Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

-

Müsavat Partiyası Tərtər Rayon Təşkilatının sədri Xaqani Məmmədova prokuror şikayəti əsasında avqustun 3-də Gəncə Apellyasiya Məhkəməsi 2 aylıq həbs çəzası kəsib. 60 yaşlı müsavatçı fəal xuliqanlıqda ittiham olunur.

AzadlıqRadiosu onun həyat yoldaşı Mehparə Əhməddən müsahibə alıb.

- Mehparə xanım, həyat yoldaşınız nə işlə məşğul idi?

- Xaqani bir neçə il öncəyədək Müsavat Partiyası yerli təşkilatının sədri olub. Hazırda sədrin müavinidir. O, bir neçə ildir hüquq firması açıb işlədirdi. Ofisi rayonun mərkəzindədir. Ona müraciət edənlərə hüquqi yardım göstərirdi.

- Onun həbsi necə baş verdi?

- Hadisə iyulun 23-də baş verib. Həmin gün adi qaydada səhər işə getdi, günorta nahara gec gəldi. Adətən, nahardan sonra dincələrdi. Ancaq həmin gün evdən tez çıxdı. Görünür, polisə gedəcəkmiş deyə, mənə heç nə deməyib. Sonradan öyrəndim ki, məsələ belə olub: Səhər işə gedəndə baxıb ki, ofisin qapısında 2 qadın var. Həmin qadınları içəri dəvət edib. Onlar da daşla ofisə hücum çəkərək, ona «müxalifətçisən» deyib, təhqir ediblər. Xəqani məsələni başa düşüb və dərhal DİN-in 102 xidmətinə zəng edib. Bu vaxt qadınlar qaçıblar. Bundan sonra özlərinə xəsarət yetirib, həkimə müraciət ediblər. Həkimdən sənəd alıb, prokurorluğa şikayət ediblər. Baş verənlərdən xəbərsiz olan Xaqani ofisinə hücum çəkən qadınlardan şikayət etmək üçün polisə gedib. Şikayəti yazandan sonra rəis çağırıb otağına, 2 günlük həbs olunması ilə bağlı qərarı ona göstərib. İki gün başa çatandan sonra prokurorluğun istəyi ilə məhkəməyə çıxarılıb. Tərtər Rayon Məhkəməsi 7 günlük ev dustaqlığı barədə qərar çıxarıb. Prokuror bu qərardan razı qalmayıb və apellyasiya şikayəti verib. Avqustun 2-də Gəncə Apellyasiya Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

- Xaqani Məmmədov xasiyyətcə dalaşqan deyildi? Yəni o, həqiqətən kiməsə xəsarət yetirə bilərmi?

- O bir az emosional ola bilər, ancaq qadına heç vaxt əl qaldıra bilməz. Hətta ona bu haqda sual verəndə incidi məndən. Qəlbən çox təmiz adamdır. Onu tanıyanlar həbsindən təəssüf hissi keçirirlər. Xaqani bir çoxlarına təmənnasız kömək edirdi. Təmənnasız iş görməkdən həzz alırdı. Təhqir olunan da odur, həbs olunan da. Onun heç bir günahı yoxdur.

- Bəs heç bir günahı olmayan adamı nədən həbs etsinlər ki?

- Burada siyasi məsələ də ola bilər. Son seçkilərdə fəallığına görə məmurlarla problem yaşamışdı. Qadınlar oraya hücum edəndə də deyiblər müxalifətçisən.

- İkigünlük həbsdən çıxandan sonra özü nə deyirdi?

- Özünün səhhəti yerində deyildi. Heç nə demirdi. Elə deyirdi ki, məni şərləyirlər. Bu iş onun üçün də gözlənilməz idi. Mən soruşdum ki, bəlkə əsəbi olub nə isə etmisən? Dedi ki, bu iş o qədər gözlənilməz oldu ki, heç səsimi də çıxara bilmədim. Onu ittiham edirlər ki, guya qadınları stulla vurub. O otaqdakı kreslolar sovet dövründən qalır. Hərəsinin 17-18 kilo çəkisi var. Deyirdi ki, mən necə qaldıra bilərdim bu stulları? Bildirirdi ki, mən yox, əksinə, onlar məni söyüb-təhqir ediblər. Xaqaninin üz-gözünü cırmışdılar. Xəsarətlə bağlı həkim sənədi də vardı. Prokurorluqda nə bu kağıza baxdılar, nə də digər şahidləri dinlədilər. Bilmirəm ki, prokurorluq niyə həbsdə israrlı idi. Heç olmasa, ev dustaqlığı verəydilər. Burada ölüm-itim olmayıb ki. Heç cür razı olmadılar. Elə istədilər ki, içəri getsin...

- Vəkili onunla görüşə bilib?

- Vəkili Bakıdan gəlmişdi. Məhkəmədə iştirak edib, Apellyasiya Məhkəməsinə də gedib. Tutarlı əsaslar gətirsə də, azadlığa buraxmayıblar. Nə bacarıbsa, onu edib. Çox razıyıq vəkilindən.

- Son həbsdən sonra onunla necə xəbərləşirsiniz?

- Bir dəfə zəng etmişdi. Lazımi əşyalar istəmişdi. Bir də yemək aparırıq yanına. Görüşə icazə vermirlər. Bunlar günahsız adamı necə həbs edirlər? Mən dəhşətə gəlirəm. İnsanı necə şərləyib tutdurmaq olar? Bundan böyük ədalətsizlik ola bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG