Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26

Şəki məhkəməsi AXCP fəallarına 5 sutka verdi, 500 manat cərimələdi


Arxiv foto

Arxiv foto

-

5 SUTKA - 500 MANATLIQ CƏRİMƏ

Şəki Şəhər Məhkəməsi avqustun 18-də saxlanılan AXCP fəalları ilə bağlı qərar verib.

Bu haqda AzadlıqRadiosuna saxlananlardan Mübariz Əbdülkərimov məlumat verib.

Məhkəmə Əli Abdullayev Rauf Əbdürrəhmanlıya 5 sutka həbs, Mübariz Əbdülkərimov İslam Həsənova 500 manat cərimə kəsib. Fəallar xırda xuliqanlıqda ittiham olunurlar.

FƏALLAR MƏHKƏMƏYƏ GƏTİRİLİB

AXCP Şəki rayon şöbəsinin saxlanan fəalları məhkəməyə gətirilib. Bu haqda AzadlıqRadiosuna saxlananlardan Əli Abdullayev məlumat verib. Fəalın bildirdiyinə görə, onlar asayişi pozmaqda ittiham olunurlar:

«Dünən həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə bağlı 5 dəqiqəlik fləşmob keçirmişdik. Bu gün səhər polis rəisinin müavini zəng edib şöbəyə gəlməyimi xahiş etdi. Məndən əlavə AXCP üzvü olan 3 nəfər iştirakçını da çağırmışdılar. Dedilər ki, siz xəbərdarlıq etmədən aksiya keçirmisiz, buna görə inzibati məsuliyyət daşıyırsız. Dedik ki, bu aksiya yox, sadəcə fləşmobdur. 6-7 saat saxladılar idarədə. İndi gətiriblər məhkəməyə. Yanımızda polislər var. Ya, sutkalıq həbs verəcəklər, ya da cərimə edib buraxacaqlar».

FƏALLAR SAXLANIB

Avqustun 18-də AXCP Şəki şöbəsinin fəalları saxlanıb. Bu haqda AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn məlumat verib. Saxlananlar şöbənin sədri Əli Abdullayev, şöbənin məclis sədri Rauf Əbdürrəhmanlı və məclis üzvü Mübariz Əbdülkərimovdur. İlham Hüseyn fəalların avqustun 17-də Şəki şəhərində keçirilən «flashmob»a görə saxlandıqlarının ehtimal olunduğunu bildirir:

«2 saatdır ki, Şəki şəhər Polis İdarəsindədirlər. Onları dindirirlər. Ehtimal var ki, dünənki «flashmob»a görədir. Başqa nə ola bilər? Hamı bilir ki, belədir. Hazırda idarənin qarşısına cəbhəçilər yığışıb. Nəticəni gözləyirlər».

Şəki Şəhər Polis İdarəsindən fəalların saxlanması ilə bağlı məlumata aydınlıq gətirmək istəmədilər.

AXCP Gənclər Komitəsi Şəki Şöbəsinin sədri İslam Həsənov da saxlanıb. Bu haqda AzadlıqRadiosuna komitənin sədri İlham Hüseyn məlumat verib. Onun da avqustun 17-də keçirilən «flashmob»la bağlı saxlandığı ehtimal olunur.

Avqustun 17-də Şəki şəhərində ictimai fəallar həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə bağlı «flashmob» keçirib.

Aksiya zamanı ictimai fəalların əllərində Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində ünvanlanan təbrik müraciətləri olub.

Hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs istintaqa çağırılıb və elə həmin gün barəsində 3 aylıq həbs qərarı verilib. O, vergidən yayınmada, səlahiyyət həddini aşmada və qanunsuz sahibkarlıqla məşğul olmada ittiham olunur.

Rəsul Cəfərov ittihamları rədd edir, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti ilə əlaqələndirir. Rəsul Cəfərov avqust ayında açıqlanan və 97 nəfərin yer aldığı siyasi məhbus siyahısının müəlliflərindən biridir.

XS
SM
MD
LG