Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

-

Atam deyirdi ki, meşə təhlükəlidir: orada ayılar var, oğlum, adama pəncələriylə şillə vurarlar, insan kimi iki ayaq üstə qalxaraq adamın üzünə tüpürərlər...

Ahmet Yıldız

(Türkiyə)

MİŞARÇILAR

(Hekayə)

Meşədə mişarçıların işlədiyini öyrənəndən neçə gündür atamın başının xarab eləmişdim. Amma atam deyirdi ki, meşə təhlükəlidir: orada ayılar var, oğlum, adama pəncələriylə şillə vurarlar, insan kimi iki ayaq üstə qalxaraq adamın üzünə tüpürərlər, hələ iri dişli, ağzınnan qan qoxuyan qurdlar.... Sürü halında vəhşi donuzlar, kolluqların arasınnan çıxarlar və qarşılarında insana-filana heç baxmadan əzib çeynəyərək üzərinnən keçib gedərlər - deyərək hər səfərində məni azdırmağa çalışan bahanələr tapırdı.

Anamı üzümə tutmuşdum axırda; mişarçıların yanına göndərmək üçün kələm dolması, pomidor salatı hazırlayarkən, qarğıdalı çörəyi bişirərkən başını dəng edirdim. Yanından sallanaraq yalandan ağlamsınırdım. O da elə hey meşə nəmlidir, üşüyərsən, xəstələnərsən, uzaqdır, iki saat, üç saat dağa dırmanamazsan, uşaqsan - deyib başından eləyirdi. Axırda üzünü atama tutub uşaq mişarçıları görmək istəyir, səninlə getsin, meşəni öyrənər; başımı şişirtdi, - dedi.

Atam köhnə evimizi təzələmək fikrindəydi; uçurub, yerində yenisini tikdirmək fikrinə düşmüşdü. Bunu niyə düşünmüşdü, bu qərara niyə gəlmişdi, kimsə bilmirdi. Meşənin küknar və digər ağaclarının qalın ikiqat taxtalarından qurulmuş böyük ambarı olan evimizin içərisi ərik, alma və qurudulmuş heyva qoxuyardı. Nənəmdən, babamdan eşitmişdim ki, evimizi Hopadan gətirdikləri laz ustalarına tikdiriblər. Əslində evin elə bir çatışmazlığı yoxdu. Qırmızı kirəmidləri yaşıl yosun basmış, damı üç il öncə bir metrəcə yağan qara davam gətirməmiş, bir az yana yatmışdı. Amma bu mühüm bir səbəb deyildi ki?

Atam arzumu dinləmədi. Yenə meşəyə təkbaşına getdi. Meşə gözətçilərinin ruhu belə duymadan səhərəcən çalışaraq təpələrdəki meşənin dərinliklərində taxtalıq şam, küknar ağaçlarını kəsdi (baltanın uzaqdan duyula biləcək kəskin səsindən ehtiyat etsə də), budadı, yonqarlarını torpağa basırıb gizlətdi, açıqda qalmış kötükləri qara palçıqla örtdü, qol-budağını bir yerə yığdı, gündüz gəzən meşəbəyilərin diqqətini çəkməməsi üçün üzərini təzə budaqlarla bürüdü.

Sonra, bu oduncaqları hamarlamaq üçün, sonunun olmadığına inandığım meşənin yuxarı yaxasındakı dağ kəndindən gürcü mişarçıları gətirdi. Bütün bunları, anamla hər gecə yatağa girmədən öncə neft lampasının işığında fısıltı-tısıltıyla danışmalarına qulaq şahidliyi edərək öyrəndim. Onlar əlbəttə, bunları “uşaqdır, ağzından söz qaçırar, meşəçilər eşidər” düşüncəsiylə məndən gizlədirdilər.

İndi atamla dəstələyib əlimizə aldığımız, sellərin yuyub-aparmasına görə güclə sezilən dik cığırla heç danışmadan mişarçıların çalışdığı məkana yaxınlaşırıq. Atamın böyründən asdığı baltasını, anamın hazırladığı boğçaya yığılmış yeyəcəkləri götürüb bir yerə yığdıq.

