Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

Türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb


Böyük Qurultay

Böyük Qurultay

-

Macarıstanın Buqats adlı bölgəsindəki Kişqunşaq Milli Parkında Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı – Böyük Qurultay başa çatıb.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Sayca beşincisi keçilən Qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub.

Qurultay iştirakçı dövlətlərin sayının çoxluğu və miqyası baxımından fərqlənib.

Azərbaycandan tədbirdə deputatlar Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər, elm və mədəniyyət xadimləri, həmçinin Qədim Musiqi Alətləri Ansamblının təmsil olunduğu nümayəndə heyəti iştirak edib.

Qurultayın ilk günü – 8 avqust tarixində tədbirdə iştirak edən nümayəndə heyətlərinin təntənəli qarşılanması mərasimi keçirilib.

Gün ərzində qədim dövrün geyimlərində əsgərlərin iştirakı ilə döyüş səhnələri canlandırılıb, müxtəlif yarışlar keçirilib.

Açılış nitqi ilə çıxış edən Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak qonaqları salamlayıb, bu tədbirin xalqlar arasında dostluğa böyük bir töhfə olacağından əminliyini ifadə edib.

Daha sonra, Macar-Turan Fondunun sədri Andraş Biro və Macarıstanın əsas siyasi partiyalarından olan Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyasının sədri Q.Vona çıxış edərək, türk-macar münasibətləri, macarların qədim soy-kökləri haqqında danışıb və Qurultayın Macarıstanla türk dövlətləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaradacağına olan inamlarını ifadə ediblər.

Qurultayda türk xalqlarının əbədi qardaşlığı haqqında andın içilməsi mərasimi də həyata keçirilib, andın mətni əski türk əlifbasında lövhəyə həkk olunub.

Öz adət-ənənələrini nümayiş etdirən iştirakçıların ifa etdikləri musiqilər, rəqs qruplarının çıxışları tədbirə xüsusi rəng qatıb.

Qurultayın son günü əsasən qədim türk dünyası mərasimlərinin nümayişi həyata keçirilib.

Qurultay dövründə müxtəlif sərgilər, müsabiqələr keçirilib, yarmarka təşkil olunub.

Tədbirdə 200 mindən artıq adam iştirak edib.

Tədbir Macarıstanı, o cümlədən digər ölkələri təmsil edən KİV nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG