Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Azərbaycan İran iqtisadiyyatına yatırım qoymağa başlayır?


-

Avqustun 13-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

AZƏRBAYCAN İRAN İQTİSADİYYATINA SƏRMAYƏ QOYUR?

«Yeni Müsavat» Azərbaycan oliqarxlarının İran iqtisadiyyatına yatırım qoymağa başladığını yazır.

Qəzet bildirir ki, belə bir razılıq hələ bu ilin martında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İrana rəsmi səfəri zamanı reallaşıb. Yazı müəllifi qeyd edir ki, həmin vaxt Kəmaləddin Heydrov Xorasan vilayətini valisi ilə görüşdə İranda sərmayə qoyuluşu üçün əlverişli şərait olduğunu deyib.

Bundan başqa «ötən həftə Azərbaycana səfər edən İran İqtisadiyyat Nazirliyinin İnvestisiyalar, İqtisadi və Texnoloji Yardım Təşkilatının iqtisadi əlaqələr üzrə baş direktoru Sadiq Əkbəri bildirib ki, İran Azərbaycanın ölkə iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır».

ÖLKƏDƏKİ İNTİHARLARIN SƏBƏBİ

«Yoxsulluq, ədalətsizlik, sosial psixiatriyanın yoxluğu ...». «Bizim yol» qəzeti Azərbaycanda baş verən intiharların səbəblərini bu amillərlə əlaqələndirir:

«Mətbuatda yer alan rəsmi mənbələrin məlumatına görə 2014-cü ilin ilk dörd ayı ərzində Azərbaycanda 122 nəfər intihar etməklə dünyasını dəyişib. Onlardan 76 nəfəri kişi, 26-sı qadın olub. Yanvar-aprel aylarında 11 nəfər məktəbli və yeniyetmə, 8 hərbçi özünü öldürüb. Dörd ay boyunca 98 nəfər canına qəsd etməyə cəhd göstərsə də, bu niyyətlərini reallaşdıra bilməyib».

Psixoloq Dəyanət Rzayev intiharların qarşısını almaq üçün sosial psixiatriyanın inkişaf etdirilməsini vacib sayır:

«Ölkəmizdə isə bu sıfır dərəcəsindədir. Kiminsə qohumu, yaxını onu həkimə aparmasa, həmin şəxs psixoloji pozğunluqdan əziyyət çəkməyə davam edəcək. Təbii, belə bir qanun da yoxdur ki, məcburi şəkildə kimsə kiminsə evinə gedib onun durumu ilə maraqlanmalıdır. Sadəcə əvvəllər əgər qonum-qonşu ilə münasibət olduğundan insanın problemi tez üzə çıxırdısa, artıq bu yoxdur».

«HAKİMİYYƏTİ SƏRT ŞƏKİLDƏ TƏNQİD EDƏN MÜXALİFƏTİN VƏ MEDİANIN SƏRBƏST FƏALİYYƏTİNƏ HƏR HANSI MƏHDUDİYYƏT QOYULMUR»

«Yeni Azərbaycan» yazır ki, «ayrı-ayrı beynəlxalq təşkilatlar ikili standartların alətinə çevriliblər».

«Görəsən, əllərinə «lupa» götürüb Azərbaycan cəmiyyətində «nöqsanlar» axtaran Qərb institutları nəyə görə Ermənistanda insan hüquqlarının buxovlanmasından, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar?», deyə sual edən yazı müəllifi Gürcüstanda, Ermənistanda və digər ölkələrdə insan hüquqlarının daha ciddi halda pozulduğunu vurğulayır.

«Qonşu Gürcüstanda «Qızıl gül» inqilabından sonra Gamsakhurdia və Shevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatıb. Həmin şəxslərin mühüm bir hissəsi ölkəni tərk edərək Rusiyaya, Yunanıstana və Fransaya mühacirət etməyə məcbur olub. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakashvili-nin həbsi ilə bağlı qərar çıxarır, onun tərəfdarlarını sıxışdırır, media orqanlarına təzyiq edir...».

«Yuxarıda sadalanan faktlarla müqayisədə Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində vəziyyət, necə deyərlər, yerlə-göy qədər fərqlənir. Ölkəmizdə hakimiyyəti sərt şəkildə tənqid edən müxalifətin, daim tənqidi mövqedə dayanan medianın sərbəst fəaliyyətinə hər hansı şəkildə məhdudiyyət qoyulmur. Əksinə, dövlət hansı mövqedə dayanmasından asılı olmayaraq KİV-lərə davamlı olaraq maddi dəstək verir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG