Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

-

- Keçən ilin aprelində nazir vəzifəsini icra etməyə başlayanda aydınlaşdırdım ki, 15 sentyabrda 6-cı sinfə gedəcək şagirdlər üçün heç bir dərslik yoxdur. Onlar nəinki çap olunmayıb, heç yazılmayıb da. Kitablar yoxdur!!!

Bunu təhsil naziri Mikayıl Cabbarov Vyaçeslav Sapunov-un bloquna müsahibəsində deyib.

AzadlıqRadiosu Təhsil Nazirliyinin internet saytında yerləşdirilən həmin müsahibədən bir hissəni təqdim edir.

- Bəs onlardan əvvəlki 6-cı siniflər nəyin əsasında dərs keçdilər?

- Əgər yadınızdadırsa, 7 il əvvəl yeni kurikuluma keçid başladı. Onu 1-ci sinifdən tətbiq etməyə başladılar. Bu zaman yuxarı siniflərə hələ də köhnə sistemlə təlim keçilirdi. Kurikulum - təhsilə yeni yanaşma, yeni forma, məsələlərin yenidən qoyulması, təhsilin yeni məzmunudur. Köhnə dərsliklərlə şagirdlərə yeni məzmunu öyrətmək mümkün deyil!

- Dərsliklərin müəllifləri kimlərdir?

- ...Bizdə dərslik hazırlanması könüllüdür. Bəli, mən ali təhsil müəssisələrini bu işə cəlb etməyə çalışıram, rektorları tənqid edirəm ki, «Sizdə yaxşı baza varsa, niyə ali təhsil müəssisəsi dərslik hazırlamaqda bizə yardım etmir?». Amma fakt budur ki, biz heç kimi dərslik yazmağa məcbur edə bilmərik. Düzgün seçimin aparılmasını təmin etmək, təklif olunmuşların arasından ən yaxşısının seçilməsinə nail olmaq bu il edə bildiyimiz işdir. Ekspert qrupu öz seçimini etdikdən sonra biz üç qrupda: TQDK-ya, ali təhsil müəssisələrinin nümayəndələrinə və ən yaxşı məktəb müəllimlərinə yolladıq. Müxtəlif mütəxəssislərdən müstəqil şəkildə qiymətləri aldıqdan sonra mənzərə aydın oldu: bütün qruplardan yüksək bal almış dərsliklər şübhə yaratmır, müxtəliflik olduğu halda xüsusi işçi qrupu ekspertlərin nə qədər düzgün qiymətləndirmə apardıqlarını aydınlaşdırdı. Bu yolla dərsliklərin seçimi çox diqqətlə aparılmışdır. Heç bir halda demək olmaz ki, Təhsil Nazirliyi dərsliklərin üzərində işləmir. Təklif olunanlar arasından ən yaxşı dərsliyi seçdikdən sonra biz yenə öz metodiki məsləhətlərimizi veririk... Hər halda, sentyabrın 15-nə çatdırmaq lazımdır...

- Bu sistemi dəyişdirməyi planlaşdırmısınız?

- Bəli, dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər edilməsi üçün hökumətə müraciət etmişik. Gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil. Əlbəttə, mən tez bir zamanda dəyişikliyi görmək istərdim, amma bu mümkün deyil. Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır... Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır.

- Necə gücləndirmək?

- Biz «ehtiyat dərsliyin» hazırlanması üçün xüsusi mərkəz yaradırıq. «Ehtiyat dərslik» nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur.

- Yəni, bundan yaxşısını edə bilirsinizsə, buyurun.

- Bəli. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaqdır.

- Müəlliflərlə niyə bu qədər problem var?

- Çünki müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmamışdı. Müəllif üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm: az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq...

- Ümumilikdə nə qədər dərsliyə ehtiyac vardır?

- Azərbaycan və rus bölməsini nəzərə almaqla, 200 dərslik. Əlbəttə, yeni dərsliklərdə də problem ola bilər. Amma mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur. Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar var. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG