Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Britaniya təyyarələri İraqdakı dini azlıqların xilasına göndərildi


İraqda didərgin düşmüş yezidi azlığı

İraqda didərgin düşmüş yezidi azlığı

-

Britaniya hökuməti İraqda İslam Dövləti (İŞİD) cihadçılarının zorakılıqlarından qaçan xristian və yezidilərin xilası üçün bu ölkəyə hərbi təyyarələrini göndərib.

Hökumət bildirib ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri dağlıq ərazidə ilişib qalan milli və dini azlıq icmalarına humanitar yardımın çatdırılması əməliyyatına başlayıb.

Britaniya qəzetləri yazır ki, havadan humanitar yardım bağlamalarının atılmasından başqa hərbi təyyarələr kəşfiyyat da aparırlar.

Bundan əlavə hökumətin böhranları müzakirə edən «Cobra» komitəsi bir sıra hərbi avadanlıq və silahların İraqdakı kürd döyüşçülərə çatdırılması barədə qərar qəbul edib. Söhbət İordaniyadan göndərilən hərbi maşınların Britaniya hərbi nəqliyyat təyyarələri ilə İraq kürdlərinə çatdırılmasından gedir.

Britaniyanın iki Sentinel hərbi kəşfiyyat təyyarəsi də mümkün əməliyyatlara hazırlıq olaraq İordaniyaya uçub.

KÜRDLƏR HARAY ÇƏKİRLƏR

Bir sıra təhlilçilər bildirirlər ki, bu, Britaniyanın İŞİD cihadçılarına qarşı genişmiqyaslı hərbi əməliyyatlarda iştirakının başlanğıcı ola bilər.

Kürd döyüşçüləri

Kürd döyüşçüləri

ABŞ hərbi təyyarələri İŞİD-in mövqelərinə artıq raket zərbələri endirməyə başlayıblar.

Rəsmi London bildirib ki, cihadçılara qarşı hərbi əməliyyatlar beynəlxalq müstəviyə çıxarsa, Britaniyanın bu əməliyyatlarda iştirakı gözləniləndir.

Bundan az əvvəl İraqın şimalındakı Kürd Regional Hökumətinin təhlükəsizlik rəhbəri Massoud Barzani kömək üçün Londona müraciət etmişdi.

Barzani deyib ki, kürd icması 100 il əvvəl Osmanlı İmperiyası dağılandan bəri ən böyük təhlükə ilə üz-üzə qalıb.

«ORTA ƏSR BEYNİ QIZMIŞLARI...»

Britaniyanın siyasi elitası sıralarında da İraqa daha geniş hərbi müdaxiləyə başlanması üçün hökumətə təzyiqlər artır.

Bu kimi fəaliyyəti baş nazir David Cameron-dan hətta hakim Mühafizəkarlar Partiyasının nümayəndələri də tələb edirlər.

Margaret Thatcher-in keçmiş silahdaşı Conor Burns xəbərdarlıq edib ki, İslam Dövləti «holokost istəyir».

David Cameron

David Cameron

Cənab Cameron-un bir sıra partiyadaşları onu hələ də Portuqaliyada yay istirahətində olmasına görə tənqid edirlər.

Müxalif Leyborist Partiyası hökuməti daha kəskin tənqid edir. Keçmiş xarici işlər naziri Jack Straw İraqda cihadçılara qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb:

«Gec-tez bu, orta əsrdən qalan beyni qızmışları məğlub etmək lazım gələcək».

Mətbuat yazır ki, hətta Suriya rejiminə qarşı hərbi əməliyyatlara etiraz edən millət vəkilləri də İŞİD cihadçılarına yönəlik əməliyyatlara başlanmasına çağırırlar.

Xarici işlər nazirinin Yaxın Şərq üzrə keçmiş müavini Alistair Burt İslam Dövləti döyüşçülərini «faşist və quldur» adlandırıb:

«Biz İŞİD-i məhv etməliyik. Bu adamlar Cenevrədə danışıqlar masasına gəlməyəcəklər. Bu adamları zərərsizləşdirmək, həm də mümkün qədər tez zərərsizləşdirmək lazımdır».

​Bəzi millət vəkilləri yaranmış vəziyyətlə bağlı parlamentin və nazirlərin yay tətilindən geri çağırılmasını tələb edirlər.

Bununla belə, Mühafizəkarlar Partiyasının vəzifəli şəxsləri yada salırlar ki, ötən ilin avqustunda David Cameron Suriyada Assad rejiminə raket zərbələri endirilməsinə razılıq almaq üçün parlamenti tətildən geri çağırsa da, millət vəkillərinin əksəriyyəti Londonun Suriyaya hərbi müdaxiləsinin əleyhinə səs vermişdilər.

Mətbuat yazır ki, buna baxmayaraq baş nazir İraqda İslam Dövlətinə qarşı daha sərt addımların tərəfdarı ola bilər. Belə ki son rəy sorğuları ictimaiyyətin də buna meylli olduğunu göstərib.

Britaniyada rəyi soruşulanların 45 faizi cihadçılara raket zərbələrinin endirilməsinə tərəfdar olduğunu bildirib. Bunu istəməyənlər 37 faiz təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG