Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

«Sevinc» kubokunu Astara yeniyetmələri qazandı...


Astara yeniyetmələri
Astara yeniyetmələri

-

Astaranın yeniyetmə futbolçuları bu mövsüm «Sevinc» kubokunun sahibi olublar. Yarış Azərbaycanın 67 rayonunun yeniyetmə futbol komandaları arasında keçirilib. Astara idman məktəbinin müəllimi, məşqçi Qəhrəman Mirzəyev çətinliklərə baxmayaraq yarışa yaxşı hazırlaşdıqlarını deyir:

«UŞAQLAR XƏSTƏ-XƏSTƏ OYNADILAR»

«Biz finalda Şəki futbolçuları ilə oynadıq. 1-0 hesabı ilə qələbə qazandıq. Sağ olsun uşaqlar. Final mərhələsinə çıxanda xəstə oldular. Uşaqlar xəstə-xəstə oynadılar».

Qəhrəman Mirzəyev deyir ki, əyalətlərdə də yaxşı futbolçu hazırlamaq olar. Onun fikrincə, Astaranın 12-13 yaşlı uşaqlarının futbolda qazandıqları qələbə bir daha bunu göstərir:

«Futbol o deyil ki, hər bir uşağı götürüb hazırlayasan. Ola bilər yüz uşaq arasında 10-15 uşaq sınaqdan çıxsın. Yüz uşaqdan yüzü də futbolçu ola bilməz. Bizim rayonda klub olsa, yaxşı olar. Klub olsa, irəli getmək olar».

QƏLƏBƏ TOPUNUN SAHİBİ...

Final görüşündə yeganə topu 12 yaşlı Aydın Ağazadə vurub. Aydın deyir ki, yarış asan keçməyib:

«Final mərhələsində 7 komanda içində birinci yerə çıxdıq. Şabrana, Şəkiyə, Qaxa qalib gəldik. Finalda da Şəkiyə qalib gəldik».

Astara Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev bu qələbəni təsadüf saymır. Onun fikrincə, rayonda uşaq futbolu inkişaf etdirilir:

«Bu da rəhbərliyin böyük diqqət və qayğısının təzahürüdür. Mən arzu edirəm ki, bu uşaqlar gələcəkdə inkişaf etsinlər. Respublikanın yığma komandasında təmsil olsunlar».

Ancaq bununla belə idman jurnalisti Adil Əhmədov rayonlarda uşaq futbolunun vəziyyətinin qənaətbəxş olmadığını deyir. O deyir ki, respublikada futbolu inkişaf etdirmək üçün birinci növbədə uşaqlardan başlamaq lazımdır:

«O VAXTLAR BİZİM FUTBOL MEYDANÇAMIZ VAR İDİ...»

«Uşaq futbolu hər yerdə olduğu kimi Astarda da problemdir. Astara futbolunun tarixi var. Hələ 60-cı illərdə Astarada «Sevinc» kuboku yüksək şəkildə təşkil olunurdu. Astarada futbol üzrə final yarışı keçirilirdi. Rəhmətlik Tofiq Bəhramov bu oyunu idarə edirdi. O vaxtlar bizim futbol meydançamız var idi, dəniz kənarında, 10 min tamaşaçı baxa bilirdi oyuna. Futbol çox inkişaf etmişdi. Bu gün də Astarada futbola maraq böyükdür».

Adil Əhmədov
Adil Əhmədov

Adil Əhmədov deyir ki, indi rayonda futbol meydançası yoxdur:

«Respublika ərazisində idman kompleksi tikiləndə onların stadionu da nəzərdə tutulurdu. Bizim rayonda da idman kompleksi tikilib, istifadəyə verilib. Ancaq onun futbol meydançası yoxdur. 60 metrlik məşq üçün nəzərdə tutulan meydança var. Çoxu elə bilir ki, orda futbol meydançası var. Xeyir. Bizə futbol, futbol stadionu lazımdır».

Adil Əhmədov futbolu ən maraqlı idman növü sayır. Eyni zamanda onun bir biznes olduğunu deyir. Bu baxımdan uşaq futbolunun inkişafını vacib hesab edir:

«AMMA BU O DEMƏK DEYİL Kİ...»

««Xəzər» futbol klubu daxilində uşaq futbol komandası fəaliyyət göstərir. Düzdür, Astara rayonundan, Lerikdən, Yardımlıdan Cəlilabaddan, Masallıdan 1-2 nəfər uşaq cəlb olunub ora. Amma bu o demək deyil ki, uşaq futboluna böyük üstünlük verilib. Xeyir».

Astara, Masallı, Cəlilabad və digər cənub rayonlarında olimpiya idman kompleksləri tikilib. İdman mərkəzləri də var.

Azərbaycanda yeniyetmə uşaqlar arasında «Sevinc» kuboku hələ sovetlər dönəmindən keçirilir...

XS
SM
MD
LG