Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Səməd Seyidov: «Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edəcəyik»


AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

-

«Yeni Azərbaycan» qəzeti 8 avqust saylı buraxılışında Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müsahibəsini yayımlayıb. «Cəbhədəki son hadisələrdən sonra AŞPA-da Ermənistana qarşı hər hansı ciddi addımların atılması məsələsini gündəmə gətirmək nəzərdə tutulurmu?» sualına Səməd Seyidov belə cavab verib: «Əminəm ki, beynəlxalq təşkilatlarda və başqa qurumlarda Ermənistan öz layiqli cavabını alacaq. Biz də bu istiqamətdə müntəzəm iş aparırıq. AŞPA-nın növbəti sessiyasında Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi yenidən gündəmə gətiriləcək. Hesab edirəm ki, bu, mütləq olmalıdır. Avropa Şurası ilə yanaşı, ATƏT, NATO, BMT, İKT, QİƏT-də və bütün başqa təşkilatlarda bu məsələ bir daha qaldırılmalıdır və yəqin ki, qaldırılacaq. Ona görə də, bu nöqteyi-nəzərdən, son hadisələr ilk növbədə Ermənistanın özünə və ona dəstək verən qüvvələrə qarşı yönələcək».

«MÜHARİBƏ SADƏCƏ HƏRB DEYİL, BÖYÜK SİYASƏTDİR»

«Müharibə sadəcə hərb deyil, böyük siyasətdir» yazısı Azadlıq qəzetinin 8 avqust tarixli sayında dərc olunub. Müəllif son günlər cəbhədə baş verənləri təhlil edir: «Azərbaycanla bağlı siyasi baxışlar o qədər nahamardır ki, hətta Ukrayna böhranında birmənalı olaraq, Rusiyanı dəstəkləyən Ermənistana münasibətin daha loyal olduğunu söyləmək olar. İlham Əliyev siyasi savaşa start verib, bir müddət əvvəl səfirləri də Bakıya çağıraraq, bu siyasi savaşın anonsunu verdi. Onlara tapşırdı ki, olduğunuz ölkələrdə siyasi məhbuslarla bağlı bəyanatları qulaqardına vurun.

Bu baxımdan, Azərbaycanın hərbi əməliyyatları siyasi müttəfiqlər olmadan da üzbəüzdür və bunun nəticələrini proqnozlaşdırmaq üçün xüsusi ağıl sahibi olmaq lazım deyil. Ən dar məqamda güvənə biləcəyimiz Türkiyənin də başı prezident seçkilərinə qarışıb. Hətta xüsusi baş qarışıqlığı olmasa belə, indi Türk diplomatiyasının çox ağır zamanlarıdır».

«HESABLARINA HƏBS QOYULAN QHT-LƏR ÇƏTİN DURUMDA»

«Hesablarına həbs qoyulan QHT-lər çətin durumda» adlı yazı ilə «Yeni Müsavat» qəzeti hesablarına həbs qoyulmuş vətəndaş cəmiyyəti təmsilçilərinin vəziyyətinə nəzər salıb: «Hesablarına həbs qoyulan və dondurulan QHT-lər normal fəaliyyət göstərə bilmir, ofis xərclərini qarşılamaq mümkün olmur, həmçinin işçilərin əmək haqqı gecikdirilir. Layihələrin işlənilməsi üçün Ədliyyə Nazirliyindən alınmalı olan icazə-bildirişlərlə bağlı da bir çox hallarda süni maneələr yaradılır».

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkədə 20-dək QHT-nin hesabları dondurulub, ya da həbs qoyulub: «Hətta şəxsi hesablara da həbs qoyulub. Mənim depozit hesabıma da həbs qoyublar. Bu proses bir ay əvvəl başlayıb və davam edir. Mənimlə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarı olub. Apellyasiya şikayəti verdik, məhkəmə əvvəlki qərarı qüvvədə saxladı. Nəticədə layihələrimiz yarımçıq qalıb, işləri davam etdirmək mümkün deyil. Vəziyyət bu yerdədir ki, işçilər iki aydır əməkhaqqı ala bilmir. Çox çətin durum yaranıb, yarımçıq məhkəmə işlərimiz var, hüquqi yardımları davam etdirməliyik. Komanda qərara alıb ki, bacardıqları qədər pulsuz işləsinlər. Amma ofisin xərclərini də vermək mümkün deyil».

Hüquq müdafiəçisi qeyd edib ki, bu vəziyyətə salınan QHT-lər işlərini Avropa Məhkəməsinə qədər aparacaqlar: «İş Avropa Məhkəməsinə xüsusi qaydayla göndəriləcək. Biz orada işi udacağımıza inanırıq».

«İMKANLI ADAMLAR VƏ MƏMURLAR NİYƏ ÖLKƏDƏN KƏNARDA DİNCƏLMƏYƏ ÜSTÜNLÜK VERİR?»

«Azərbaycan ötən il təqribən 2 milyondan artıq turist qəbul edib, 3,5 milyon nəfər isə başqa ölkəyə gedib». Bunu «Bizim yol» qəzetinə Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov deyib. Qəzet 8 avqust tarixli sayında dərc etdiyi «İmkanlı adamlar və məmurlar niyə ölkədən kənarda dincəlməyə üstünlük verir?» adlı məqalədə yazır:

«Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl verdiyi məlumatda son beş ildə xaricdə istirahətə üz tutan azərbaycanlıların xərcinin 8 dəfə artdığını bildirmişdi. Belə ki, xaricdə soydaşlarımızın rəsmi turizm xərcləri 3 milyard dollar olub. Bu, hələ rəsmi qeydiyyata alınan rəqəmdir. Qeyri-rəsmi olaraq bu xərcin bir neçə dəfə çox olduğunu demək olar. Bu müddət ərzində xarici turistlər Azərbaycanda 2,4 milyard dollar xərcləyib, onun 37 faizini Azərbaycana işgüzar səfər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyon dollara çatıb.

Azərbaycanlıların əsas üz tutduğu ölkələr Gürcüstan və Türkiyədir. Sonrakı yerləri Rusiya, Ukrayna və BƏƏ tutur».

«GƏNCƏ MUZEYLƏR ŞƏHƏRİDİR»

«Azərbaycan» qəzeti dərc etdiyi «Gəncə muzeylər şəhəridir» yazısında ölkənin ikinci böyük şəhərindəki muzeylərdən danışılır: «Gəncənin girişinə - Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksinə yaxınlaşarkən ecazkar bir aləmlə qarşılaşırsan. Əslində, bütün girişlər şəhərlərin ilk bələdçiləridir. Qısa bir vaxtda tikilib başa çatan bu möhtəşəm abidə şəhərin beş qapısından biri olan «Məqbərə qapısı»nın bərpa olunan variantıdır.

Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlanması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə şəhəri dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat monastrında saxlanılır.

Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG