Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:28

-

Axşamlar məşuqələrilə saunalara axışanlar kimlərdi? O saunalarda həmin adamlara xidmət göstərənlər kimlərdi?..

Günel Mövlud

MENTALİTETSİZ XALQ

Bir neçə il əvvəl bir yazıçı dostum bir rus qızı ilə rayonlardan birinə getmişdi.

Bildiyim qədərilə rus qızının ölkəmizə gəlişi təsadüfi deyildi. O, Yeseninin, Puşkinin, Lermontovun şaxtalı Rusiyasından bura məhz elə o yazıçı dostumuza görə gəlmişdi. Bildiyim qədərilə.

Gənc yazıçı rus qızını götürüb, mənzərəli rayonlarımızdan birinə aparır. Gəzirlər, şəkil çəkdirirlər, deyib-gülürlər, yeyib-içirlər, ədəbiyyatdan, Rusiya şaxtasından danışırlar. Sonra axşam düşür. Yazıçı dostumuzun həmin rayonda şəxsi və dostunun evi olmadığından, qərara gəlirlərki, rayon otellərindən birində qalsınlar.

Gənc cütlük otelə gəlib, nömrə istəyirlər. Qeydiyyatda oturmuş əyalət işgüzarı tez cütlüyün nikah haqqında şəhadətnaməsini istəyir. Təbii ki, onlar evli olmadıqlarından belə bir sənədləri də olmur.

İnzibatçı isə deyir ki, bağışlayın, mən sizə otaq verə bilmərəm. Evli olmayan qadınla kişinin, oğlanla qızın bir otaqda qalmağı bizim milli mentalitetimizə ziddir. Biz bir azərbaycanlı olaraq, buna icazə verə bilmərik. Camahatın anası-bacısı var...

Belə axmaq-axmaq xeyli danışır. Yazıçı dostumuz Yeseninin, Lermontovun ölkəsindən gələn romantik rus qızının yanında xeyli pərt olur. Çar-naçar deyir ki, qardaş, yaxşı, cəhənnəmə, heç olmasa, iki dənə ayrı-ayrı otaq verin. Qalmarıq bir otaqda. Biz də başa düşürük, camaatın anası-bacısı var. Milli mentalitet var. Başa düşdük.

İnzibatçı bu dəfə gülümsəyir:

- Qardaş, biz sizə heç iki dənə ayrı-ayrı otaq da verə bilmərik!

Yazıçı dəhşətli dərəcədə hirslənir.

- Axı, niyə?! Nə səbəbə?

İnzibatçı dişlərini ağarda-ağarda, çoxmənalı şəkildə qızı göstərib, deyir:

- Biz bilirik ki, siz gecə bir-birinizin otağına keçəcəksiniz!

Bu yerdə yazıçı dostumuz daha dözmür. Telefonu götürüb, bir naşir dostumuza zəng edir. Məsələni danışır. Naşir dostumuz, sən demə, həmin rayonun prokuroru ilə bərk dost imiş. O da öz növbəsində prokuroru yığır, məsələni danışır, otelin adını deyir. Aradan onca dəqiqə keçməmiş, inzibatçı qaçıb, otelin sahibini çağırır. İkisi də birlikdə yüyürürlər yazıçı dostumuzun yanına. Başlayırlar yalvarmağa:

- Ay qardaş, neynirsən?! Niyə bizim başımıza oyun açırsan? Sənə nə pisliyimiz keçib? Sən nə vaxt otaq istədin, biz vermədik? Otaq nədi, otel sənə qurbandı. Qız gətirmisən, əcəb eləmisən. Cavan adamsan, bu yaşda da kef eləməyəcəksən, bəs nə vaxt eləyəcəksən? Süleymana qalmayan dünyadı. Cavanlığı sən də eləmə, bəs kim eləsin….

Beləcə, yazıçı dostumuza nəyi var, yaltaqlanırlar. Yalvarıb-yaxarırlar ki, prokurora çatdırsın ki, məsələ həll olunub. Otelin ən yaxşı otağını verirlər. Başına fırlanırlar.

Yazıçı dostumuz isə oteldən çıxanda otel sahibinə və inzibatçıya bir sualverir:

- Bəs, harda qaldı sizin milli mentalitetiniz?

