Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

ABŞ Rusiyadan öz yardım karvanını Ukraynadan çəkməsini tələb etdi


Rusiya karvanı Ukrayna sərhədini separatçıların nəzarətində olan məntəqədən keçib.

Rusiya karvanı Ukrayna sərhədini separatçıların nəzarətində olan məntəqədən keçib.

-

Amerika Birləşmiş Ştatları Moskvadan Ukraynanın şərqində, separatçıların nəzarətində olan əraziyə Kiyevin icazəsi olmadan göndərdiyi yardım karvanını geri çəkməyi tələb edib.

Avropa İttifaqının rəsmiləri də eyni tələblə çıxış ediblər.

Reuter agentliyi xəbər verir ki, Vaşinqton Rusiyanı Ukraynanın suverenliyini kobud şəkildə pozmaqda ittiham edir.

Öz növbəsində Ukrayna sərhədinə çox sayda canlı qüvvə və hərbi texnika cəmləşdirmiş Moskva xəbərdarlıq edib ki, onun yardım karvanına hər hansı əngəl törədilməməlidir.

NATO rəhbərliyi bildirib ki, Rusiyanın çoxsaylı maşınlardan ibarət karvanı separatçı qüvvələrin gücləndirilməsi məqsədini güdə bilər.

NATO: “Rusiya müharibə aparır”

Atlantika alyansı bəyan edib ki, avqustun ortalarından başlayaraq Rusiya artilleriyası sərhəd üzərindən Ukrayna hökumət qoşunlarının mövqelərini atəşə tutmaqla faktiki olaraq müharibə aparır.

Bu, ilk dəfədir ki, Qərb Moskvanı açıq şəkildə müharibə aparmaqda ittiham edir.

Moskva Ukraynanın şərqindəki separatçı qüvvələri dəstəklədiyini danır və israr edir ki, onun yardım karvanındakı bütün yüklər humanitar təyinatlıdır.

Xəbər verilir ki, NATO Rusiya ilə həmsəhəd müttəfiqlərin ərazilərində, habelə Baltikyanı ölkələrdə qoşunlarının sayını artırıb.

Kiyev təxribatdan çəkinir

Ukrayna prezidenti Petro Poroshenko yük maşınlarından ibarət karvanın Kiyevin icazəsi olmadan Ukrayna ərazisinə daxil olmasını “beynəlxalq qanunların kobud şəkildə pozulması” adlandırıb.

Bununla belə, Ukrayna təhlükəsizlik xidmətlərinin rəhbərliyi bildirib ki, hər hansı təxribatın baş verməməsi üçün Rusiyanın göndərdiyi karvanın hərəkətinə maneçilik törədilməyəcək.

Kiyev beynəlxalq müttəfiqlərini “Rusiyanın qanunsuz və təcavüzkar hərəkətlərinə” qarşı vahid cəbhədən çıxış etməyə çağırıb.

NATO komandanlığı xəbərdarlıq edib ki, Rusiya öz hərəkətləri ilə beynəlxalq aləmdə daha çox təcrid olunmasına şərait yaradır.

NATO birbaşa müdaxilə etməyəcək

Bununla belə, NATO rəhbərliyi alyansın münaqişəyə hərbi qaydada müdaxilə etməyəcəyini bildirib.

Öz növbəsində Rusiya qazına ehtiyacı olan Avropa da sanksiyaların daha da şiddətləndirilməsinə həvəsli görünmür.

Rusiya bildirib ki, heç bir beynəlxalq qanunları pozmayıb. Prezident Vladimir Putin Almaniya kansleri Angela Merkellə söhbətində izah edib ki, Moskva Kiyevin humanitar yardımla bağlı süründürməçiliyinə dözməyərək birtərəfli qaydada hərəkət edib.

Moskva bəyan edir ki, onun yeganə məqsədi Ukraynanın şərqində fəlakətli vəziyyətdə olan rusdilli əhaliyə yardım göstərilməsidir.

Merkelin missiyası nədir?

Angela Merkel prezident Poroshenko ilə söhbətində yaranmış vəziyyətdə Ukrayna tərəfinin “təmkinli” hərəkətini təqdir edib və tez bir zamanda atəşkəs elan olunmasına çağırıb.

Ukrayna prezidenti Petro Poroshenko bəyan edib ki, Rusiyadan gələn 100-dək yük maşını Ukrayna sərhədini keçib və onlardan yalnız 35-40-ı Ukrayna nümayəndələri tərəfindən yoxlanıb.

Məhz buna görə də Ukrayna rəhbərliyi yardım yükünün arasında separatçılar üçün silah-sursat ola biləcəyindən narahatdır.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, nə rəsmi Kiyev, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya karvanının yükünü yoxlaya bilməyib.

Reuter agentliyi şahidlərə istinadən bildirir ki, Ukrayna ərazisinə daxil olan Rusiya yük maşınları separatçı döyüşçülərin müşaiyəti ilə Luqansk şəhərinə istiqamət götürüb.

Rusiya karvanı Luqanskın mühasirəsinə mane olur

Vəziyyəti mürəkkəbləşdirən budur ki, hazırda Luqanskı mühasirəyə almaqda olan Ukrayna qüvvələri Rusiya karvanı ilə bağlı təxribat törənməməsi üçün hücuma ara verməli ola bilərlər.

Təhlilçilər bildirirlər ki, belə bir şəraitdə Rusiyaya aid yük maşınlarından hər hansı birinin vurulması Moskvaya tammiqyaslı hərbi müdaxilə üçün bəhanə verə bilər.

Hərbi ekspertlər bildirirlər ki, belə bir məqamda Ukrayna qoşunlarının hücumu dayandırması separatçılara yenidən qruplaşmaq imkanı verərdi.

Rusiya karvanının Ukrayna ərazisinə daxil olması Rusiya telekanallarının aparıcı mövzusu olub və Vladimir Putinin reytinqinin yüksəlməsinə xidmət edib.

Lakin burası da var ki, indi Moskva üçün iki gündən sonra Belarusiya paytaxtında keçiriləcək görüşdə Poroshenko və Avropa İttifaqının nümayəndə heyəti ilə danışmaq xeyli çətin olacaq.

Müstəqillik paradına separatçı paradla cavab

Reuter agentliyi sərhədin Rusiya tərəfindəki yol polisindən aldığı məlumata əsasən bildirir ki, bütövlükdə Rusiyadan Ukraynaya 260 yük maşını keçib.

Rusiyanın İnterfax xəbər agentliyinin məlumatına görə Rusiyanın yük maşınları artıq Luqansk şəhərinə çatıb.

Bu arada qiyamçılar Ukrayna ordusuna aid sıradan çıxarılmış iki zirehli maşını nümayiş etdirmək üçün Donetsk şəhərinin mərkəzinə gətiriblər.

Bu da xəbər verilir ki, separatçılar bazar günü Kiyevdə Ukraynanın müstəqilliyinə həsr olunmuş hərbi parada cavab olaraq Donetskdə öz paradlarını keçirməyi planlaşdırırlar.

XS
SM
MD
LG