Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

Bir kəndin nəqliyyat problemi


Arxiv fotosu
Arxiv fotosu

Şəkinin Aşağı Göynük kəndinin sakinləri 5 ildir ki, kənddən kənara çıxa bilmirlər. İşdi-şayət, çıxmalı olanda, kəndlə rayon arasındakı 21 kilometr yolu az qala Şəki-Bakı yolunun taksi qiymətinə gedib-gəlirlər. Elə onları kənddə dustaq edən də budur. Deyirlər, “avtobus yoxdur, taksi xidməti bahadır, əlimizi-ayağımızı yığışdırıb oturmuşuq kənddə”.

Kənd sakini Əsəd İskəndərov deyir, qəflətən ictimai nəqliyyatın kənddən yoxa çıxmasının səbəbləri onlara bəlli deyil:

“Bir ildən yuxarıdır avtobus yoxdur. Rayona taksi ilə gedib-gəlirik. Niyə yoxdur, səbəbini bilmirik, gah deyirlər qiymətlər qalxır, gah deyirlər vergini qaldırıblar”.

Maarif Qismətli isə taksi xidmətinin bahalığından gileylənir:

“Bir gün avtobus olur, 5 gün olmur, kiçik maşınların ümidinə qalırıq. Rayondan, şəhərdən qonağımız olur, gəlib kəndə çıxa bilmirlər. Bakıdan rayona 10 manata gəlirik, rayondan kəndə 6 manata”.

Səfər Nəbiyev nəqliyyatsız qalmalarına görə kənd bələdiyyəsini qınayır:

“Bakıdan gələn qonaq mənim kəndimə gələn taksilərin sürücülərini tanımır. Ancaq üstündə Baş Göynük yazılan avtobusa minib gələr. Şəkidən bura taksilər baha gətirir – baxır vaxtına. Gündüz 5-6, qaş qaraldı hətta 12 manata gətirir. Bir sözlə, bələdiyyə cibimizə, büdcəmizə zərər vurur. Avtobusla 40 qəpiyə gediriksə, marşrutla 2 manata, taksi ilə ondan da baha gedirik”

Nazlı Şərifova deyir, vaxtilə kənddən rayon mərkəzinə işləyən avtobus kənd adamlarının əlindən tuturdu. Avtobus gündə dörd dəfə rayona gedib-gəlirdi. İndi gedişhaqqı ciblərinə uyğun olmadığına görə, elə vaxt olur ki, ay ərzində bircə dəfə də kənddən çıxa bilmir. Çünki aldığı cüzi təqaüd heç gedişhaqqısını da ödəmir:

“Əvvəllər yaxşı işləyirdi. Balaca kənd deyil axı. Heç olmasa gündə iki dəfə gətirib aparsın. Marşrut gündüz 1 manata, yük olsa, 2 manata aparır. O qədər də pul verib geri qayıdırıq. Təqaüdçü adamam. Aldığım heç yeməyimə çatmır”.

Kənd bələdiyyəsindən bildirirlər ki, avtobusun xətdən yığışdırılmasının səbəbkarı elə kəndlilər özləridir:

“Avtobusa minmirdilər. Avtobus ola-ola taksi ilə gedib gəlirdilər. Şəxsi avtobus idi, sahibi gördü minən yoxdur, kənd-rayon yolunu boş gedib-gəlir, xeyirdən çox zərərini çəkir, getdi oturdu evində”.

Ancaq bələdiyyədən vəd edirlər ki, əgər kəndlilərin tələbatı varsa, yaxın vaxtlarda avtobus xəttini bərpa edəcəklər.

XS
SM
MD
LG