Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

-

Hollywood-da əksəriyyətin qəbul etdiyi bir yazılmamış qayda var ki, filmin uzunluğu orta statistik tamaşaçının ayaq yoluna getmədən bir yerdə otura bildiyi müddət qədər olmalıdır.

Yəni saat yarım, yaxud iki saat. Yay blokbasterləri bir qədər də uzun ola bilər.

Studiyalar adətən çox uzun filmlərin çəkilməsinə həvəsli olmurlar. Amma dünyada bu qaydadan nəinki kənara çıxan, hətta onu ümumiyyətlə vecinə almayan art house rejissorları da var.

Məsələn, macar rejissoru Bela Tarr deyir ki, "Məncə, senzura həmişə olub, indi də var. Əvvəl bu, dövlətin qoyduğu senzura idi, indi isə bazar senzurasıdır". Onun "Satantango" filminin uzunluğu yeddi saat yarımdır. Film kommunist Macarıstanının qürubunda kolxozların çöküşündən, bundan sonra insanların üzləşdiyi dilemmadan bəhs edir. (Ardı aşağıda)

İsveçli Christian Marclay-ın "Saat" filminin uzunluğu isə 24 saatdır.

Bu, əsasən məşhur filmlərdəki saatla bağlı epizodların montajından ibarətdir.

Bunlar 24 saat davam edən filmin hər saatına uyğun ard-arda düzülüb. (Ardı aşağıda)

"Yuxusuzluğun müalicəsi" filmi (rej: IV John Henry Timmis) çəkilib hazır olduğu 1987-ci ildə Ginnesin Rekordlar Kitabına ən uzun film kimi düşümüşdü - 87 saat, yaxud 3 gün və 15 saat. Filmdə süjet yoxdur. Bir rəssam özünün 4 min səhifəlik "Yuxusuzluğun müalicəsi" poemasını oxuyur və bu, arabir ağır metal musiqisi və porno videolarla müşayiət edilir. Film həmin il tam şəkildə Chicago-dakı İncəsənət Məktəbində göstərilmişdi.

Əgər çinli rəssam Ai Weiwei-in "Pekin 2003" filminə baxmaq istəsəniz bu, bir həftədən çox çəkəcək. Film Pekin küçələrinin təsvirindən ibarətdir. (Ardı aşağıda)

Amma bütün bu uzun filmlər İsveç rəssamı və rejissoru Anders Weber-in "Ambiancé" filminin yanında "toya getməlidir". Weber-in filminin uzunluğu 720 saatdır. Yaxud 30 gün. Rejissor deyir ki, bu bir memuardır, sürreal vizual təsvirlər formasında. Filmin ilk treyleri ötən ilin iyulunda on-line yayınlananda 72 dəqiqə idi (vimeo.com-da isə 7.2 saniyə). Yəni orta statistik bir film boyda. Növbəti treyler 2016-cı ildə yayınlanacaq və uzunluğu 7 saat 20 dəqiqə olacaq. Üçüncü treylerin yayım tarixi 2018-ci ildir. O zaman treylerin uzunluğu 72 saat olacaq. Və rejissorun "Ambiancé" üçün yaradılan saytda vəd etdiyi kimi 2020-ci ildə film bütün qitələrdə eyni vaxtda göstəriləndən sonra dərhal məhv ediləcək...

Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG