-
Yazı yenilənir. Ən son xəbər yazının sonundadır.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) çevrəsini polis və mülkigeyimlilər mühasirəyə alıb.
Bir qrup mülkigeyimli RATI-nin ofisinə girməyə cəhd edir. Bu barədə AzadlıqRadiosuna həmin təşkilatın ofisdə olan əməkdaşı Günay İsmayılova məlumat verib:
«Biz, 6-7 əməkdaş, içəridəyik. Onlar yarım saat əvvəl gəliblər, bizdən tələb edirlər ki, qapını açaq, biz də açmırıq. Onları içəri buraxmağa qorxuruq. Emin Hüseynov da yoxdur. Bəlkə də onu saxlayıblar».
OFİSDƏ AXTARIŞ APARILIR
Prokurorluq əməkdaşları RATİ-nin ofisində axtarışlara başlayıblar. Bunu AzadlıqRadiosuna təşkilatın əməkdaşı Günay ismayılova deyib.
«Gördüm qapını sındırırlar açdım. İndi biz də ofisdəyik məhkəmə qərarı ilə ofisimizdə axtarış gedir. Bu saatadək RATİ rəhbəri Emin Hüseynovdan xəbərimiz yoxdur».
«JURNALİSTLƏRİN ÇƏKİLİŞ APARMASINA İMKAN VERİLMİR»
Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri Yafəz Əkrəmoğlu məlumat verib:
«RATİ ofisinin qarşısında bir mayor və bir neçə mülkigeyimli var. Onlar heç bir məlumat vermirlər. Bundan başqa jurnalistlərin çəkiliş aparmasına da imkan verilmir. Jurnalistləri ofisin qarşısından çıxarmaq üçün əraziyə əlavə polis çağrılıb. Burdakı mayor dedi ki, bir azdan bu əraziyə giriş-çıxış bağlanacaq».
MÜLKİGEYİMLİLƏR OFİSİN SAHİBİ İLƏ DANIŞIQLAR APARIR
RATİ əməkdaşları mülkigeyimlilərə qapını açmadığı üçün ofisin sahibi əraziyə çağrılıb və hazırda polis və mülkigeyimlilər qapını açmaq üçün müzakirələr aparırlar.
Jurnalistlər RATİ-nin ofisi qarşısından uzaqlaşdırılıb. Bundan sonra polislər təşkilatın ofisinə hər iki istiqamətdəki girişi qapadıblar.
RATİ ofisinə gələnlərin prokurorluq əməkdaşları olduğu bildirilir.
EMİN HÜSEYNOVUN YERİ BİLİNMİR
RATİ-nin ofisində araşdırma aparan prokurorluq əməkdaşları ofisdəki bütün kompüter və sənədləri aparıblar.
Bu barədə AzadlıqRadiosuna institut əməkdaşı Günay Musayeva məlumat verib:
«Ofisimizdə elə bir şey qalmadı, kompüterlərdən tutmuş sənədlər, kitab-dəftər hamısını yığıb apardılar».
Onun dediyinə görə, prokurorluq əməkdaşları eyni ünvanda olan RATİ-nin digər ofisində axtarışlara başlamağı planlaşdırırlar:
«Biz hələ ki qapını açmırıq. Çünki bir az əvvəl başa çatan araşdırma məhkəmə qərarı ilə aparılsa da, növbəti axtarış üçün prokurorluq əməkdaşlarının əlində məhkəmə qərarı yoxdur».
Bu saata qədər RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyil. Sosial şəbəkələrdə onların həbs olunması ilə bağlı yayılan məlumatlar hələ ki rəsmi təsdiqini tapmır.