Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

Lənətə gəlsin materiya!..


Könül Həsənqulu
Könül Həsənqulu

-

Bu elə bir uçuşdur ki, bununla heç bir intihar uçuşu müqayisəyə gəlməz.

İntihar uçuşunda beyin sürətlə işləyir. Öz içinə uçuşdasa sən – paraşütlə təyyarədən enən çəkisiz bir həşərat kimisən...

Könül Həsənqulu

YUXARI YOL YOXDUR...

GEYİNMƏK


Dərimin üstündə bir dəri var. Onun da üstündə bir dəri. O dərinin də üstündə biri. O birinin də üstündə sonsuzluğa qədər məndən boy atan qat-qat şəffaf dərilər var. Onların dölü mənim beynimin müxtəlif situasiyalarda ifraz etdiyi siqnallardan törənir. Beynim – onların atası, epidermisim isə – onların anasıdır. Onları “şəffaf örtüklər” adlandıra bilərəm. Bilərəm. Ancaq heç vaxt onlara ad vermək haqda düşünməmişəm.

Mən onlar haqda düşünəndə onlar, sadəcə, gəlib gözümün önündə dururlar və mən intuitiv olaraq məhz onlar haqda düşündüyümü dərk edirəm və ya düşüncəmlə onların rəsmini çəkirəm. O rəsmlərdə ön planda mən özüm dayanıram – müxtəlif şəkillərdə. Daha heç bir ad ağlıma gəlmir.

Şəffaf örtüklərin hər birinin öz geyim məqamı vardır. Qəfildən, əl-qolumu da tərpətmədən onları əynimə geyinmiş olduğumu görürəm. Özümü də çaşdırır bu sürət. Onları əhatəmdəki insanlar geyindirir mənə. Birisi öz görünüşüylə, başqası öz ruhi durumuyla, digəri də nümayiş etdiyi beyin çərçivəsiylə. Və mən anlayıram ki, digəriylə yalnız görsətdiyi çərçivə daxilində danışa bilərəm. Sıxılıram... Boğuluram... Bilirəm ki, mən o çərçivəyə öz dərimlə düşsəm əgər, onu sındırmaq istəyəcəm və ordan zədəsiz çıxmayacağam. Beləcə, baxıram ki, özümə də tanış olmayan, daha dəqiq ifadə etsək, məni təəccübləndirən yad örtük var üstümdə. O örtüklə mən istənilən çərçivələrə daxil olub, ordan vuruşmadan, zədəsiz çıxa bilərəm. Fəqət ağrılar... Zədəsiz dərimlə aldığım zərbələrdən içimin qanamayacağından əmin deyiləm...

Dəri`ndə zədə yoxdursa, deməli, sağlam sanılırsan. Dərin`dəki zədəni görməyəcəklər yaxındakılar da... LƏNƏTƏ GƏLSİN MATERİYA!!!

Örtüklər oda-suya davamlıdır. Sudan quru, oddan bəmbəyaz dəriylə çıxa bilərsən o örtüklərlə.

Ah!.. Sonsuzluğa qədər məndən boy atan şəffaf örtüklər... Bu örtük həmin anda söhbət elədiyim insanın dalğasıdır. Hər biri özünə uyğun ölçüdə bir örtük seçir mənimçün. Bixəbər. Sərir üstümə. Mənim ölçüm olmur. Geyinirəm. Onu geyinməklə, mən özümü qarşımdakı insana uyğun şəkildə aparıram. İstəmədən. Nəzakət xatirinə. Dinləyib tez uzaqlaşmaq xatirinə.


İçimdə çılpağam. O çılpağı çölə çıxarmağa utanıram. Qaranlıqda qışqırıram. Qulaqlarıma səs gəlmir. Gəlib-gəlib hardasa dilimə çatmamış azıb itir. Sovrulur. Yox olur. Birbaşa göndərilir içimdəki “Səslənilməmiş Fikir Qəbiristanlığı”na. Diri-diri gömülür. Və üstündən də minlərlə dua! Fəqət ölmür.

Xortlayacaq. Bilirəm.

Dəriüstü örtük də çılpağın səsini eşitməmək üçün əynimdədir zatən. Onların şəffaf olmağına baxmayın. Örtüklər – səskeçirməzdir! Əynimə dar qəlir. Taykeş geyilinliş qalın çəkmələr kimi narahat edir. Keyfiyyətsizdir. Dalayır. Fəqət sonralarıma rahatlıq verir. Əsas olan – sonralardır.

HƏR ŞEY SONRALAR NAMİNƏ!!!


DAR GEYİMİ SOYUNMAĞIN YÜNGÜLLÜYÜ...

Xarakterli insan üçün bu örtüklər fəlakətdir! Qat-qat örtüklər. Üst-üstə düzülər kiçik fəlakətlər toplusu. Zənn edək ki, bütövlükdə bu örtüklər bir bombadır və törətdiyi xətalar da onun qəlpələridir.

Öldürmək üçün bir qəlpə də yetərlidir.

Örtüyü geyin.

Və içində özünü öldür...

Mən heç cür bu örtükləri soyuna bilmirəm... Onlarsız özümü çılpaq hiss edirəm.

Yuxuda özünü ictimai yerdə çılpaq görən insanın qorxuluğu var içimdə.

Nədənsə mənə elə gəlir ki, bütün fikirlərimin əynində bir örtük olmalıdır – qarşı tərəfin ölçüsünə uyğun bir örtük. Fərq etmir, o mənim əynimədir, ya deyil.

Örtüklərim olmasa, hamıdan uzaqlaşa bilərəm. Əbədi. Sonsuzluq arzusu...

Daha yaxşısı geyinməkdir.

UÇUŞ

Mən içimdə məhbusam. Balaca bir pəncərəm var – ağzım. O yüksəklikdədir. Boyum çatmır ora gedib-çıxmağa. Boğazım uzundur. Ordan boylanıb çölə baxa bilmirəm heç cür. Ordan işıq da gəlir üstümə və mən dırnaqlarımı boğazımın divarlarına sıxıb yuxarı qalxmağa çalışıram. Sonra tüpürcək gəlir üstümə... İslanıram. Əriyirəm. Dırnaqlarımla boğazımı cıra-cıra qaranlığa enirəm. Sonra məni üşütmə tutur. Ölürəm. Sonra yenə pəncərədən işıq düşür üstümə. İsinirəm. Dirilirəm. Dırnaqlarımı itiləyirəm...

Anlayıram ki, mən özüm yoxam. Mən yoxluğu yaşayıram... Fəqət yoxluq da coğrafi amildir. Məsələn, mən burda yoxam. Bu o demək deyil ki, heç yoxam. Hardasa yerim görünür. Başqaları mənim adımdan danışırlar orda. Mənim fikrimdən çıxış edirlər orda. Və mən başqa səslə başqa pəncərələrdən çıxıb uçuram.

Burdasa məhbusam. Bura – mənəm.

Dırnaqlarımı itiləyirəm...

Dəliyəm?

Dəliliyin əl izləri qədər nisbi anlayış olduğundan xəbəriniz varmı? Məsələn, sizinçün “dəli” adının altında kim dayanırsa, başqası üçün dəlilikdən uzaq birisi dayanır.

Dəliliyin nə olduğunu müəyyənləşdirmək hər kəsin ağılla - dəlilik arasında olan sərhəd xəttinin daha çox hansı tərəfə yönləndiyindən asılıdır.

Bəli... Dəli heç vaxt dəliyə “dəli” demir, çünki o özü beynində sərhəd xəttini üfüqə dirəmiş birisidir. O, sərhəd xəttinin üstündə – üfüqdə oturub, ayaqlarını sonsuzluğa sallayıb “üfüqsüzlüyü” aydın şəkildə izləyə bilir. Verdiyi reaksiyaları isə “dəlilik” adlandırırlar. Sizcə kimlər?..

ENİŞ

Mən sadəcə qollarını boşluğa açıb öz dərinliyinə enən birisiyəm. Bu elə bir uçuşdur ki, bununla heç bir intihar uçuşu müqayisəyə gəlməz. İntihar uçuşunda beyin sürətlə işləyir. Öz içinə uçuşdasa sən – paraşütlə təyyarədən enən çəkisiz bir həşərat kimisən. Can atırsan dibə. Sürətlə enə bilmirsən.

Bilinmir enəcəyin yer də. Çəmənlikdirmi, susuz çöllükdürmü, yoxsa ki, lava?! Bilmirsən. Bilinmir. Heç vaxt bilinməyə də bilər. Ömür yarıda dayanacaqsa...

Bəli. Eniş hər zaman baş tutmur. Eləcə havada əl-qol atmaqla uçmaq da olar aşağı-yuxarı.

Əsas hədəfsə enişdir. Endikcə anlayarsan ki, dəyişikliyin qaçılmazdır və elə bu səbəbdən də həqiqət – yoxdur... Bu fikirlə barışmırsan. Davam edirsən.

Dibə yaxınlaşmaq arzusu bütün qorxuları üstələyir! Lavada ölüm ehtimalı – doğal olan yoxluq nəzəriyyəsinin dərkinə çevrilir. Burada bütün hisslər intuisiyaya çevrilir. İntuisiyalar insanı tərəvəzə çevirib onu öz beyinində qaynayan qazana atmağa xidmət edir.

Lava...

Qazan...

Lava = qazan.

Eyvanda birisi çay içir... Bu – mənəm. Kənardan belə görünürəm. Bu, icra etdiyim fiziki hərəkətdir. Əslində isə mən yenə öz dərinliyimə uçuş edirəm... Hazırda mən –

paraşütlə dərinliklərə enən böcəyəm.

“Çay yaşıldır. Adı yaşıldır ancaq rəngi solğun qəhvəyi. Görəsən, niyə?” – Bircə gözlərimlə gördüklərimdən doğan suallar mənim enişimə mane olur. Hərəkətlərim yox. İndi fincanın içində üzürəm. Daha enmirəm. Bu an paraşütüm tərpənməz duruşda qalmaqdadır.

Fincan dayazdır. Və mən qısa bir müddətdə onun içində üzüb çıxıram.

Mən qanadsız böcəyəm.

Paraşütüm yırtılıb və mən sürətlə sonsuz dərinlinliklərə enirəm. Bu sürət məni qorxudur. Qanadlarım yoxdur... Sürətli enişdən qopdular canımdan. Qanadlarım boy atmaycaq daha. Bilirəm.

Yuxarı yol yoxdur.

XS
SM
MD
LG