Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

-

«20 manat verib un alıram, qalan puldan da 5 manat işığa, 5 manat qaza görə verirəm. Yeməyə lap az pul qalır. O pula nə ərzaq almaq olar ki?..»

Xaçmazın Ortaoba kəndində yaşayan Şəkərxanım Duraxanova aldığı təqaüdü elə bölüşdürür ki, onun ifadəsi ilə desək ayın sonunadək heç olmasa mədəsinə yavan çörək də olsa getsin. Ancaq kommunal xərcləri və ərzaq xərcini 50 manata yerləşdirmək də hər adamın işi deyil.

ƏT ALANDA QƏND, ÇAY ALA BİLMİR

Anadangəlmə sümük xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə görə ikinci qrup əlildir. Deyir, aldığı təqaüd o qədər azdır - o, ay ki, ət yeyəcək, gərək qənddən, çaydan, çörəkdən əlini üzsün. Ya da əksinə, un alanda ət yeməsin:

«Un alıram, çörək bişirib yeyirəm. Mağazadan çörək almalı olsam pul çatdırmaram. Un almayan vaxtda ət alıram. Ayda 1 dəfə də olsa ət almağa çalışıram. Ət alanda qənd. çay ala bilmirəm. Vəziyyət çox çətindir».

Şəkər xanım ailə qurmayıb. Heç vaxt işləməyib. Səbəbindən danışır:

«Uşaqlıqdan belim əyridir. Orta məktəbi bitirib evdə oturmuşam. Əvvəldən əmək qabiliyyətim olmayıb. Atam, anam saxlayıb. 30 yaşından pensiya kəsilib mənə...»

Tənhadır. Baxanı yoxdur. Küçəyə gec-gec çıxır. 57 yaşlı qadına özündən yaşca çox-çox böyük olan xalası baxır. O da imkan düşəndə:

«Yayda gəlir, yanımda qalır, üzü qışa çıxıb gedir».

«SOSİAL YARDIM VERMİRLƏR Kİ, PAY TORPAĞIN VAR»

Deyir, 25 il əvvəl torpaq islahatları ilə verilmiş pay torpaqları adamlara əngəl olub. Hansı kəndli ünvanlı sosial yardım üçün qapı döyürsə, pay torpağını yadına salıb geri qaytarırlar. Halbuki, tənha, əlil Şəkər xanım bu pay torpağından özü istifadə edə bilmir:

«Atam, anam öləndən sonra onların pay torpaqları da mənə qaldı. 74 sotdur. Bir nəfər özü üçün buğda əkir. Hərdən mənə də buğda verir. Ancaq sosial yardım üçün gedəndə deyirlər ki, pay torpağın var, sosial yardım düşmür. Əlil adamam, o pay torpağı nəyimə lazımdır?»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev isə deyir, pay torpağı da pul şəklində hesablandığına görə Şəkərxanım Duraxanovaya ünvanlı sosial yardım təyin etmək mümkün deyil:

«Bu adamın adında pay torpağı varsa, istifadə etmirsə, sata və dolana bilər. Torpaq onun əmlakı olduğuna görə o əmlak bu adama pul şəklində hesablanır. Nazirlər Kabinetinin 32 saylı qərarı var - orta aylıq gəlirin hesablanması qaydası. Ona əsasən vətəndaşın pay torpağı varsa, o torpaq onun gəlirinə hesablanır. Adam başına ehtiyac meyarı 100 manatdır. O torpaqdan gələn gəlir hesablanır, 50 manat əlillik müavinətinin üstünə gəlir, ona görə də həmin xanıma ünvanlı sosial yardım təyin etmək mümkün olmur. O vətəndaş yalnız torpağı satandan 1 il sonra ünvanlı sosial yardım üçün müraciət edə bilər».

Tənha adam kimi isə nazirlik Şəkərxanım Duraxanovaya ancaq qocalar evinin yolunu göstərə bilərdi. Buna da yaşı çatmır.

XS
SM
MD
LG