Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Ağacların kəsilməsinə görə 40 min manat cərimə


-

Nəsimi rayonu ərazisində iri gövdəli ağacların kəsilməsinə görə 40 min manat cərimə tətbiq olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

İRİ GÖVDƏLİ AĞACLARIN BUDANMASINA RƏY VERİLİB

Məlumatda deyilir ki, Bakı Abadlıq Xidməti MMC nazirliyin Dövlət Ekspertiza İdarəsinə iyulun 11-də müraciət edib. MMC Nəsimi rayonu, 20 Yanvar küçəsi 22B və Asəf Məhərrəmov küçəsi 2/51 ünvanlarda abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsini istəyib. Dövlət Ekspertiza İdarəsi həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verib.

Lakin avqustun 12-də nazirliyə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

5 ƏDƏD AĞAC KƏSİLİB

Araşdırma zamanı sözügedən ünvanda Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib. Cərimə İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq tətbiq olunub. Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Nazirlik bildirir ki, tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.

Bir gün öncə xəbər agentlikləri yazıb ki, Nəsimi rayonu ərazisində 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya yayılandan sonra, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları həmin ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.

XS
SM
MD
LG