Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:09

Lənkəranın Liman şəhərində mal-qara oğruları var...


-

Lənkəran rayon Liman şəhərinin Mais İbayev küçəsində bir müddətdir oğrular peyda olub. Hər halda yerli sakinlərin demələrinə görə, son 3-4 ayda məhəllədə 5-6 oğruluq hadisəsi baş verib. İş o yerə çatıb ki, oğrular heç qaranlığın düşməsini belə gözləmir. Günorta saatlarında mal-qara oğurlanır, evlər qarət olunur. Sakinlərdən Bəxtiyar Əhmədovun da bir ay əvvəl sağmal inəyi yoxa çıxıb:

«İNDİYƏ QƏDƏR DƏ GƏZİRİK»

«Ayın 10-u inəyi gəzmişik, 12-də də gəzmişik, 14-də getmişik polis şöbəsinə müraciət etmişik, ərizə vermişik. İndiyə qədər də gəzirik. Bundan əlavə məhəllədə 5 dəfə oğuluq hadisəsi olub. Ev yarıblar, 2 ay bundan əvvəl 2 mal oğurlayıblar».

Bəxtiyar Əhmədov
Bəxtiyar Əhmədov

Bəxtiyar Əhmədov deyir ki, bu məhəllədə yaşayanlar mal-qara ilə dolanırlar. Başqa gəlir mənbələri yoxdur:

UŞAQ DA SÜDSÜZ QALIB, İNƏYİN BALASI DA...

«Bir dənə malımız var idi. Səhər-axşam 7 litr süd sağırdıq, gündəlik onunla dolanırdıq. Üç uşaq atasıyam, sonuncu uşağı o südlə dolandırırdıq. İnəyin balası da qalıb orda, hər gün mələyir».

Sakinlərdən Zamin Nəhmətov da inəyinin oğurlandığını deyir. O da Liman şəhər polis bölməsinə müraciət etdiyini qeyd edir. Bölmədən ona bildiriblər ki, inək 7 rayonda axtarışdadır.

7 RAYONDA İNƏK AXTARIŞI...

Zamin Nəhmətov
Zamin Nəhmətov

«Polis bölməsinə müraciət etdik. Onlar bildirdilər ki, 7 rayona vermişik, axtarışdadır. Lənkəran polis şöbəsinə də, rayon prokurorluğuna da müraciət etmişik. DİN-in qaynar xəttindən də istifadə eləmişik. Mən də, Bəxtiyar da müraciət etmişik. Qonşunun da heyvanı oğurlanıb. Maşının içini oğurladılar. Ondan bir müddət keçdi qarnında balası olan inəyi apardılar. Bir müddət keçdi evi yardılar. Bir müddət keçdi bizim inəkləri apardılar. Oğruların da sayı artır, itkilərin də sayı artır».

Mirxatun Əzizovanın isə evindən oğurluq ediblər. Deməsinə görə, işdə olarkən evinə giriblər və qiymətli nə varsa aparıblar:

«QIZILLARIMIN HAMISINI APARIBLAR»

«İyulun 25-də işdən qayıtmışdım, gördüm evimə giriblər. Qızıllarımın hamısını aparıblar. Pəncərədən girmişdilər, gündüz saat 2-də. Qonşular da görməyib. Pulum, qızılım gedib. Özü də gizlətmişdim».

«İKİ GECƏDİR YATA BİLMİRƏM»

Adının çəkilməsini istəməyən bir sakin isə deyir ki, qaranlıq çökməmiş evlərinə çəkilirlər. Məhəllədə dolaşan yad adamlardan qorxurlar:

«Biz bilmirik onlar kimdir? Bu Mais İbayev küçəsidir, şəhidin adı verilib. Maraqlanmalıdırlar məhəllə ilə. Yüz ev var. Şəxsən iki gecədir yata bilmirəm. Alışqan salırlar evimə. Bilmirəm kimdirlər...».

RƏSMİ QURUMLAR NƏ DEYİR?

Liman şəhər icra nümayəndəsi Mehman Məmmədov sakinlərin bu barədə onlara müraciət etdiyini təsdiqləyir. Lakin sakinlərin iradlarını qəbul etmir.

Liman şəhər polis bölməsindən də suallarımıza cavab olaraq şikayətlərlə əlaqədar axtarış və araşdırmaların getdiyini bildiriblər. Ancaq axtarışların nəticəsi ilə bağlı hər-hansı açıqlama verilməyib.

XS
SM
MD
LG