Seyrək, amma geniş gövdəli yaşlı vələslərin, göyüzünü bürüyən iri küknar, genişyarpaqlı su bitkilərinin bitdiyi meşənin içində sürən iki saatlıq bir gəzişmədən sonra birdən gün işığının sevinclə bürüdüyü kiçik bir çəmənliyə gəlib çıxdıq. Daha meşənin içindəykən bəlli bir ritm içində şırıltı ve xırıltı səsləri çıxardan mişarın səsini duya bilirdim. (Yaxınlaşdıqca elə bil səs azalırdı.)

Orada iki kişi gördüm. Üstdəki mişarçı, nazik ağaclardan qurulmuş yüksək bir körpüdə, dörd tərəfi hörülmüş, yamyaşıl ağac qırıntılarının üzərində, kəndirbaz kimi bir ayağı öndə, o biri arxada tarazlıq vəziyyətində duraraq, mişarın böyük T hərfinə bənzəyən üst qanadından iki əli ilə rahatca tutub üzünə qədər qaldırır, sonra ucadan bir “hoh” səsi çıxararaq aşağı buraxırdı. O biri mişarçı isə altdaydı. Gözünə səpələnən tozlardan qorunmaq üçün boynunu yana bükərək yuxarıya, baxışlarını oduncağın altına dikmiş biçimdə eyni “hoh” səsilə - amma bir az daha içdən və duyğulu – sərt şəkildə iki əliylə aşağı çəkirdi tutduğu sapı. Bizi görüncə əl saxladılar. Atama:

-Xoş gəldin, - dedilər.

-Xoş gördük, - dedi atam. – İşiniz irəli.

Ayaqüstü, doğranmış ağacların vəziyyətindən, taxtaların keyfiyyətindən qısaca söhbət açdılar. Darıxdım. Çəmənliyin kənarından boyumu aşan otlarla əhatələnmiş bir çay axırdı. Ora yüyürdüm. Suyun əllərimi dondurmasına fikir vermədən üzümə çırpdım, boynumda yaş barmaqlarımı gəzdirdim. Yanındakı yastı daşın üstündə oturdum, çayın düzənli axan səsini dinlədim. Mənzərənin önündə irili-xırdalı yüzlərcə ağcaqanadın uçuşduğu, çürümüş, amma yanında yenisi bitən bitkilərin mor, sarı, qırmızı, narıncı çiçəklərinə qonan kəpənəkləri, heç bir yerdə görmədiyim böyük arıları, başında buynuzları olan qara böcəkləri izləməyə başladım. Kiçik, duru gölün üzərində quyruqlarını iki yana sallayaraq üzən kiçik balıqları görüncə sevindim. Onlara çubuqla toxundum; qaçışıb gözdən itdilər. İri ayaqlarını bir sallama kimi gərərək üzən hörümçəyə bənzəyən bir ağcaqanad onları iştahla izləyir, birdən qalxır, sonra xəfifcə dururdu.

İnəkləri qarğıdalı tarlasına buraxaraq başarıyla otardığım üçün dədəmin hədiyyə verdiyi qırmızı dönər saplı, qoşa ağızlı, bir zəncirlə qayışıma bağlı bıçağımı cibimdən çıxarıb içi boru kimi bir bitkini dibindən kəsdim. Baş tərəfinə kiçik bir dil qoyaraq tütək kimi çalmaq istədim, amma səsi çıxmadı. Sonra bir boru kimi işlədərək kiçik gölün suyun axdığı təmiz bölümünə üflədim, çıxan qabarcıqları izlədim.

Atamgil əyilməmələri, düzgün qurumaları üçün hər iki ucundan bağlanmış taxta yığınının yanında siqaret sümürürdülər. Suyun yanından ayrılıb, mişarçıların ağac oduncaqlarından və yarpaqlarından düzəldilmiş komacıqlarına getdim. Yeni itilənmiş yedək mişarı komacığın duvarına söykəmişdilər. Birdən “ham” edəcəkmiş kimi duran iti dişlərdən bir az da qorxaraq barmaqlarımın ucları ilə toxundum. Mişarın dibində bir taxta qab qızıla boyanmışdı. İçi qırmızı torpağa bulanmış bir suyla doluydu. Yanında qırmızıya bulaşmış kəndir ip vardı.

Atamgilin yanına dönüncə:

-Qara quyruqlu balıqlar vardı göldə, ata, - dedim.

Mişarçılar işə başlamışdılar. Atam körpünün dibində siqaret çəkirdi. Gülüşdülər.

-O, balıq deyil, qurbağa balalarıdır, - dedi atam.

-Amma qurbağalara bənzəmirlər ki, - dedim.

-Qurbağalar yumurtlayırlar, yumurtadan da o çömçəquyruqlar çıxır, - dedi atam.

-Amma uzun quyruqları var, qurbağa quyruqsuzdur, - dedim.

-Quyruqları qopur sonra, oğlum…

Darıxdığımı anladım. Mişarçılar yenə o xırıltılarla aşağıya toz püskürdən mişarlarını çəkməyə başlamışdılar. Körpü yüksəkdi, ağaclar onun üstündəydi.

-Nə olar, ata, mən də yuxarıya çıxmaq istəyirəm, - dedim.

-Aydındır, sənin əlinnən rahatlıq olmayacaq, - dedi atam.

-Qoy çıxsın, - dedi, yuxarıdakı mişarçı.

Boğazlı bir köynək geymişdi. Qara dalgalı saçları alnına tökülmüşdü. İncə uzun üzü, üst dodağıyla burnu arasında nazik bığları vardı. Atam qoltuqlarımın altından tutub qaldırdı. O da eyni yerdən tutub ağacların üzərinə çəkdi məni. Müvazinətimi saxlamağa çalışırdım.

Aşağı bir uçurum kimi görünürdü. Bir taxtanın eni qədər incə aralıqlarla qırmızı çizgilər çəkilmişdi ağacların bəyaz üzərinə. Komada gördüyüm taxta qabdakı qırmızı suyun nə işə yaradığını anladım. Qətran qoxusundanmı, ya həyəcandan başım fırlanırdı. Önümdə, taxta çiviylə yarılı olan yarı kəsilmiş çatlaqdakı mişar oraya saplanmış və tərk edilmiş kimi gəlirdi adama.

Aşağıdakı mişarçı yardım edib endirdi məni. Qalın dama-dama köynəyinin qollarını dirsəyinə qədər çırmalamışdı. Bir meşə adamıymış kimi hər tərəfi tükdü. Sarı saqqalı geniş üzünü, hardasa mavi gözlərini belə örtmüşdü. Kəsif bir biçimdə tər və qaçaqmalçı tütününün qarışığı qoxuyurdu. İşlək bir bədəndən yayılan tər qoxusu, təmiz, oksigen dolu bu açıqlıda yeni yaranmış mişar tozlarının, yonqarların və qətranın qoxusu çürümüş bitkilərin qoxularına qarışırdı.

Mişar susunca meşənin dərinliklərindən gələn qəribə quş səsləri və yanında yemək yedikləri, mənim tərk edib nəhəng meşənin ortasında yalnız qoyduğum o kiçik yerdəki suyun səsi indi daha aydın duyulurdu.

Bir təpədə oturub uzun müddət üzümə, çılpaq qollarıma hücum çəkən ağcaqanadları qovmağa çalışaraq mişarçıların işləmələrini izlədim. Mişarın dairəvi gövdədən çıxardığı cihnəmələri və inləmələri, mişarçıların bir ağı kimi təkrarladıqları, meşəyə yayılan “hoh”larını sayğıyla dinlədim.

Evə dönəndə, quyruğu qopacaq olan qurbağa balalarını düşündüm bir xeyli. Sonra atama:

-Mən də böyüyəndə mişarçı olmaq istəyirəm, - dedim.

Atam siqaretindən dərin bir qullab alıb təmiz havaya doğru fışqıran su kimi məharətlə üfləyərək:

-Sən daha vacib adam olacaqsan, oğlum, - dedi. - O taxtalardan ev qura biləcək usta olacaqsan…

Azərbaycan türkcəsinə uyğunlaşdırdı Azad Qaradərəli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG