Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

-

Beyləqan rayonunun Dünyamalılar kəndinin bir qrup sakini yolların yararsızlığına etiraz olaraq aksiya keçirib. Avqustun 20-də keçirilən aksiya zamanı sakinlər əllərinə Azərbaycan və hakim Yeni Azərbaycan Partiyasının bayraqları alıb, «İlham!, İlham!» qışqıraraq yürüş ediblər.

AXCP rayon təşkilatının sədri Rövşən Alışlının AzadlıqRadiosuna verdiyi məlumata görə, kəndlilər yolların pis vəziyyətdə olmasına, prezidentin yol çəkilişinə ayırdığı vəsaitin mənimsənilməsinə etiraz ediblər:

«150-200 nəfərə yaxın kənd sakini İmişli-Daşburun avtomobil yolunu bağlamışdı. Onlar yollara ayrılan büdcə pullarının yeyintisinə, yollara sərf edilməməsinə etiraz ediblər. Rayon rəhbərliyi, polis, hamısı ərazidə idi. 9 nəfəri polis saxlamışdı. Təxminən axşam saat 11 radələrində məlumat aldıq ki, onları sərbəst buraxıblar. Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur».

Beyləqan icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov kənd sakinlərinin yol tələbi ilə etiraz aksiyası keçirdiyini təsdiqləyib:

YOL TİKİNTİSİ QALDI GƏLƏN İLƏ?

«Orda 30 kilometrə yaxın yoldur, onun 20 kilometrə yaxını çəkilib, qalanı hələ çəkilməyib. Pul 20 kilometrə ayrılıb. Qalan hissəyə də pul ayrılanda yolun çəkilişinə başlanacaq. Kənd sakinləri isə deyir ki, niyə yol bütöv çəkilmir. Gərək pul ayrılsın ki, yol bütöv çəkilsin. 2014-cü ildə 7 kilometr çəkilib, gələn ildə qalan 10 kilometr çəkiləcək».

Telman Məstanov aksiya zamanın saxlananların olması barədə məlumatların doğru olmadığını bildirir.

2013-cü ilin avqustunda prezident rayonun 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi üçün Beyləqan rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılması haqqında sərəncam verib.

Beyləqan rayon icra hakimiyyətindən AzərTAc deyiblər ki, ayrılan vəsait hesabına Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi bu il başa çatacaq.

Şərhləri göstər

XS
SM
MD
LG