Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Sən kimsən, hüquq müdafiəçisi?


Rəşid Şerifin karikaturası. Azadlıq indeksi
Rəşid Şerifin karikaturası. Azadlıq indeksi

-

Gözlə

No media source currently available

0:00 0:08:51 0:00
Direct-ə keçid

Son bir ayda Azərbaycanda 4 hüquq müdafiəçisi həbs edilib. Onlar vergidən yayınmaqda, vəzifə səlahiyyətlərini aşmaqda, qanunsuz sahibkarlıqda, hətta vətənə xəyanətdə ittiham olunurlar.

AZƏRBAYCANDA «HÜQUQ MÜDAFİƏÇİSİ» DEYİMİ NƏ VAXTDAN İŞLƏNİR?

Lap əvvələ gedək. Azərbaycanda «hüquq müdafiəçisi» deyiminin elə də çox yaşı yoxdur. Bu deyim ölkə müstəqillik qazanandan sonra duyulmağa başlanıb. Müstəqillik əldə olunandan bəri hüquq müdafiəçilərinin həm sayı çoxalıb, həm də problemləri. Müstəqilliyin təzadı və talenin ironiyasıdır ki, ilk hüquq qoruyuculardan biri – peşəkar hüquqşünas və vəkil İntiqam Əliyev elə bu isti avqust günlərini məhbəsdə keçirir.

Bir başqa təzad da odur ki, Azərbaycan reallığında hüquq müdafiəçilərini 3 qismə ayırırlar – müstəqillərə, iqtidarpərəstlərə və müxalifət partiyalarına meyl göstərənlərə.

«HÖKUMƏT DOVŞANIN QULAĞINI KƏSİB...»

«Hüquq müdafiəçisi kimdir» sualının çox sadə cavabı var: insan haqlarını təkbaşına və ya bir qrup insanla qoruyan və ya qorumağa təşviq edən şəxs.

«Hökumət dovşanın qulağını kəsib sonra saymağa başlayır. Əvvəlcə hüquq müdafiəçisinin hesabına həbs qoyur. Sonra cəmiyyət arasında onu nüfuzdan salmağa çalışır. İndi hüquq müdafiəçilərinə elə baxırlar ki, elə bil torpaqların 20 faizini verən onlardır» – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı belə deyir. Xanım Qəhrəmanlının fikrincə, Azərbaycanda hüquq müdafiəçisi olmaq çox çətindir. Niyəsi də odur ki, haqsızlığın açıqlanması hökumətə sərf etmir:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

«İnsanla bərabər doğulan və konstitusiyada verilən haqlar pozulanda, bu haqları hüquq müdafiəçisi qoruyur. Haqqın duyurulması hökumətə sərf etmir. Buna görə də hüquq müdafiəçilərini cəmiyyətin gözündən salınmağa çalışırlar. Siz heç hansısa müstəqil hüquq müdafiəçisinin mükafat aldığını, dövlət qurumunun onun fəaliyyətini dəyərləndirdiyini görmüsünüz? Haqqı qoruyanları həmişə haqsız çıxarmağa çalışırlar. Onların qarşısını ədalətsiz məhkəmələr və korrupsionerlər kəsir».

«YERLİ-YERSİZ İZLƏNƏ VƏ YOXLANA BİLƏRLƏR...»

Mirvari Qəhrəmanlı hüquq müdafiəçilərinin işini əngəlləyən başqa səbəbləri də sadalayır:

«Onların ofis problemləri, tədbir üçün yerə icazə almaq problemləri var. Yerli-yersiz izlənə, yoxlana bilərlər. Hər gün qara rəngli maşına basılıb aparılma ehtimalı da realdır. Hüquq müdafiəçilərinə məxsus əmlakın müsadirəsi, bank hesablarına həbs qoyulması da onların fəaliyyətinə əngəl törədir və məhdudlaşdırır».

Tədbir keçirməyə yer verməməkdən söz düşmüşkən, indi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov da bu qadağadan əziyyət çəkənlərdəndir. O, koordinatoru olduğu «Art for democracy» kampaniyasıyla bağlı tədbir keçirməyə bir neçə dəfə cəhd göstərib. Hara üz tutsa, əvvəlcə razılıq verilsə də, sonra rədd cavabı alıb:

«Otel rəhbərləri birmənalı şəkildə bildirirlər ki, qadağa tədbirin mövzusu ilə əlaqədardır. Gördüyümüz işləri şəxsən bəyənirlər. Bir neçə dəfə fəaliyyətimizə şəxsi rəğbətlərini açıq duymuşam. Di gəl, yer vermək məsələsinə gəlincə, durum dəyişir, çörəkpulunu itirməmək üçün rədd cavabı verirlər. Güc-bəla ilə tapdığımız son yerin sahibi də bizə bildirib ki, elə edin, bu yerin hara olduğu bilinməsin».

«BELƏ BAŞA DÜŞÜRƏM Kİ...»

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həmkarlarının bənzər çətinliklərinin bir neçə səbəbdən qaynaqlandığını deyir.

İlham Əliyevin AŞPA-da çıxışı - 24 iyun 2014
İlham Əliyevin AŞPA-da çıxışı - 24 iyun 2014

Amma o, hökumətlə hüquq müdafiəçilərini qarşı-qarşıya qoyan başlıca səbəbi siyasi məhbus məsələsində görür:

«Belə başa düşürəm ki, Azərbaycan prezidentinin AŞPA-da çıxışından sonra hüquq müdafiəçilərinə basqılar daha da artıb. Ən əsas məsələ siyasi məhbuslarla bağlı hay-küy idi. Hüquq müdafiəçilərinin həbsi onların müstəqil hesabatlar hazırlamasından irəli gəlir. Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərə dair hesabat və monitorinq nəticələrinin ortaya çıxması hakimiyyəti qıcıqlandırıb».

«SİYASİ MƏHBUS SİYAHISINA DÜŞMƏYİN QİYMƏTİ...»

«Eurovision» Mahnı Yarışması ərəfəsində insan haqlarının durumuna dair tədbirdə səslənən bu fikir, əslində, hüquq müdafiəçilərinə hökumətin münasibətini yetərincə dəqiq ifadə edir:

«Sizin siyasi məhbus siyahısına düşməyin qiyməti neçədir? Erməni lobbisi bu siyahını hazırlamaq üçün sizə nə qədər pul ödəyib?».

Yerli hüquq qoruyucuları avropalı qonaqlara siyasi məhbuslardan, insan haqlarından söz açdıqca, hökumətyönlü nümayəndələrdən bənzər atmacalar eşidilir.

Siyasi məhbus siyahısını hazırlayanlardan biri də indi həbsdə olan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus idi. Bu il ona 2 həftə öncə həbs edilmiş həmkarı Rəsul Cəfərov da yardım edirdi. Siyahı hazırlandı, amma bu siyahı açıqlanarkən – avqustun 12-də hər 2 hüquq qoruyucusu artıq həbs edilmişdi.

«MƏN DƏ BU CİNAYƏTKARLARDAN BİRİYƏM...»

«Ölkədə insanları, insan haqlarını, siyasi məhbusları müdafiə edən şəxsləri, korrupsiyaya, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri cinayətkar sayırlar. Mən də həmin cinayətkarlardan biriyəm» – Bu fikirləri bir başqa hüquq müdafiəçisi, peşəkar hüquqşünas və vəkil fəaliyyəti ilə də ölkədə çox tanınmış İntiqam Əliyev dilə gətirib.

İntiqam Əliyev
İntiqam Əliyev

Özü də kiməsə müsahibəsində deyil, həbs edilən gün. Onun 20 illik vəkil fəaliyyəti var. Avropa İnsan Haqları Məhkəməsinə 300-dən çox müraciət yollayıb, 23 işi udub. İntiqam Əliyev avqustun 8 də həbs edilib. Onun fikrincə, həbsinə əsas səbəb məhz Avropa Məhkəməsindəki vəkillik fəaliyyətidir.

«ƏVVƏLKİ PREZİDENTİN DÖVRÜNDƏ...»

Hüquq müdafiəçilərinə, demək olar, eyni ittiham tirajlanır: vergidənyayınma, vəzifə səlahiyyətlərini aşma, qanunsuz sahibkarlıq. Bəzilərinə dövlətə xəyanət, dələduzluq maddələri də əlavə edilib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son illərdə həmkarlarının durumunun daha da pisləşdiyini bildirir. O, kiçik bir müqayisə də aparır:

«Əvvəlki prezidentin – Heydər Əliyevin dövründə siyasi təqiblər, həbslər olurdu. Hüquq müdafiəçiləri hətta kəskin çıxışlarına, hesabatlarına görə də indiki qədər həbs və təqib görmürdü. Sonra durum pisə doğru getdi. 2013-cü il seçkilərindən sonra lap pisləşdi. Bunda ölkədaxili didişmələrin də payı var. Düşünürəm ki, vəziyyət belə davam etsə, 2015-ci ilə, çətin ki, vətəndaş cəmiyyəti qalsın. Sovet zamanındakına bənzər ictimai təşkilatlar olacaq və hamısı deyəcək ki «yaşasın hökumətin siyasəti!»».

SİYAHIDAKI 10 NƏFƏR...

Avqustun 12-də «Azərbaycanda siyasi məhbusların vahid siyahısı» yayılır. Siyahını tanınmış hüquq müdafiəçiləri, ekspert, hüquqşünas və ictimai şəxslərdən ibarət İşçi Qrupu hazırlayıb. Burada 98 siyasi və vicdan məhbusunun adı və onlara qarşı cinayət işlərinə dair məlumatlar əksini tapıb. Onlardan 10 nəfəri hüquq müdafiəçiləridir. Adlarını diqqətinizə yetiririk:

- Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri Anar Məmmədli;
- SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı;
- «Kamil Vətəndaş» cəmiyyətinin rəhbəri Həsən Hüseynli;
- «Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov;
- «Çalxan» MMC-nin rəhbəri Qurban Məmmədov;
- Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus;
- «Yasavul» hüquq şirkətinin rəhbəri Əliabbas Rüstəmov;
- Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev;
- Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus;
- Hüquq müdafiəçisi Rəsul Cəfərov.

XS
SM
MD
LG