Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

ABŞ İraqda cihadçılara hava zərbələrini müzakirə edir


Arxiv foto: İraqda ABŞ qüvvələri

Arxiv foto: İraqda ABŞ qüvvələri

-

Mətbuat xəbər verir ki, Vaşinqton bu barədə mümkün variantları götür-qoy etməyə, İraqda ən böyük xristian şəhəri İŞİD cihadçılarının hücumu qarşısında boşaldıqdan sonra başlayıb.

Obama administrasiyası hava zərbələri ilə yanaşı İraq dağlarında ilişib qalmış çoxsayda etnik və dini azlıqlardan olan qaçqınlara havadan humanitar yardım göstərəcək.

İŞİD döyüşçüləri İraqın şimalında kürdlərin istehkamı olan Ərbil şəhəri üzərinə hücuma başladıqdan sonra, onların yolunun üstündə olan xristian şəhəri Qaraqoşun əhalisi evlərini tərk edərək dağlara qaçıb.

YA İSLAM, YA XAÇ, YA DA QAÇ

Xəbər verilir ki, ABŞ hərbçiləri İraq hökumətinə qaçqınlara havadan yardım çatdırılmasında əlaqələndirmə işlərinə kömək edirlər.

Əksəriyyəti yezidilərdən ibarət 40 min didərgin ölkənin şimalındakı Sincar dağlarına sığınıb.

İŞİD yaraqlıları yezidi və xristianlara ya İslamı qəbul etməyi, ya ölümü seçməyi, ya da qaçıb canlarını qurtarmağı əmr etmişdilər.

Pentaqon bundan əvvəl bəzi media vasitələrində guya ABŞ-ın artıq hava zərbələrinə başladığı barədə xəbərləri təkzib edib.

ABŞ-IN XÜSUSİ «MÜŞAVİRLƏR»İ

Şərhçilər bildiriblər ki, ABŞ yezidi didərginlərə humanitar yardımın çatdırılması və lazım gələrsə, onları təqib edən cihadçılara hava zərbələrinin mümkünlüyünü müzakirə edib.

Reallaşarsa, bu, ABŞ-ın İŞİD üzərinə ilk birbaşa hərbi zərbələri olacaq.

ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton didərginlərə yardım göstərilməsi üçün Bağdad hökuməti ilə fasiləsiz əlaqə saxlayır.

Xəbər verilir ki, İŞİD üzərinə mümkün zərbələr ABŞ-ın 2011-ci ildən bəri İraq hava məkanına ilk müdaxiləsi olacaq.

Mətbuat yazır ki, ABŞ Bağdaddakı xüsusi əməliyyat «müşavirləri»nin sayını artıra bilər.

Bu müşavirlər İraqa Obama administrasiyası tərəfindən Bağdad hökumətinə İŞİD-ə qarşı dəstək kimi göndəriliblər.

AĞ EV: «ELƏ VAXTLAR OLUR Kİ…»

Barack Obama

Barack Obama

Barack Obama cümə axşamı milli təhlükəsizlik heyətinin iclasını keçirib, lakin Virginiyada veteranlarla görüşündə ABŞ-ın İraqda hərbi missiyaya qayıdıb-qayıtmayacağı barədə heç nə deməyib.

Ağ Evin mətbuat katibi Josh Earnest bildirib ki, yezidilərin və İraq xristianlarının düşdüyü vəziyyət «fövqəladə humanitar situasiya» yaradıb.

Mətbuat yazır ki, Earnest ABŞ-ın İraqda mümkün hava zərbələri məsələsindən danışmasa da, Obama-nın 2011-ci ildə «qan axıdılmasını dayandırmaq məqsədilə» Muammar Gaddafi rejiminə hava zərbələrini yada salıb:

«Elə vaxtlar olur ki, prezident günahsız, müdafiəsiz mülkiləri qətliamdan müdafiə etmək üçün müttəfiqlərimizlə birlikdə məsləhətləşdikdən sonra hərbi hərəkət barədə qərarlar qəbul edir».

«QÜDRƏTLİ KÜRD DÖYÜŞÇÜSÜ» MİFİ DAĞILIR

Bununla belə, mətbuat katibi bildirib ki, İraqda mövcud olan problemlərin həlli üçün ABŞ-ın hərbi variantı yoxdur.

Cənab Earnest deyib ki, bu vəziyyətin yaranmasına İraqda siyasi sistemin iflası səbəb olub.

Bu vaxtadək Bağdad hökuməti İraqın şimalındakı xristian, yezidi və türkmən azlıqlarının müdafiəsini kürd peşmərgə qüvvələrinin öhdəsinə buraxmışdı.

Lakin İŞİD-in son hücumlarından sonra kürd döyüşçülər Kürdüstan Regional Hökumətinin rəsmi muxtariyyətinin olduğu sərhədlərə qayıdıblar.

Mətbuat yazır ki, kürd döyüşçülərin qüdrəti barədə mif yavaş-yavaş dağılmağa başlayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG