Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Tərcümə Mərkəzinin təhvil-təslimi, axır ki, başlandı


Səlim Babullaoğlu

Səlim Babullaoğlu

-

“Köhnə mətnlərin çapı qurtardı. O müəlliflərin əsərlərini çevirəcəyik ki, onlar ya Azərbaycanda tanıdılmayıb, ya da dilimizə fraqmentar tərcümə ediliblər”.

Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin təhvil-təslimi başlandı. Nazirlər Kabinetində tərcümə qurumunun rəhbəri təyin edilən keçmiş direktor Afaq Məsud hələ ki, yeni ofisə köçməsə də, Mərkəzin möhür, nizamnamə və s. sənədlərinin yeni direktor Səlim Babullaoğluna təhvil verilməsi ilə bağlı aktlar imzalanmaqdadır.

S. Babullaoğlu “Oxu zalı”na deyib ki, Tərcümə Mərkəzinin kollektivi yenilənəcək.

- Orada çalışmış əməkdaşlar ərizələrini yazırlar, güman ki, Afaq xanımın yeni idarəsində çalışacaqlar. Mən 13-14 nəfər işçi cəlb edəcəm. Bunlar əsasən inzibati işçilər olacaqlar. Amma həm də tərcümə işini bilən insanlar. Biz ayrı-ayrı layihələri gerçəkləşdirəndə, qonorarla peşəkar tərcüməçilərin xidmətindən istifadə edəcəyik.

- Sirr deyilsə, hansı tərcüməçilərlə işləyəcəksiniz?

- Mən ad çəkmək istəməzdim.

- Mərkəzin büdcəsi nə qədərdir?

- İllik büdcə 50-55 min manatdır. Ümid edirik ki bu məbləğ tədricən artacaq. Bu pula nə mümkündürsə, artıqlaması ilə edəcəyik.

Seyfəddin Hüseynlinin redaktorluğu ilə çap ediləcək “Dünya ədəbiyyatı” jurnalında hər dəfə bir ölkənin ədəbiyyatına daha çox yer ayrılacaq. Məsələn, bir sayımız Ukrayna ədəbiyyatı ağırlıqlı olacaq, daha sonra başqa bir ölkənin ədəbiyyatı.

“Ulu çinar” jurnalında isə hər dəfə bir türk xalqının ədəbiyyatından çevirmələr üstünlük təşkil edəcək. Çalışacağıq ki, bu işləri görəndə həmin ölkələrdə fəaliyyət göstərən dərgilər, tərcümə mərkəzləri ilə əlaqə quraq ki, onlar da qarşılıqlı olaraq Azərbaycan yazıçılarının əsərlərini çevirib orada çap etsinlər. Yəni fayda ikitərəfli olsun. Artıq Ukrayna ilə belə bir müqaviləmiz var. Bundan başqa ayrıca kitab seriyamız olacaq.

- Son dövrlərdə Azərbaycanda dünya ədəbiyyatı adına daha çox sovet dövründə edilmiş tərcümələr çap edilir. Bəs siz hansı tərcümələrin nəşrinə üstünlük verəcəksiniz?

- Köhnə mətnlərin çapı qurtardı. O müəlliflərin əsərlərini çevirəcəyik ki, onlar ya Azərbaycanda tanıdılmayıb, ya da dilimizə fraqmentar tərcümə ediliblər. Məsələn, Norveç ədəbiyyatı antologiyası. İngilis, polyak şeiri antologiyaları. Amma çalışacağıq ki, çap etdiyimiz müəlliflər ötən əsrin 60-70-ci illərindən sonrakı dövrü təmsil etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG