Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:13

"Romanlarımı axırdan yazmağa başlayıram"


John Irving
John Irving

-

"Döyməli adamın özünü necə hiss etməsini anlamaq üçün bədənimə döymə vurdurdum".

Tanınmış Amerika yazıçısı, "Oscar" mükafatlı ssenarist John İrving-in OPENSPACE.RU saytına müsahibəsi

- Siz romanın avtobioqrafik özəlliyini niyə bu qədər qabardırsınız?

- Çünki mən çox ləng yazanam.

Vetnam haqda romanımı ("Owen Meany üçün dua") müharibədən 20 il keçəndən sonra yazmışdım.

Amerikadakı abortlar haqda romanımı yazanda isə hadisələrin baş vermə tarixini qəsdən 1930-40-cı illərə çəkmişdim.

Mən xoşlayıram ki, məni romanın yazılmasına ilhamlandırmış hadisə ilə həmin hadisənin bədii əsərə çevrilməsi arasında zaman məsafəsi yaransın.

Hadisələrin bilavasitə yaşanılmasının bir neçə aspekti var (şəxsi, ictimai, siyasi) və bu çox emosional bir prosesdir. Emosiyaların yatmasını gözləmək məndən ötrü ona görə vacibdir ki, diqqətimi cəmləyib hadisələri daha dəqiq təsvir edə bilim.

Avtobioqrafik romanlarda adətən nə baş verir? Bir qayda olaraq, yazıçıların birinci və ikinci romanları avtobioqrafik səciyyəli olur. 30 yaşını haqlamamış yazıçının uşaqlığı, yeniyetməliyi haqda yazması tipik bir haldır, çünki üstündən elə də çox vaxt keçməyib.

John Irving
John Irving

Mənsə romanı sanki teleskopa baxırmış kimi yazıram. "Səni tapanacan" mənim on birinci romanımdır. Yəni uşaqlıq, yeniyetməlik qayğılarımı qələmə alanda mənim artıq 60 yaşım vardı.

60 yaşın zirvəsindən mən o dövrdə yaşadıqlarıma daha sərbəst yanaşa, nəyisə şişirdə, nəyinsə şəklini dəyişə bilərəm. Mən Cek Bernsin anası Alisanı öz anamdan da betər bir ana kimi təsvir edə, Bernsin başına gələn seks olayını daha zorakı şəklə sala, əsərə Cekin öz quvernantkası tərəfindən zorlanması epizodunu əlavə edə bilərəm.

- Hərdən adama elə gəlir ki, sizin romanınız bir psixoanalitik seansıdır. Lap Cekin doktor Qarsianın qəbulunda olması kimi.

- Mən də istərdim ki, roman yazmaq psixoterapevtik təsirə malik olsun. Əslində isə terapevtik effekt mən romanı yazıb qurtarandan sonra hiss edildi.

Bilirsiniz, belə bir sirk səhnəciyi var. İki kloun rastlaşır, onlardan biri dayanmadan çəkiclə alnını döyəcləyir. O birisi bunun səbəbini soruşanda cavab verir ki, “Bilirsən, alnımı döyəcləməyəndə özümü elə yaxşı hiss edirəm ki..." Mən də özümü yalnız romanı bitirəndən sonra daha yaxşı hiss etməyə başladım.

Amma həm də düşünürəm ki, siz haqlısınız. Həqiqətən də roman – bir terapiya seansıdır. Cek Bernsin doktor Qarsianın qəbulunda olması kimi.

Roman üzərində işləyərkən Sürixdə isveçrəli psixoterapevtlə görüşlərim oldu. İstəyirdim təsvirlərdə daha dəqiq olum. Mən ona doktor Qarsianın metodunu təsvir edəndə reaksiyası belə oldu: “Aydındı, Kaliforniya psixoanalizi”.

- Amma romanın axırında, İsveçrədə Cek Bernsin atasının yatdığı xəstəxananı çox ironik tonda təsvir etmisiniz.

- Romanda təsvir edilən Kilxberq sanatoriyası əslində real bir məkandır. Romanım üçün materalı toplayanda – mən adətən öz əsərlərimi axırdan yazmağa başlayıram - Kilxberqdə psixoterapevtlərlə də görüşdüm və onlara dedim ki, “Mən sizə öz uydurduğum klinik hal barədə danışmaq istəyirəm”. Onlara Uilyam Berns haqda, onun xəstəliyinin simptomları,

dərisindəki döymələr, həyatda itirdiyi adamlar haqda danışdım və soruşdum ki: “Onu necə müalicə edərdiniz?” Cavabları belə oldu: “O elə bir vəziyyətdədir ki, çətin ki haçansa xəstəxanadan çıxa bilə”. Əgər desəydilər ki, Uilyam Bernsə 10 mq Lexipro verib rahat şəkildə evə buraxmaq olar – onda romanım alınmayacaqdı. Yeri gəlmişkən, romanlarımı məhz buna görə axırdan yazmağa başlayıram.

- Döyməyə bu qədər maraq nəylə bağlıdı?

- Mənim romanımın bütün qəhrəmanları psixoloji travması olan adamlardı. Mən romanda döyməçilərin Pitsburqdakı festivalını təsvir etmişəm. Həmin festival “Ömürlük möhür” adlanır.

Mənim bütün qəhrəmanlarımın taleyinə bu cür möhürlər vurulub. Uilyam Berns özünün döymə ehtirasının girovuna çevrilib. Alisanın da taleyinə bu cür möhür vurulub - o, Uilyam Bernsi bağışlaya bilmir. Cek və Emmanın taleyindəki möhür isə uşaqlıqda məruz qaldıqları seksual zorakılıqdır, buna görə də onlarə seksual anlamda normal adam demək olmaz. Hərçənd müasir dünyada seksual anlamda normal adam tapmağın özü müşkül işdir. “Norma” anlayışının özü də sanki artıq mövcud deyil. Emmanın anası Liza Oustler isə bir növ döyməçi rolunda çıxış edir və hər bir insanın həyatına öz möhürünü vurur.

Bir zamanlar mən qarşıma məqsəd qoyub orqan musiqisi və döymə sənəti haqda məlumat toplamışam. Baltika və Şimal dənizinin liman şəhərlərini gəzmişəm. Çünki Qərbdə döymə sənəti məhz orda yaranıb. Protestant orqan musiqisinin ənənələrinin güclü olduğu Amsterdam, Kopenhagen, Oslo, Helsinkini də gəzib-dolaşmışam.

İnsanlardan soruşurdum ki, niyə bədənlərinə döymə vurdurublar. Səbəb nədir? Onlar da cavab verirdilər ki, məsələ heç də döyməyə olan sevgidə deyil, bunu, sadəcə soyuqdan donduqları üçün ediblər. Döyməli adamın özünü necə hiss etməsini anlamaq üçün bədənimə döymə vurdurdum. Amma bircə dənə – həyat yoldaşıma da dedim. Amma bir ildən sonra birini də vurdurdum. İndi isə 6 dənəsi varımdı. Amma düşünmürəm ki, belə getsə, lap Uilyam Bernsə dönəcəm, hərçənd həyat yoldaşım narahatdır.

Tərcümə: R.Qəmbərov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG