Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

-

Balayar Sadiq

ÖZÜMƏ MƏKTUBLAR

(sonetlər çələngi)

I

Keçdi alın yazın dərd köynəyindən,

Bələndi sükuta ömür çölləri.

Tale ağacından fələk uçurtdu –

Bu gün ümid adlı göyərçinləri.

Matəm bayrağıtək qara gecələr,

Asılıb bəxtinin divarlarından.

Bəlkə Tanrının da xəbəri yoxdur,

Bu təzə, bu nübar ağrılarından.

Yol gedir min bəla, xətər içində,

Hara aparırsan qan-tər içində, -

Bu ki, ömür deyil, bir qara daşdı.

Tənhalıq yolunda “kimsən, ay adam”,

Sonuncu ümid də yıxıldı atdan,

Əzab selə döndü, ağrılar daşdı.

II

Əzab selə döndü, ağrılar daşdı,

Tənhalıq yelkəni üzdü ömürdə.

Hönkürə-hönkürə sonuncu arzu,

Donmuş əllərini üzdü ömürdən.

Duyğular hıçqırdı varaqlar üstə,

Misra yollarında qələm yoruldu.

Son haray əlini çırpdı dizinə,

Sonuncu nəğmənin gözləri doldu.

Yaxın uzaq oldu, uzaqlar yaxın,

Gözü aydın olsun qara torpağın, -

Köksü ömürlərin son güman yeri.

Göz yaşı qoxuyur bütün gileylər,

Ömrü qarış-qarış ziyarət eylər, -

Son ağrı-ölümün gündoğan yeri.

III

Son ağrı-ölümün gündoğan yeri, -

Sonun əvvəlidir, əvvəlin sonu.

Üzünə üzünü qoyduğun torpaq,

Sənə pıçıldayar kim olduğunu.

Əzab cığırları, zülüm yolları,

Həmişə bir əlçim səbrdən keçir.

Bütün olacaqlar, bütün olanlar,

Nə yaxşı bir qarış qəbirdən keçir.

Daha göz yaşları gərəyin deyil,

Taleyinə düşən qismətə əyil,

Ölüm də Tanrının bir naxışıdı.

Gözləri kor olub, sözləri görür,

Divara hörülmür, divarlar hörür, -

Son nəfəs - dünyanın əlhəd daşıdı.

IV

Son nəfəs-dünyanın əlhəd daşıdı,

Daşdı daşlığından daşıdığım daş.

Məni bəndə doğub, bəndə böyütdü,

Bəndənin vurduğu bənddəyəm, qardaş.

Bir vergül düşübdü alın yazımdan,

Bir ömür bir sətri oxuyammadım.

Gör neçə illərdir bu ömür üstə,

Qara bayraq kimi yellənir adım.

Son söz - son harayım, son həyəcanım.

Bir şam işığında qurtaraq, canım,

Sən bu tilsimdən, mən bu ovsundan.

Yol üstünə gəlir, bu yoldan çəkil,

Bir qarış torpağın gözü yol çəkir, -

Nə durub baxırsan dərd quyusundan.

V

Nə durub baxırsan dərd quyusundan,

Götür sətir-sətir ömrünü oxu.

Tale qarğışıdı, bəxt qınağıdı,

Sətirlər içində sözün yoxluğu.

Dil töküb yalvarma bəxt qapısında,

Daha bu taleyə ögeysən, yadsan.

Büküb qoy həsrəti gözlərin altda,

Bir az göz yaşının tamını dadsın.

Təslim bayrağıdır bəyaz tellərin,

Üstünü qar basıb daha illərin,

Üşüyür bu ömrün ocağı, odu.

Hər sözün içində bir ulu sirr var,

Ömür məktubunda bircə sətir var; -

Kəsilmiş kəndirin - getdiyin yoldu.

VI

Kəsilmiş kəndirin - getdiyin yoldur,

Yol kimi qırılmış kəndiri ağla.

Ağrı sularında qərq oldu ömür,

Ümid bayrağını endirib, ağla.

Dilimin ucundan yıxıldı bu söz,

Dilimin ucunda göynəyi qaldı.

Bəxt də sinəsindən gəldi gülləyə,

Əlimdə bir qanlı köynəyi qaldı.

Bax, fələyin daşı necə ağırdı.

Bir ömürün fəryadı, qərib ahıdı –

Sözün yaxasına sancılan ağrı.

Mənanı misradan ilmə-ilmə çək,

Bir kimsə yol bilib ordan keçəcək –

Aç alnından keçən o lal cığırı.

VII

Aç alnından keçən o lal cığırı,

Geyib ayağına dolaş bu ömrü.

Nə qədər gəlməyib əcəl dumanı,

Vaxtdır, misra-misra gəl, aş bu ömrü.

Taleyin tənhalıq yolu başlayır,

Bu səbri, dözümü ətəyindən tök.

Ömürlük ibadət edənlər kimi,

Özün öz içində özünə diz çök.

Fələk başlayıbdı əkin-biçinə,

İllər damcı-damcı yağdı içinə,

Bu ömür badəsi beləcə doldu.

Daha arzulara salma mehrini,

Saxla ürəyində sözün sehrini,

Bəlkə bir ümidə bələdçi oldu.

VIII

Bəlkə bir ümidə bələdçi oldu,

Bu ağrı köynəkli sonuncu misra.

Bu keçib getdiyin ömür-gün deyil,-

Yovşanlar ulayan səhradı, səhra.

Doğma balan kimi oxşa bu dərdi,

Ağrılar içində çabala, qıvrıl.

Kimsəsiz qapıdı taleyin indi,

Adın bu qapıda paslı bir qıfıl.

Bəxtini az axtar, daha az ara,

Dən gəzən sərçə tək qonub yollara,

Sənin ləpirlərin, sənin izlərin.

Bu dərdi qarşıla, bu dərdi ötür,

Arzu dəsmalını qəlbindən götür,

Sil göz yaşlarını qəmli sözlərin.

IX

Sil göz yaşlarını qəmli sözlərin,

Dolaş misra-misra dərd küçəsini.

Fələk yük eyləyir bir qarışqaya,

Yüz illik bir ömrün düşüncəsini.

Kimdir unudulan, kimdir unudan,

Açıqdır qapısı unutqanlığın.

Səbr daxmasının küncündə otur,

Özünə uzaq ol, sözünə yaxın.

Kim səni çağırır kimin səsiylə,

Dolubdur tənhalıq kişnərtisiylə,

Ömrün dərələri, ömrün düzləri.

Səbr ağrı çəkir, dözüm tövşüyür,

Ora baxmaq olmur, baxış üşüyür,-

Kədər güzgüsüdü indi gözlərin.

X

Kədər güzgüsüdü indi gözlərin,

O güzgüyə baxan gözlər ağlayır.

Ömür kitabının hər cümləsində,

Fikirlər hıçqırır, sözlər ağlayır.

Kədər o ağrılı baxışlarını,

Bayram libasıtək əyninə geyir.

Köksündən yaralı bir əsgər kimi,

Ümid dizin-dizin sürünüb gedir.

Axır duyğuların günahsız qanı,

Bu ömür bir canın qara zindanı,-

Arzular, ümidlər qarıyır - orda.

Bu nida bir səsin qara üzüdür,

Tale dərd aynası, qəm güzgüsüdür,-

Ölüm saçlarını darayır - orda.

XI

Ölüm saçlarını darayır - orda,

O yerin ünvanı tanışdır, canım.

Qüdrətin çatırsa misralarımı,

Ölümün dilində danışdır, canım.

Göz yaşı içində üzür duyğular,

Ürəyi bir misra kiritmək olmur.

Ümidlər əriyir güney qantək,

Ömrü sel basıbdı, yerimək olmur.

Bu ömür boşalır köhnə yurd kimi,

Uzaqda ulayır əcəl qurd kimi,

Yiyəsiz at kimi kişnəyir yollar.

Danışma, üşüyür ümid səsindən,

Bir bax öz ömrünün pəncərəsindən,

Tale çöllərinə qar ələnir, qar...

XII

Tale çöllərinə qar ələnir, qar,

Ümidlər dən gəzən sərçə kimidir.

Ömründən asılmış gecədən soruş,

Bu əzab qoxulu gecə kimindir.

Kimin ümidinə qoyub gedirsən,

Bu kövrək arzunu, körpə diləyi.

Daha dilin üstə söz çiçəkləmir,

Əsir dodağında xəzan küləyi.

Bir yol əl eyləyir baxışlarında,

Üzüb gedəmmədi göz yaşlarında,-

Çevrildi bu qayıq, sındı bu avar.

Sonuncu ağrıya yüklənib köçün;

Bu son harayını basdırmaq üçün,-

Ömün o başında bir qarış yer var.

XIII

Ömrün o başında bir qarış yer var,

Gəl orda binə qur, imarət eylə.

Orda bir parça daş göyə sancılıb,

Gəl sancıl o daşa qiyamət eylə.

Yığıldı bu ömrün ayağı altdan,

İllər naxış-naxış xalılar kimi.

Gəl özün-özünə danış bu ömrü,

Alması düşməyən nağıllar kimi.

Daha ümid olub bir əlçim yalan,

İndi o əlçatmaz illərə boylan,-

Gör səni kim gəzir, arayır - orda.

Son sözün içində göyərdi bu səs

Daha heç bir ocaq onu isitməz,

Üşüyür bir daşın harayı - orda.

XIV

Üşüyür bir daşın harayı - orda-

Orda alov-alov kişnəyir sükut.

Açılır qapısı qara torpağın -.

Özünü özünə orda çıraq tut.

Hələ yaşanmamış neçə illərin,

Külünü başına tökərsən orda.

Vallah, səndən başqa görən tapılmaz,

Ağamı, yoxsa ki, nökərsən orda.

Qoy fələk bu sətri söz-söz oxusun,

Gey təzə qəbrini mübarək olsun.

Bu nimdaş ömrünü soyun əynindən.

Bax, bu da son gediş, bu da son səfər,

Daha indən belə dərdin bəxtəvər,

Keçdi alın yazın dərd köynəyindən.

XV

Keçdi alın yazın dərd köynəyindən,

Əzab selə döndü, ağrılar daşdı,

Son ağrı - ölümün gündoğan yeri,

Son nəfəs - dünyanın əlhəd daşıdı.

Nə durub baxırsan dərd quyusundan,

Kəsilmiş kəndirin - getdiyin yoldu.

Aç alnından keçən o lal cığırı,

Bəlkə bir ümidə bələdçi oldu.

Sil göz yaşlarını qəmli sözlərin,

Kədər güzgüsüdü indi gözlərin,-

Ölüm saçlarını darayır orda.

Tale çöllərinə qar ələnir, qar...

Ömrün o başında bir qarış yer var –

Üşüyür bir daşın harayı orda.

Günün bütün mövzuları

XS
SM
MD
LG