Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

AXCP-nin keçmiş qərargahının sahibi buraxıldı


Mülkünü AXCP-yə qərargah kimi vermiş Azər Əsgərov
Mülkünü AXCP-yə qərargah kimi vermiş Azər Əsgərov

-

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

25 AVQUST - AZƏR ƏSGƏROV CƏRİMƏLƏNDİ

AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov bir gün polisdə qalandan sonra avqustun 25-də buraxılıb. O, polisi təhqir etdiyinə görə 200 manat cərimə olunub.

Azər Əsgərov AzadlıqRadisouna bildirib ki, avqustun 24-də 18-ci polis bölməsinə çağrılıb, ona işilə bağlı yeniliklər olduğunu deyiblər:

«NİYƏ SİNƏNİ QABAĞA VERMİSƏN?»

«Həyətdə mənə dedilər ki, işinə baxan hələ gəlməyib. Sonra polis yaxınlaşıb dedi ki, «niyə sinəni qabağa verib dayanmısan, köynəyinin yaxasını açmısan?» və sairə».

Bundan sonra Azər Əsgərov polisə müqavimətə görə Nərimanov rayon məhkəməsinə gətirilib. O, dövlətin təyin etdiyi vəkildən imtina edib. Bir gün polisdə saxlanan Əsgərov ona göstərilən münasibətin pis olmadığını deyir.

O, məhkəmə prosesini «mənasız» saydığından, apelyasiya şikayəti verməyəcəyini, cəriməni ödəyəcəyini bildirir.

24 AVQUST - AZƏR ƏSGƏROV SAXLANIB

Mülkünü AXCP-yə qərargah kimi vermiş Azər Əsgərov avqustun 24-də saxlanıb. Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Azər Əsgərovun xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunduğu bildirilir:

POLİS DEYİR YOLDA BURAXILIB

«Azər Əsgərov 18-ci polis bölməsinə çağırılaraq iki maddə ilə (296 xuliqanlıq və 310 polisə tabe olmamaq) məhkəməyə çıxarılaraq, Nərimanov məhkəməsinə gətirilib. Məhkəmədən çıxdıqdan sonra polis maşınına mindirilərək 18-ci bölməyə aparılacağını deyiblər. Ancaq 18-ci bölmədən deyirlər ki, bura gətirilərkən yolda buraxılıb. Ancaq nömrəsinə zəng çatmır. Güman olunur ki, məhkəmə təxirə salınıb və həmin tarixə kimi gizlədilir,» Məmməd İbrahim belə deyir.

AXCP müşaviri bildirir ki, Azər Əsgərovun nədə ittiham olunduğunu məhkəmədən öyrəniblər. Əsgərov dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib. Ancaq onun özünün istədiyi vəkillər Vəkillər Kollegiyasının üzvü olmadığından vəkillə təminatında problem yaranıb.

AZƏR ƏSGƏROV 3 MİLYON MANAT KOMPENSASİYA İSTƏYİRDİ

AzadlıqRadiosu gün ərzində Azər Əsgərovla əlaqə yarada bilməyib. Onun telefonu söndürülüb.

Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək onu söküblər.

Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər. Əsgərov sökülən mülkü ilə bağlı məhkəməyə müraciət etmişdi.

O, bir müddət öncə AzadlıqRadiosuna deyib ki, sökülən mülkünə təklif olunan kompensasiya ilə razılaşmır. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinə çağrılıb və sökülən mülkün hər kvadratmetri üçün 1050 manat təklifi alıb. Əsgərov sökülən mülkünə görə bütövlükdə 3 milyon manat, yəni hər kvadrata təxminən 5 min manat istəyib. O, hüquqlarımı sonunadək müdafiə edəcəyini söyləyib.

XS
SM
MD
LG