Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:36

Rəisi dəyişən Qobustan həbsxanasında aclıq və «min manatlıq telefon» var?


Arxiv foto
Arxiv foto

-

Qobustan həbsxanasının məhbusları 3 gündür aclıq aksiyası keçirirlər. AzadlıqRadiosuna məhbus valideynləri bu məlumatı verib. Onların sözlərinə görə, məhbuslar saxlanma şəraitindən və qida rasionundan narazılığa, eləcə də vaxtaşırı işgəncəyə məruz qaldıqlarına görə aksiyaya qatılıblar.

«1500-DƏN ÇOX DUSTAQ 3 GÜNDÜR ACLIQ EDİR»

Valideyn Aidə Şahverdiyeva deyir ki, oğlu Fərid Əbdülhadi Qobustan həbsxanasına bu yaxınlarda, 6 saylı Cəzaçəkmə Müəssisəsindən (CÇM) köçürülüb. O, hər iki həbsxanada oğluna işgəncə verildiyini iddia edir:

«Əvvəlki həbsxanada oğlumun üstünə 23 gün xlor atıb döyüblər. Bununla da ürəkləri soyumayıb, göndəriblər Qobustana. Orada da çatan gündən ona işgəncə verirlər. Tək oğluma deyil, məhbusların çoxuna işgəncə verilir. Yeni rəis təyin olunandan işgəncələr də artıb. Bu və başqa səbəblərdən 1500-dən çox dustaq 3 gündür aclıq edir. Yer betondur, qışda soyuğa, yayda istiyə dözmək olmur. Özləri bircə gün qalsın orda, görək dözə biləcəklər? Yeməkləri pis gündə. Mağazalarda vaxtı keçən, keyfiyyətsiz məhsulları dustaqlara yedizdirirlər. 3 gündür aclıq edirlər, bir nəfər də olsun, gəlib maraqlanmayıb. Ədliyyə Nazirliyinə gedirik, qəbul etmirlər».

«KİM KEÇİRİR TELEFONU HƏBSXANAYA?»

Valideyn Əşrəf Hacıağayev də deyir ki, oğlu Cəlili 6 saylı CÇM-dən Qobustan həbsxanasına köçürüblər. O da oğlunun işgəncəyə məruz qaldığını bildirir:

«Mənim oğluma olmazın işgəncələr veriblər. Onun başı, gözü partlayıb. Nə qədər israr etsəm də, göstərmirlər mənə. Mənim oğlum məhkəmədən layiqincə cəza alıb. Nəyə görə bizim övladlarımız təhqir olunmalı, işgəncəyə məruz qalmalıdırlar? Deyirlər ki, həbsxanada telefon işlətdiyinə görə cəzalanmalıdır. Kim keçirir telefonu həbsxanaya? Xüsusi aparatlarla bağırsaqlarımıza kimi yoxlayırlar. Biz necə keçirə bilərik? Özləri gətirib, min manata satırlar telefonu dustağa. Bu işə rəis nəzarət edir. Sonra «şmon» edib, əllərindən alırlar. Bir müddət sonra bir də baha qiymətə özlərinə satırlar. Həbsxana bərbad gündədir. Bu üzdən həm ömürlüklər, həm də müvəqqəti dustaqlar 3 gündür aclıq aksiyası keçirirlər».

Penitensiar Xidmət: «Bu, daxili intizam qaydalarının tələblərinə uyğun tədbirlərə reaksiyadır»

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzadlıqRadiosuna bildirdilər ki, Qobustan həbsxanasında aclıq aksiyası keçirilməsi ilə bağlı onlara rəsmi müraciət olunmayıb:

«Qobustan həbsxanasında məhkumların aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla bağlı müəssisəyə, xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb. Mediaya ötürülən bu cür əsassız məlumatlar həbsxananın yeni təyin olunmuş rəisi Fikrət Qafarovun daxili intizam qaydalarının tələblərinə uyğun tədbirlərinə reaksiyadır. Bu həm də rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmayan imtiyazlar əldə etməyə can atan məhkumlarla onların yaxınlarının reaksiyasıdır. Penitensiar Xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq».

XS
SM
MD
LG