Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

-

Mən heç kiminsə uşağına Qarabağ, Kəlbəcər, ya da Xocalı adı qoymasına rast gəlməmişəm..

Sara Selcan

ADLA YAD ETMƏDİKLƏRİMİZ

və yaxud nadinc Atəşkəs

Bizdə belə bir adət var, yaxın, əziz adamımızı itirəndə ona olan sevgimizi bildirmək üçün yeni doğulan körpələrimizdən birinə onun adını veririrk.

Məsələn, lap “Bəyin oğurlanması” filmində Nəsibə Zeynalovanın danışdığı kimi bu qız o oğlanı sevir, o oğlan da bu qızı, hansısa səbəbdənsə bunlar qovuşmur. Beləcə, o nakam cütlüklərdən cəsarətlisi sevgilisinin adını öz övladına və yaxud da yaxınlarından birinin uşağına verir.

Hə, onu da deyim ki, adı verilən adamla ad qoyduğumuz adamın taleyində oxşarlıqlar olur. Bunu öz adımın üstündən deyirəm. Uzun söhbətdir, nə vaxtsa rastlaşsaq danışaram.

Bu xalq parçalanandan sonra sevgimizin pik nöqtəsində uşaqlarımıza Şəhriyar, Təbriz, Araz adını verdik. Beləcə, itirdiklərimizin acısını adla yad etməklə ovunduq. Amma son itirdiklərimizi nədənsə bu cür əbədiləşdirmirik.

Və bədbəxtlikdən bu adlar adam adı kimi uzlaşmır da...

Mən heç kiminsə uşağına Qarabağ, Kəlbəcər, ya da Xocalı adı qoymasına rast gəlməmişəm..

Bu yerdə bilirəm deyəcəksiniz, nə çox Qarabağ kafesi, Şuşa restoranı.

Yəni obyektlərə bu adlarıı vermişik. Amma insan adı kimi yaşatmırıq axı o itirdiyimiz torpaqları.

Bu itirdiklərimizlə yanaşı bir qazandığımız da var. Özü də bu qazanc bicbala-zad deyil ha... Halal süd əmmmişdir. Atəşkəsi deyirəm. Onu Qarabağ qaçırılandan düz beş il sonra qazanmışıq.

Təssəvvür edin, uşağınıza Atəşkəs adı qoymusunuz. Bu uşaq allah saxlamamış da camaata göz verib işıq vermir. Kimi harda tutdu-tutdu. Yetənə yetir, yetməyənə bir daş atır. Gündə neçəsini qanına qəltan edir.

Sən biçarə də onu yanına çağırıb deyirsən:

-Atəşkəs, bala, bir az sakit oyna. Heç kəslə işin olmasın.

O da bic-bic gülümsünüb gedir öz bildiyinin dalınca...

Günün bütün mövzuları

XS
SM
MD
LG