Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:16

«Akkord» şirkətinin Türkiyədəki bank hesablarına həbs qoyulub?


-

««Akkord» şirkətinin Türkiyədəki bank hesablarına həbs qoyulub». Bu barədə Türkiyə mətbuatına istinadla «APA-Economics» məlumat yayıb. Məlumatda bildirilir ki, şirkətin Türkiyənin «Öz Volkan» neft məhsullarının nəqli və inşaat şirkətinə 7 milyon 237 min lirə (təxminən 2 milyon 621 min 247 manat) borcu olduğundan Qaziantep 13-cü İcra Dairəsi belə bir qərar çıxarıb.

Məlumata görə, korporasiya Türkiyə Kömür İşlətmələrindən aldığı mədən yatağının qazılması ilə bağlı bəzi işlərin icrasını «Ada» Metal Mədənçilik şirkətinə həvalə edib. Lakin «Ada» şirkəti gördüyü işin məvacibini ala bilmədiyindən borcu yaranıb.

«Öz Volkan» neft məhsullarının nəqli və inşaat şirkəti məhz bu səbəbdən Qaziantep 13-cü İcra Dairəsinə müraciət edib. İcra Dairəsi isə həm Akkord, həm də «Ada» şirkətinin hesablarına həbs qoyulmasına qərar verib.

Türkiyə mətbuatı «Akkord» və «Ada» şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun olduğu barədə məlumatlar yayıb.

«Akkord» Korporasiyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva APA-ya açıqlamasında bu məsələyə aydınlıq gətirilməsi üçün hazırda bəyanat hazırlandığını deyib:

«Bu məlumatla bağlı Türkiyə ofisi ilə əlaqə saxlamışıq. İnformasiyada yanlışlıq var. Bu gün bizə məlumat verəcəklər. Biz Türkiyə ofisindən cavab istəyirik. Onlar cavabı verən kimi biz açıqlamanı verəcəyik».

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tikinti şirkəti kimi 2005-ci ildə təsis edilib. Şirkətin internet səhifəsində verilən məlumata görə, bu günədək Korporasiyanın bütün başa çatmış infrastruktur layihələrinin ümumi dəyəri 1,7 milyard dollar təşkil edir. Bu ilki layihələrin ümumi dəyərinin isə 1,9 milyard dollara bərabər olduğu bildirilir.

Şirkətin internet səhifəsindəki rəhbərlik bölümündə qurumun müşahidə şurası və departamentlər tərəfindən idarə olunduğu qeyd olunsa da şura və departamentlərdə kimlərin təmsil olunduğu bildirilmir.

XS
SM
MD
LG