Həmin iki nəfərin cavab axtardığı suala siz də cavab axtarmağa çalışmayın. Bu sualın cavabı yoxdur.

Bəli, uzun illər biz yeni nəsil yazarlar olaraq, mentalitet təkərinə düşmüşük. Xalqın mentalitetini tənqid etməklə, mental dəyərlərin mahiyyətini açmaq, ifşa etməyə çalışmaqla, olduqca böyük səhv etmişik. Bu o qədər böyük, mən hətta deyərdim, bağışlanmaz bir səhvdir ki, bunu bizə gərək nə özümüz bağışlayaq, nə də başqaları bağışlasın. Biz mentaliteti, milli dəyərləri tənqid etməklə, nə qədər sadəlövh olmuşuq?! Necə olub ki, biz bu qədər avam, saf, hətta deyərdim ki, kor olmuşuq? Bunu necə görməmək olardı? Bizim mentalitetimiz yoxdur. Milli dəyərlərimiz yoxdur. Əksini iddia edən və ən güclü arqumentləri gətirən şəxslə mübahisəyə girərəm.

Nədir, milli dəyərlərimiz, mentaletitemiz? Namus, kişilik, ailə?

Əgər bizim milli metalitetimiz namusdursa, onda adı gələndə haqqında "əxlaqsız" və s. sözlər işlətdiyi müğənniləri övladının toyuna çağıran kimlərdi?

Başqa vaxt «ev qızı», «ev uşağı», «axşam saat 7-dən sonra qızın çöldə nə işi var?» kimi söhbətlər edir camaatımız.

Şəxsən mənim üçün homoseksualın ənənəvi orientasiyalıdan heç bir fərqi yoxdur. Amma siz onlara cürbəcür damğalar vurursunuz, əgər milli dəyərimiz "kişilikdir"sə, onda homoseksual olduğunu yaxşı bildikləri adamlarla ikiəlli görüşüb, qarşısında ikiqat əyilən, şəkil çəkdirmək üçün növbəyə dayanan kimdir? Ya insanlara cinsi orientasiyasına görə fərq qoymayın, ya da dəyər dediyiniz şeydən danışmayın. Fərqli gördüyünüz, fərqini qəbul eləmədiyiniz adamlara işiniz düşəndə, sayğıda qüsur etməyən kimdir bəs?

Əgər bizim mentalitetimiz ailədirsə, arvadını, uşaqlarını illərlə atıb, Rusiyaya gedənlər, qazandıqlarını orda eyş-işrətə xərcləyənlər kimlərdi? Axşamlar məşuqələrilə saunalara axışanlar kimlərdi? O saunalarda həmin adamlara xidmət göstərənlər kimlərdi?

Bizim mentalitet, dəyər qanunlarımız ancaq və ancaq kasıblar üçündü. Pulun yoxdusa, canın çıxsın, bu qaydalara əməl elə. Pulun varsa, varlısansa, vəzifən, nüfuzun varsa, sən heç bir qaydaya əməl etməyə borclu deyilsən. Amma dərd burasındadır ki, varlı, nüfuzlu, vəzifəli, qıraqda beş məşuqə (ya da məşuq) saxlayan, arvadı, qızları, oğulları il uzunu kef eləyən, istədiyi kimi yaşayan adam da beş adamın arasına düşəndə mentalitetdən, milli dəyərdən, namusdan, ailədən danışır.

Bizim ən qatı, ən fanatik mental keşikçilərimiz belə pulun, vəzifənin, şöhrətin qarşısında təslim olur, ağ bayraq qaldırır. Bəyəm bütün günü mentalitetdən, milli özəlliyimizdən danışan beş oğul sahibi, ciddi, zəhmli bir ailə başçısının ən böyük arzusu Aygün Kazımovanı, Nadir Qafarzadəni, Röyanı oğlunun toyunda oxutmaq deyilmi? Onun arzusunda olduğu bu adamlar bəyəm çoxmu milli mentalitetin qaydalarına uyğun yaşayırlar? Bəs, onda nədir bu?

Bir bəstəkar dostumuz demişkən: Bizdə nə milli mentalitet var, nə milli dəyər. Bizdə total saxtakarlıq var!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG