin otağına. Orada dedilər ki, «bu adam bizə müqavimət göstərib, təhqir edib». Təxminən 1 saat saxladılar otaqda. Sonra dedilər ki, «indi səni aparacağıq Məmməd müəllimin yanına». Maşına basıb apardılar məhkəməyə. Orada da məlum oldu ki, guya mən şöbənin qapısından içəri girən kimi başlamışam dövləti, nazirlikləri, daha sonra polisləri söyməyə. Sən demə ədalətli baxacaqlar deməklə məni tələyə salıb öz ayağımla polisə gətirmək, daha sonra şərləmək istəyiblər. Məhkəmədə səhər saat 11-də iclasda olmağımla bağlı məndən izahat aldılar. Buna baxmayaraq məni təkrar polisə qaytardılar.

- Mətbuatda xəbər yayılmışdı ki, sizi yolda buraxıblar...

- İz itirmək üçün mənim arxamca gələnlərin hamısına deyiblər ki, guya məni yolda düşürüblər. Əslində polisə aparmışdılar. Bir gecə orada saxladılar. Növbəti gün məhkəməyə apardılar, məhkəmə məni 200 manat cərimələdi. Dedim ki, sonra pulu ödəyərəm, imkan vermədilər. Dedilər ki, indi ödəməsən buraxmayacağıq. Məcbur qaldım, ödədim.

- Polisdə necə davrandılar sizinlə?

- Normal davrandılar. Müstəntiqin otağında səhərə kimi saxladılar. Mənim üzümə duranlara dedim ki, «adam kişi olar, şər atmaz. Bu, quramadır». Hələ bir neçə gün öncə əvvəl kirayədə qaldığım evin sahibi deyirdi ki, «səni polislər axtarır». Məni inandırdılar ki, ədalətli araşdırma olacaq.

- Kompensasiya məsələniz nə yerdə qaldı? Mülkünüzə görə təklif olunan məbləğlə razılaşdınızmı?

- 2 ay öncə məhkəmə demişdi ki, FHN sökülən mülkün hər kvadratmetri üçün 1050 manat təklif edir. Mən də razılaşmadım. Mən iddiamda sökülən mülkün dəyərini 3 milyon manat göstərmişəm. Yəni, hər kvadratmetr üçün 5 min manat. Üstəgəl mənəvi ziyana görə təzminat istəmişəm. Mənə təklif olunan çox azdır. Evləri zərər çəkən qonşulara mənə təklif olunanın ikiqatını ödəyirlər. Tapşırıq var ki, məndən qisas alsınlar.

Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək onu söküblər. Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər. Əsgərov sökülən mülkü ilə bağlı məhkəməyə müraciət etmişdi.

XS
SM
MD
LG